TÜRKSOY-da təhvil-təslim mərasimi
Sultan Raev
baş katib vəzifəsinin icrasına
başladı
Xəbər verildiyi kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY-un rəhbərliyində dəyişiklik baş verib. TÜRKSOY Mədəniyyət
Nazirləri Daimi Şurasının martın
31-də Bursada keçirilmiş
iclasında Qırğız
Respublikasının namizədi
Sultan Raev qurumun yeni baş katibi
seçilib.
Aprelin
12-də Ankarada, TÜRKSOY-un qərargahında
keçirilən mərasimdə
Sultan Rayev baş katib vəzifəsi missiyasını Düsen Kaseinovdan təhvil alıb.
Tədbirdə Türkiyənin mədəniyyət
və turizm naziri Mehmet Nuri
Ersoy, xarici işlər naziri Mövlud Çavuşoğlu,
Türk Dövlətləri
Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev, Azərbaycanın
Türkiyədəki səfiri
Rəşad Məmmədov,
eləcə də digər türkdilli ölkələrin Ankarada
fəaliyyət göstərən
səfirləri, digər
dəvətlilər, üzv
ölkələrin TÜRKSOY-dakı təmsilçiləri
iştirak ediblər.
Düsen Kaseinov çıxış
edərək bildirib ki, TÜRKSOY-da çalışdığı zaman özünü doğma mühitdə hiss
edib. Türk xalqlarının ortaq mənəvi dəyərlərini dünyanın
dörd bir tərəfinə yaymaqda
TÜRKSOY-un önəmli xidmətlərinin
olduğunu bildirən
D.Kaseinov bu təşkilatda xidmət etməkdən qürur duyduğunu bildirib və TÜRKSOY-un gələcək
fəaliyyətlərinə uğurlar arzulayıb.
D.Kaseinov çıxışında 1993-cü ildən fəaliyyət göstərən bu qurumun ilk rəhbəri olmuş və hazırda Azərbaycanın
Rusiyada səfiri olaraq çalışan Polad Bülbüloğlunun
xidmətlərini də
qeyd edib.
Sonra çıxış edən
Sultan Raev bildirib ki, TÜRKSOY-un Türk dünyasının gücləndirilməsində
önəmli xidmətləri
olub: “Haqqımda söylədiyi xoş sözlərə və diləklərinə görə
böyük qardaşımız
Düsen Kaseinova təşəkkür edirəm.
Bu gün TÜRKSOY tarixində mühüm bir gündür. Bir ənənəni layiqincə
yerinə yetirərək
Türk dünyasının
mədəni əməkdaşlığı
üçün yeni səhifə açırıq.
Belə bir mənalı gündə əcdadlarımızdan
bizə miras qalan türk mədəniyyətini, mənəvi
dəyərlərimizi qoruyub
zənginləşdirməyi özlərinin başlıca
vəzifəsi hesab edən sizlərlə bir yerdə olmaqdan çox xoşbəxtəm. Bu günə gəldiyimiz məqamda şanlı tariximiz, zəngin mədəniyyətimiz bizi
ayrılmaz bir bütöv edib. Əməkdaşlığımız dünya sivilizasiyasının
inkişafına da mühüm töhfələr
verib. Ötən dövrdə TÜRKSOY bütün dünyada nüfuz qazanaraq mədəniyyət sahəsində
əməkdaşlığımızın
əsas markasına çevrilib”.
Təşkilatın gələn il 30 illik yubileyini
qeyd edəcəyini vurğulayan baş katib deyib ki,
ötən müddətdə
türkdilli xalqlar arasında unikal mədəni körpülər
qurulub: “Bu körpülərin
memarlarından olan,
TÜRKSOY-a uzun illər
rəhbərlik edən
və böyük töhfələr verən
hörmətli ağsaqqallarımız
Polad Bülbüloğluna
və Düsen Kaseinova minnətdarlığımı bildirirəm. Təşkilatımıza son 14 ildə rəhbərlik
edən Düsen Kaseinovun adı ilə TÜRKSOY-un inkişaf
dövrü dərindən
bağlıdır və
o, ümumtürk mədəniyyətinə
böyük töhfələr
verib. Düsen bəyin adı
TÜRKSOY tarixinə qızıl
hərflərlə yazılıb
və inanıram ki, o, bundan sonra
da Türk dünyasına xidmət etməyə davam edəcək”.
Sultan Raev çıxışının
sonunda mərasim iştirakçılarına xitabən
deyib: “Hörmətli iştirakçılar, bu
çətin işdə
dəstəyiniz mənim
ən böyük köməyim olacaq. Birliyimizdə, ortaq mədəniyyətimizdə
daha güclü Türk dünyası yaradacağıq. Biz hər
zaman keçmişimizlə
fəxr etmişik və fəxr edə biləcəyimiz gələcəyi əl-ələ
verib birlikdə quracağıq...”.
TDT-nin Baş katibi Bağdad Amreyev çıxışında deyib ki, Türk dünyasında əməkdaşlığın əsas qayəsi mədəniyyət istiqamətindəki xidmətlərdir: “Türk birliyimizin xidmətində ilk mədəni əlaqələr TÜRKSOY vasitəsilə icra olunub”. B.Amrayev yeni baş katibə uğurlar diləyib və Türk Dövlətləri Təşkilatı olaraq bu quruma hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Türk dünyasının böyük ziyalısı İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” kəlamını xatırladaraq bildirib ki, TÜRKSOY da bu prinsiplərə uyğun fəaliyyət göstərir.
Nazir Mehmet Nuri Ersoy çıxışında Düsen Kaseinovun 2008-ci ildən TÜRKSOY-a rəhbərlik etdiyini xatırladaraq onun bu illər ərzində olduqca önəmli işlərə imza atdığını xüsusi qeyd edib: “Bu xidmətlərə görə Düsen Kaseinova borcluyuq. Ümid edirik ki, yeni rəhbərlik həmrəyliyimizi və birliyimiz daha da gücləndirəcək...”.
Çıxışlardan sonra Düsen Kaseinov TÜRKSOY Baş Katibliyinin təhvil-təslim simvolunu Sultan Raevə təqdim edib. Yeni və sabiq baş katiblər bir-birilərinə milli geyimlərini hədiyyə ediblər.
Beləliklə, Sultan Raev TÜRKSOY-un Baş katib vəzifəsinin icrasına rəsmən başlayıb.
Xatırladaq ki, Qırğızıstanın Xalq yazıçısı, tanınmış publisist Sultan Raev 2013-2014-cü illərdə ölkəsinin mədəniyyət, informasiya və turizm naziri olub, 2020-ci ildən Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini vəzifəsində çalışıb.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2022.- 13 aprel.-
S.1;2..