Mədəniyyət Nazirliyi
və Qarabağ Dirçəliş Fondu əməkdaşlıq edəcək
Mədəniyyət Nazirliyi işğaldan azad olunan ərazilərdə bərpaya ehtiyacı olan tarixi-mədəni obyektlərin real vəziyyətinin təhlili, daşınar və ya daşınmaz mədəni irsin bərpası, yenidən qurulması və digər məsələlərdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq edəcək.
Bu məsələlər aprelin 7-də Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında imzalanan anlaşma memorandumunda əksini tapıb.
Memorandumu Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Memorandumun məqsədi işğaldan azad olunan ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası, yenidən qurulması və qorunması, işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına, inkişafa və bu ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir.
Sənəddə işğaldan azad olunan ərazilərdə mədəniyyət müəssisələrinin tikintisi sahəsində dövlət-özəl tərəfdaşlığı mexanizminin hazırlanması, bu ərazilərdə yaradıcı sənayelərin formalaşması prosesinin təşviqi və dəstəklənməsi kimi məsələlər də əhatə olunub.
Razılaşmada eyni zamanda tarix-memarlıq və arxeoloji abidələr üzrə aparılan təhlil və tədqiqatlar əsasında elmi nəşrlərin, Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, adət-ənənələri və digər dəyərlərinə həsr olunan, o cümlədən Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” və 2024-cü ildə “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi əksini tapıb.
İşğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi, ianələrin cəlb edilməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır. Bu baxımdan əməkdaşlıq Azərbaycan cəmiyyətinin və diasporun geniş dairələrini bərpa və yenidənqurma işlərinə cəlb etmək, erməni işğalı nəticəsində Qarabağa dəyən zərər haqqında məlumatlandırmaq məqsədilə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin aparılması, ianə mədəniyyətinin təbliği kimi əhəmiyyətli məsələləri də əhatə edəcək.
Mədəniyyət.- 2022.- 13 aprel.-
S.3.