Qazaxıstan səfirliyi “Qarabağa
kitabla gedək!” kampaniyasına qoşulub
Qazaxıstanın ölkəmizdəki səfirliyi Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək!” kampaniyasına qoşulub.
Aprelin 6-da səfir Serjan Abdıkarimov Azərbaycan Milli Kitabxanasında olub və qazax ədəbiyyatına dair 520-dən artıq kitabı kitabxanaya hədiyyə edib.
Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayıb, onları Azərbaycan Milli Kitabxanasında görməkdən şad olduğunu bildirib.
Səfir Serjan Abdıkarimov da Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edib. Diplomat Qarabağın işğaldan qurtuluşundan sonra Şuşaya səfər etdiyini və oradakı vəziyyətlə tanış olduğunu bildirib. Vurğulayıb ki, Şuşa səfərindən sonra o, “Qarabağa kitabla gedək!” kitabtoplama kampaniyasına qoşulmağı qərara alıb.
Sonra Kərim Tahirov qonaqlara Milli Kitabxananın fəaliyyəti barədə məlumat verib. Deyib ki, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələr genişlənir. O, Qazaxıstan səfirliyinin “Qarabağa kitabla gedək!” kampaniyasına qoşulmasına görə diplomata təşəkkürünü bildirib.
Direktor 30 illik işğal zamanı erməni vandalları tərəfindən Azərbaycanın yaşayış məntəqələrində 975 kitabxananın tamamilə məhv edildiyini və onların fondlarında olan 4,6 milyon nüsxədən artıq kitab fondlarının yandırıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, işğaldan azad olunan rayonların mərkəzi kitabxanaları və Azərbaycan Milli Kitabxanası adından bu vandalizm faktı ilə əlaqədar Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasına (İFLA) müraciət edilib.
Görüşdə eyni zamanda Milli Kitabxana
ilə Qazaxıstan səfirliyinin birgə layihəsi olan qazax yazarlarının
Azərbaycan dilində əsərlərinin elektron
bazasının yaradılması məsələsi ilə
bağlı da müzakirə
aparılıb.
Mədəniyyət.- 2022.- 8 aprel.-
S.3.