Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunda
Qırğızıstan səfiri ilə görüş
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə görüşüb.
Görüşdə Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi olan Qırğızıstanla əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Fondun prezidenti eyni zamanda Qırğızıstanın nümayəndəsi Sultanbay Raevin TÜRKSOY-un yeni Baş katibi seçilməsi münasibətilə səfiri təbrik edib.
Günay Əfəndiyeva bu günlərdə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursaya səfəri çərçivəsində Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamanqulovla görüşünü xatırladaraq, qırğız xalqının mədəni dəyərlərinin tanıdılması istiqamətində əlaqələrin vacibliyinə toxunub.
Səfir Kayrat Osmonaliyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının tarixinin, zəngin irsinin qorunması, öyrənilməsi, eləcə də türk xalqları arasında birliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən təqdirəlayiq tədbirlərin şahidi olduğunu vurğulayıb.
Fond ilə Qırğızıstan arasında tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq duyduğunu bildirən diplomat Qırğızıstanın böyük şəxsiyyətlərinin yubileylərinin qeyd olunması, Türk dünyasının qədim eposlarının, o cümlədən “Manas” kimi qəhrəmanlıq dastanlarının tədqiqi yönündə birgə aparılacaq işlərin önəmindən söz açıb.
Görüşdə tərəflər
arasında 2022-ci il üçün
birgə mədəni tədbirlər planı da
müzakirə olunub.
Mədəniyyət.- 2022.- 13 aprel.-
S.3.