Məşəli qoruyub saxlamaq

 

Fransada Azərbaycanın mühacirət tarixi haqqında kitab nəşr olunub

 

 

Fransada tanınmış Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan mühacirəti tarixinin araşdırıcısı Ramiz Abutalıbovun tarix elmləri doktoru Georgi Mamulya ilə birgə hazırladığı “Məşəli qoruyub saxlamaq” adlı kitab işıq üzü görüb. Kitab Fransadakı səfirliyimizin dəstəyi ilə “Maisonneuve et larose” nəşriyyat evi tərəfindən çap olunub.

1920-1940-cı illərdə Azərbaycan mühacirətinin siyasi tarixinə həsr olunan kitabda mühacirətdə olan Azərbaycan siyasi partiya və təşkilatları rəhbərlərinin həmin dövrdə Azərbaycanın və Qafqazın müstəqilliyinin bərpasına maraq göstərmiş Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi nümayəndələri ilə münasibətləri dərindən təhlil edilib.

İndiyə qədər istifadə olunmamış arxiv sənədlərinə əsaslanan kitab bu illər ərzində Azərbaycanın siyasi mühacirət tarixinin ətraflı mənzərəsini təqdim edir. Nəşrdə 1920-1921-ci illərdə Azərbaycanın müstəqilliyinin bərpası uğrunda Tiflisdə aparılmış mübarizədən, vahid Qafqaz dövlətinin yaradılmasının ilk planlarından, 1921-1923-cü illərdə Azərbaycan diplomatik nümayəndə heyətinin Kann, GenuyaLozanna konfransları dövründə fəaliyyətindən, 1924-1931-ci illərdə “Prometey hərəkatı” çərçivəsində Polşa-Azərbaycan əlaqələrindən, 1931-1935-ci illərdə “Qafqaz Konfederasiyasının Brüssel Paktı” və “Prometey hərəkatı”nın Qafqaz mühacirləri qruplarının yenidən təşkilindən, 1939-1940-cı illərdə Azərbaycan mühacirəti və Qərb dövlətlərinin Qafqaz layihəsindən danışılır.

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.3.