Şuşada göstərəcəyimiz ilk tamaşa “Arşın mal alan” olacaq
Azərbaycanın qocaman, nəhəng sənət ocaqları sırasında Şuşa Dövlət Musiqili Dram Teatrının da özünəməxsus yaradıcılıq rolu var. Şuşada ötən əsrin 40-cı illərində dövlət statuslu teatr olsa da, sonradan mərkəzi hökumətin qərarı ilə Azərbaycanın bir sıra rayon-şəhər teatrları kimi özünümaliyyələşdirməyə keçirilib və fəaliyyətini dayandırıb.
Şuşa Dövlət Musiqili Dram Teatrı bir də 1990-cı ildə bərpa olunub. Amma yaradıcı kollektivin sevinci uzun sürməyib. 1992-ci ilin mayında Şuşanın işğalı ilə teatr da yurd-yuvasından didərgin düşüb.
Bu müddətdə teatrın əməkdaşları çox çətinliklərə, məhrumiyyətlərə dözərək Şuşaya qayıdacaqları günü səbirsizliklə gözləyiblər. 2020-ci ilin 8 noyabr Zəfəri ilə o gün gəldi və bütün xalqımız kimi Şuşa teatrının da nisgilinə son qoyuldu. 2022-ci ilin dövlət başçısı tərəfindən “Şuşa İli” elan olunmasını Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi də böyük ruh yüksəkliyi ilə qarşılayıb.
Kollektiv doğma şəhərə 32 il əvvəl, bərpadan sonra teatrın açılışında nümayiş olunmuş tamaşa – Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan”ı ilə qayıtmaq istəyir. Bu fikri AZƏRTAC-a müsahibəsində teatrın direktoru, Əməkdar artist Yadigar Muradov vurğulayıb: “Biz kollektivimizlə birgə söz vermişik ki, Şuşaya qayıdış başlayanda, hava şəraitindən asılı olmayaraq, məhz binamızın yerində, daşların üzərində “Arşın mal alan”ı oynayaq. Bu bizim arzumuzdur...”.
Direktor müsahibədə sənət ocağının tarixindən də söz açıb. Bildirib ki, Şuşanın mədəni mühiti bütün dövrlərdə sözlə, səslə, musiqi ilə, bir sözlə, incəsənətlə nəfəs alıb. XIX əsrin ortalarından Şuşanın mədəni həyatında bir canlanma duyulmaqda idi. 1848-ci ildə Şuşada tamaşaların oynanması üçün teatr və sirk səhnələri vardı. Bunu tarixi sənədlər də təsdiqləyir.
Şuşada teatrın təşəkkül tapmasında Əbdürrəhim bəy Haqverdiyevin əvəzsiz xidmətləri olub. Mütərəqqi ideyalarla zəngin olan Şuşanın teatr mühitinin təsiri ilə Qarabağın bir çox məkanlarında – Ağdamda, Füzulidə teatr truppaları yaradılıb. Şuşa teatr mühitinin yetirmələri sonradan Azərbaycan teatrının təşəkkül və inkişafında mühüm rol oynayıblar.
1943-cü ildə, müharibənin (1941-1945) çətin dövründə Şuşada Dövlət Musiqili Dram Teatrı yaradılıb. Bu, şəhərin mədəni həyatında bir sənət hadisəsi idi. Əzizağa Məmmədov teatra bədii rəhbər təyin olunub. Həmin il Şuşa teatrının iki aktyoru – Əzizağa Məmmədov və Cəlil Bağdadbəyov respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülüblər. Teatrın maraqlı repertuarı formalaşıb.
Lakin SSRİ Nazirlər Sovetinin 6 fevral 1949-cu il qərarına istinadən incəsənət beşiyi olan Şuşada dövlət teatrını bağlayıblar. Yadigar Muradov deyir: “Əgər, doğrudan da, maliyyə çətinliyi var idisə, niyə elə həmin ildə Maksim Qorki adına Stepanakert Dövlət Dram Teatrı açıldı?! O vaxtdan sonra Şuşada dövlət teatrı olmadı. Amma buna baxmayaraq, Şuşada daim teatr mühiti olub”.
Bundan sonra şuşalılar öz teatrlarını yaşatmaq üçün yerli həvəskarlardan ibarət dram dərnəyini formalaşdırıblar. Ötən əsrin 50-ci illərində dərnəyin repertuarında müxtəlif səpkili tamaşalar var idi. 1982-ci ildə Şuşada Mədəni-Maarif Texnikumunun açılması da şəhər mədəniyyət evinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin yaradıcı qüvvəsini xeyli gücləndirib: “Artıq öz repertuarı və istedadlı yaradıcı kollektivi ilə yaxın-uzaq bölgələrə səs salan dərnək 1987-ci ildən Şuşa Xalq teatrı adını daşımağa başladı. Bu teatrın tezliklə dövlət statuslu teatra çevriləcəyi artıq heç kəsdə şübhə doğurmurdu. Teatrsevər şuşalıların bu intizarına 1990-cı il mayında son qoyuldu. Azərbaycan Nazirlər Sovetinin 11 may 1990-cı il qərarına əsasən Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il tarixli əmri ilə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradıldı”, – deyə Y.Muradov bildirib.
Şuşada fəaliyyət göstərdiyi qısa müddətdə teatrda Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Özümüz bilərik” musiqili komediyasının, Eldar Baxışın “Uzun Həsən” tarixi dramının tamaşaya qoyulduğunu deyən direktor kollektivin 1992-ci ildən sonrakı həyatından da bəhs edib: “Şuşa teatrı 1992-ci ilin avqust ayında Bakıda Gənc Tamaşaçılar Teatrının binasında yerləşdirildi. Teatrın repertuarında müxtəlif janrlı əsərlər – S.Qənizadənin “Ayının min oyunu”, V.Qaufun “Xəlifə Leylək”, B.Appayevin “Gözəlləri necə qaçırmalı” kimi maraqlı tamaşalar vardı. Kollektiv tez-tez Vətən keşiyində duran əsgərlər qarşısında “Nəğmədir, gülüşdür hər dərdə məlhəm” tamaşa-konsert proqramı ilə də çıxış edirdi.
2005-ci ildə “Savalan” kinoteatrının binasını bizə verdilər. Lakin şəraitsizlik ucbatından biz burda tamaşalar göstərə bilmirdik. Mədəniyyət Nazirliyinin əmri ilə Bakıdakı teatrların səhnəsində ayda 2 dəfə bizim çıxış etməyimiz üçün şərait yaradılmışdı. Bu illər ərzində çox istedadlı həmkarlarımız az maaşa, şəraitsizliyə dözməyib getsə də, qalanlar da oldu. Üzeyir bəyin sözü olmasın, “bizə elə o qalanlar lazımdı”. Bu gün də teatrımızın yaşamasına səbəbkar onlardı. Sonra da bu bina əsaslı təmir olunaraq 2018-ci ildə Şuşa teatrına verildi. Hazırda burada fəaliyyətimizi davam etdiririk...”.
Kollektiv 2012-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən M.F. Axundzadənin 200 illik yubileyi münasibətilə keçirilən Milli Teatr Festivalında uğurla çıxış edərək diploma layiq görülüb. Sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə Tatarıstanın Kazan şəhərində keçirilən türk xalqlarının “Nauruz” Beynəlxalq Teatr Festivalında iştirak edib.
2018-ci ildə teatra verilən
binada yaradıcı fəaliyyət üçün zəruri şərait var. Teatrda 30-a yaxın
aktyor çalışır
ki, onlardan biri Xalq artisti,
5 nəfər Əməkdar
artistdir.
Direktor bildirir ki, hazırda
“Şuşa İli” ilə bağlı yeni bir tamaşa
üzərində ciddi
məşqlər gedir:
“Həmçinin repertuardan
çıxan bir çox tamaşalar vardı ki, biz onları yenidən bərpa edirik. Daha çox Qələbə əhval-ruhiyyəli əsərlər
üzərində işləyirik.
Çalışırıq ki, teatrın
repertuarı həmişə
yenilənsin, baxımlı
olsun. Teatrın 100 nəfərlik səhnə zalı həmişə dolu olub, pandemiyadan sonra isə qaydalara uyğun fəaliyyət göstəririk.
İlk
“Arşın mal alan” tamaşasını
səhnələşdirəcəyik, inşallah. “Səhnə”
teatrının bədii
rəhbəri Xəqani
Əliyev “Pənahəli
xan” tarixi dramını yazıb.
Nəzərdə tutmuşam ki,
bu əsər əsasında tamaşa hazırlayım. İnşallah,
Şuşaya qayıtdıqdan
sonra bu əsərə mütləq
müraciət edəcəyik...”.
Mədəniyyət.- 2022.- 13 aprel.-
S.5.