Azərbaycan maarifçiliyinin parlaq səhifəsi

 

 İrəvan Müəllimlər Seminariyası-140

 

“İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır”.

Bu fikirlər Prezident İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd olunması haqqında 29 dekabr 2021-ci il tarixli sərəncamında yer alıb.

İrəvan xanlığı çar Rusiyası tərəfindən işğal edildiyi dövrdə (1827) bu qədim Azərbaycan şəhərində dini təhsillə yanaşı, dünyəvi təhsil də mövcud olub. Çar rejimi Cənubi Qafqaza hakim olandan sonra xalqların könlünü almaq və onları öz tərəfinə çəkmək məqsədilə ilk olaraq mədəni-maarif sahəsində addımlar atır, o cümlədən yerli kadrları yetişdirmək üçün işlərə başlayır.

1829-cu ildə Zaqafqaziya məktəblərinin nizamnaməsi qəbul olunur. İrəvan şəhərində 1932-ci ildə ilk təhsil ocağı – ikisinifli qəza məktəbi yaradılır. Qəza məktəbi 1839-cu ildə üçsinifli, 1869-cu ildə dördsinifli progimnaziya (1917-ci ilədək Rusiya imperiyasında oğlanya qızlar üçün natamam orta məktəb) və nəhayət, 1881-ci ildə gimnaziyaya – İrəvan Müəllimlər Seminariyasına çevrilir.

 

Mənbələrdə bu seminariyanın fəaliyyət göstərdiyi dövrdə ümumilikdə 600-ə yaxın azərbaycanlının təhsil aldığı bildirilir. Onu da diqqətə çatdıraq ki, görkəmli Azərbaycan maarifçisi, ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olub.

 

Təhsil ocağının ilk əsasnaməsinə görə, müəssisəyə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilirmiş. 1875-ci ildə qəbul edilən “Müəllimlər seminariyaları haqqında təlimat”da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verilib. Rusiya Dövlət Şurası 20 oktyabr 1880-ci ildə “Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi haqqında” qərar qəbul edir. İrəvan Müəllimlər Seminariyası 8 noyabr 1881-ci ildə 9 müəllim və 42 tələbə ilə İrəvan Xalq Təsərrüfatı İnstitutunun indiki binasında fəaliyyətə başlayır. Seminariyanın ilk direktoru Yakob Stepanoviç Suşevski olur. Seminariyanın nəzdində hazırlıq sinfi, nümunəvi ibtidai məktəb də fəaliyyət göstərib. Tələbələr pedaqoji təcrübəni elə məktəbin özündə  keçiblər.

 

Digər seminariyalar kimi, İrəvan Müəllimlər Seminariyasında da təhsil 4 il olub. Hər il hazırlıq qrupunabirinci sinfə (kursa) tələbə qəbulu elan edilib. Birinci sinfə qəbul olunanlar ilahiyyat, rus dili, hesab, həndəsə, coğrafiya, tarixbiologiya fənlərindən imtahan veriblər.

 

Seminariyanın nəzdindəki məktəbin müdiri ayrı-ayrı vaxtlarda V.A.Muxin, A.Suvorov olub. Aşağı hazırlıq sinfində azərbaycanlı uşaqlara həftədə 5 saat rus dili və digər fənlər öyrədilib. Azərbaycanlı uşaqlar rus dili, rus adət-ənənəsi, tarix və coğrafiyasını öyrəndikdən sonra xristian uşaqları ilə bir yerdə oxuya bilərdilər. Ancaq aşağı hazırlıq sinfinə rus dilini bilməyən uşaqlar qəbul olunub. Siniflər komplektləşdirilərkən şagirdlərin hazırlıq səviyyələri nəzərə alınıb. Rus dilində danışmağı bacaran, müəyyən hazırlıq səviyyəsi olan şagirdlər yuxarı hazırlıq siniflərinə, yaxud birinci sinfə qəbul edilib.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Əməkdar elm xadimi Fərrux Rüstəmov araşdırmasında yazır ki, İrəvan Müəllimlər Seminariyasında dərs deyən ilk azərbaycanlı müəllim dövrünün görkəmli alimi, maarifçi-pedaqoq Axund Məmmədbağır Qazızadə olub. O, seminariyada 1897-ci ilə qədər ilahiyyat və Azərbaycan dilindən dərs deyib, daha sonra isə (1917-ci ilədək) yalnız ilahiyyat fənnini tədris edib. 1892-ci ildən başlayaraq seminariyada Azərbaycan dili dərslərini Mirzə Rəhim Xəlilov tədris edib. O, seminariyanı bitiribbu vəzifəyə müəllimi Axund Məmmədbağır Qazızadənin təqdimatı əsasında götürülüb.

 

Seminariyada Azərbaycan məktəbləri üçün müəllimlərin hazırlanmasında M.Qazızadənin böyük xidmətləri olub. O, bütün bilik və bacarığını müəllim kadrların hazırlığına sərf edib. Ayrı-ayrı vaxtlarda Axund Məmmədbağır Kazımzadə, Mirzə Məmmədvəli Qəmərli, Rəşid bəy Şahtaxtinski, Həmid bəy Şahtaxtinski, Cəfər bəy Cəfərbəyov, Məmməd Axundov, Axund Məmmədbağır Tağızadə, Mirzə Cabbar Məhəmmədzadə seminariyada şəriət və ya Azərbaycan dili fənnini tədris ediblər.

 

Onu da qeyd edək ki, İrəvan Müəllimlər Seminariyasında da təhsil ödənişli olub. Eyni zamanda tələbələrin müəyyən hissəsi dövlət vəsaiti hesabına oxuyub. Məsələn, 1907-ci ilin məlumatına əsasən, burada təhsil alan 70 nəfərdən yalnız 20 nəfəri öz hesabına oxuyub. Seminariyada azərbaycanlı, rus, erməni, gürcü və digər millətlərin nümayəndələri təhsil alıblar.

 

***

 

İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1884-cü ildə olub. Məktəbi həmin il 5 azərbaycanlı bitirib. XIX əsrin sonlarında Cənubi Qafqazda işləyən kənd məktəbləri müəllimləri və müdirlərinin xeyli hissəsi müxtəlif illərdə həmin seminariyada ekstern yolu ilə imtahan verərək müəllimlik hüququ qazanıblar. Seminariyanın pedaqoji şurasının qərarına əsasən, 1895-ci ildə Cəlil Mirzəyev, Tağı bəy Səfiyev, Məmməd bəy Qazıyev, 1902-ci ildə isə İbadulla bəy Muğanlınski, Cabbar Məmmədov, Şamdan Mahmudbəyov və başqalarına kənd müəllimi sənədi verilib. Məzunların təyinat üzrə kənd məktəblərində işləməsi məcburi olub. Seminariyanın 1910-cu il məzunu Mehdi Kazımova verilən sənəddən aydın olur ki, o, təyinat üzrə 6 il işləməlidir. Əks halda xəzinəyə 520 rubl ödəməlidir.

 

Əhməd bəy Qazıyev, Fərəməz Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, Əli Əşrəf Qazıyev, Abbas Qədimov, Mirzə Bağır Əliyev, İbrahim Şahtaxtlı, Vahid Musabəyov, Həbib bəy Səlimov, İbrahim Səfiyev, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev, Şamil Mahmudbəyov və başqaları ayrı-ayrı vaxtlarda seminariyanın məzunu olublar.

 

Seminariyanın bir sıra məzunları sonradan Azərbaycanda maarif və mədəniyyətin, ədəbiyyat və mətbuatın inkişafında silinməz iz qoyublar. Naxçıvanda doğulub Türkiyədə yaşamış məşhur rəssam İbrahim Safi (İbrahim Qafar oğlu Səfiyev; 1898-1983) Mustafa Kamal Atatürkün rəsmini çəkən (1924) ilk rəssamlardan olub. Onun Türkiyə ilə yanaşı, bir neçə Avropa ölkəsində sərgiləri təşkil edilib.

 

Haşım bəy Vəzirov (1868-1916) müxtəlif illərdə Azərbaycan və rus dillərində 7 mətbuat orqanının naşiriredaktoru olub. O, həmçinin “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xan-xan” komediyalarını qələmə alıb.

 

Şair Cəlil Mirzəyev (Mirzə Cəlil Mirzəyev – Şürbi; 1874-1915) maarifçiliklə məşğul olub, Cəlil Məmmədquluzadənin təşviqi ilə teatr hərəkatına qoşulub, Naxçıvan səhnəsində qadın rollarını canlandırıb. Onun Mirzə Cəlilin “Ölülər” əsərində Kefli İsgəndərin prototipi olduğu bildirilir.

 

Maarif xadimi Mirzə Bağır Əliyev (1882-1938) erməni daşnaklarının 1918-1920-ci illərdə Naxçıvanda dinc əhaliyə qarşı törətdiyi qırğınlardan bəhs edən “Qanlı günlərimiz” əsərinin müəllifi kimi də tanınıb. O, Naxçıvan səhnəsinin tanınmış simalarından Xalq artisti Zəroş Həmzəyevanın atası olub.

 

***

 

Seminariyaya ayrı-ayrı vaxtlarda Yakob Stepanoviç Suşevski, İvan Andreyeviç Pasyuteviç, Mixail Alekseyeviç Miropiyev, Valentin Vasilyeviç Dubromin rəhbərlik ediblər.

 

İrəvan Müəllimlər Seminariyası 1915-ci ildə şəhərin qərbindəki Sərdarabada (indiki Armavir) köçürülür və 1918-ci ilə kimi fəaliyyət göstərir. Həmin il ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımı səbəbindən seminariya fəaliyyətini dayandırır. Müəllimlərin və tələbələrin bir qismi amansızcasına qətlə yetirilir. Sağ qalanlar isə doğma yurdlarını tərk edərək Türkiyə və Azərbaycana sığınırlar...

 

Cəmi 37 il fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyası Azərbaycanda maarifçi mühitin inkişafında mühüm yol oynamaqla tarixi bir missiya yerinə yetirib, ayrıca bir mərhələ yaradıb.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.6.