Unudulmaz aktyor
xatırlandı
Milli teatr və kino sənətimizin inkişafında onun da öz yeri, öz payı var. Xarakterik rolları, səhnə siması, fərqli oyun üslubu onu tamaşaçıların sevimlisinə çevirmişdi.
Kütləvi tamaşaçının milli kino nümunələrindən də yaxşı tanıdığı görkəmli sənətkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti İsmayıl Osmanlı (1902-1978) anadan olmasının 120-ci ildönümündə yenə sevgi və ehtiram işığında xatırlandı.
Aprelin 10-da Akademik Milli Dram Teatrında müqtədir aktyorun həyat və sənət yoluna nəzər xarakterli xatirə gecəsi keçirildi.
Gecəni giriş sözü ilə Xalq artisti Hacı İsmayılov açaraq sənətkarın zəngin həyat və sənət yolu haqqında tamaşaçılara məlumat verdi. İsmayıl Osmanlını bu teatrın səhnəsində izləmək imkanına sahib olmasından qürurla söz açan aktyor onun müxtəlif çalarlı xarakterlərə sənət təcrübəsi və istedadı sayəsində mütləq fərqlilik qatdığını dedi. Bildirdi ki, İsmayıl Osmanlı dövrün böyük rejissorlarının da sevimli ifaçısı olub. Rolların miqyası arasında heç vaxt fərq qoymayan, özünün şöhrətinə, istedadına, keçdiyi böyük sənət yoluna rəğmən epizodik rollarda belə həvəslə oynayan aktyor məhz bu nüansa görə səhnəyə yeni gələn nəsillərə də yaxşı nümunədir.
İsmayıl Osmanlının Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərindən də danışan Hacı İsmayılov onun yaratdığı obrazlara nəzər saldı, zamanında dövlət tərəfindən layiqli qiymət aldığını qeyd etdi.
Diqqətə çatdırıldı ki, sənətkar vaxtilə bu teatrın səhnəsində görkəmli rejissor, SSRİ Xalq artisti Mehdi Məmmədovun quruluş verdiyi “Dəli yığıncağı” tamaşasında Hacı Naib obrazını fərqli kolorit və çalarlarla, yüksək ustalıqla yaradıb və ondan sonrakı aktyorlar onun rolundan bir nümunə kimi yararlanıblar. Vurğulandı ki, İsmayıl Osmanlının çəkildiyi ekran əsərləri – “Nəsimi”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm” və s. filmlər də onun böyük aktyorluq ustalığının nümunələridir.
Daha sonra yeni quruluş və səhnələşdirmədə teatrın repertuarında yer alan “Dəli yığıncağı” tamaşası nümayiş olundu.
Böyük ədib Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşçu rejissoru olduğu səhnə əsərinin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə tərtibatçısı Xalq rəssamı Nazim Bəykişiyevdir.
Səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), Cəfər Namiq Kamal (Hacı Mədinə), Hacı İsmayılov (Hacı Əbdül Əzim), Rafiq Əzimov (Nəcəfül Əşrəf), Əli Nurzadə (Kərbəlayı Türbət), Əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Elnar Qarayev (Hacı Naib), Elşən Cəbrayılov (Formasyon Rüstəm), Vüsal Mustafayev (Sərsəm Salman), Aslan Şirin (Həmzat Qurban), Əlvida Cəfərov (Hacı Məmmədəli), Mirzə Ağabəyli (Hacı Cəfər), Elxan Quliyev (Hacı İslam), Kazım Həsənquliyev (Məşədi Hacı), Mətanət Atakişiyeva (Məşədi Zeynəb) və başqaları rol alıb.
Onu da qeyd edək ki, tamaşa 2019-cu ildə C.Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb.
Həmidə
Mədəniyyət.- 2022.- 13 aprel.- S.5.