Beşbarmaq dağındakı arxeoloji tədqiqatlar müzakirə olunub
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Beşbarmaq” arxeoloji ekspedisiyasının 2021-ci ildə apardığı tədqiqatların yekununa dair tədbir keçirilib.
Tədbirdə məlumat verilib ki, arxeoloji qazıntılarla Beşbarmaq qalasının birinci terrasında qala divarları, 4 qala bürcü və 13 ev, ikinci terrasda isə qala divarı, 1 qala bürcü və 4 evin qalıqları təmizlənib. Əldə edilmiş arxeoloji materiallar əsasən orta əsrlərə aiddir.
Qazıntıların ən mühüm nəticəsi birinci terrasda Erkən Tunc dövrü – Kür-Araz mədəniyyətinə aid maddi mədəniyyət qalıqlarının tapılmasıdır. Bu təbəqədə saxsı qab qalıqları, daş əmək alətləri, daş büt aşkar edilib. Bütün bunlar təsdiq edir ki, hələ eramızdan əvvəl III minillikdən Beşbarmaq dağı bölgədə məskunlaşmış əhalinin sitayiş yeri – ibadətgah olub.
İnstitutun baş direktoru, professor Abbas Seyidov çıxışında vurğulayıb ki, Azərbaycanın bir neçə bölgəsində qədim ziyarətgahlardan sonrakı dövrlərdə də inanc yeri kimi istifadə olunması təcrübəsinə rast gəlinir. Abidədə tədqiqatların davam etdirilməsi Azərbaycanın qədim tarixinin bir sıra problemlərinin həllinə yardımçı olacaq.
Tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli çıxış edərək tədqiqatlar haqqında fikirlərini bölüşüb.
Qeyd edək ki, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində arxeoloji tədqiqatlar Dövlət Turizm Agentliyi və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında imzalanan müqavilə əsasında aparılır. Ekspedisiyaya dosent Səfər Aşurov və elmi işçi Sevinc Hüseynova rəhbərlik edirlər.
Mədəniyyət.- 2022.- 13 aprel.-
S.5.