Ordubadinin 150 illiyi münasibətilə biblioqrafik göstərici hazırlanıb

 

 

Bu il görkəmli nasir, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadinin  (1872-1950) 150 illik yubileyi qeyd edilir. Yarım əsrə yaxın yaradıcılıq yolu keçən ədib yaradıcılığının ilk dövründə şair, “Molla Nəsirəddin”çi satirik kimi, dövri mətbuatda fəal jurnalist kimi, ən başlıcası isə, nasir, romançı olaraq ədəbiyyatımızın inkişafına mühüm töhfələr verib.

 

1933-cü ildə “Dumanlı Təbriz” əsəri ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan ədib sonrakı illərdə qələmə aldığı “Döyüşən şəhər” (1938), “Gizli Bakı” (1940), “Qılınc və qələm” (1946-1948) romanları ilə bu silsiləni davam etdirib, Azərbaycan tarixinin müxtəlif dövrləri haqqında oxucularda dolğun təəssürat yaratmağa çalışıb.

 

Ədibin yubileyi münasibətilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları tərəfindən “Məmməd Səid Ordubadi” adlı biblioqrafik göstərici tərtib olunub. Göstəricinin tərtibçisi Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin əməkdaşı Mətanət Əliyeva, redaktoru Sumqayıt şəhər MKS-nin direktoru, Əməkdar mədəniyyət işçisi Yeganə Əhmədovadır.

 

Mütəxəssislər, tədqiqatçılar, müəllimlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş göstəricidə Ordubadinin həyat və yaradıcılığının əsas tarixləri, kitabları və mətbuatda çap olunmuş əsərləri, publisistik yazıları, “Molla Nəsrəddin” jurnalında dərc edilən satirik şeirləri, felyetonları, sözlərinə bəstələnmiş musiqi əsərləri,  haqqında kitablardadövri mətbuatda yer almış məqalələr əhatə olunub.

 

Əsas etibarilə 1930-2021-ci illərdə dərc olunmuş materialları əhatə edən biblioqrafik göstərici Azərbaycan və rus dillərində tərtib olunub, materiallar xronoloji qaydada, daxildə isə əlifba sırası ilə qruplaşdırılıb. İstifadəni asanlaşdırmaq məqsədilə sonda yazıçının əsərlərinin, onun haqqında yazan müəlliflərin əlifba göstəriciləri də tərtib olunub.

 

Biblioqrafik göstərici S.Vurğun adına Mərkəzi Kitabxananın saytında (http://sumlib.az/) yerləşdirilib.

 

İnanırıq ki, tərtib olunmuş bu vəsait həm ədibin 150 illik yubileyinə dəyərli töhfə, həm də  Ordubadinin yaradıcılığı, şəxsiyyəti və fəaliyyəti ilə maraqlananlar üçün etibarlı mənbə olacaq.

 

Pərvanə Qasımova

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşı

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.7.