Tarixçi-etnoqraf, akademik Teymur Bünyadov dünyasını dəyişib

 

Tanınmış tarixçi-etnoqraf, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov 2022-ci il aprelin 8-də, ömrünün 95-ci ilində vəfat edib.

 

Akademik Teymur Bünyadovun vəfatı ilə bağlı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, elm xadimləri adından rəsmi nekroloq yayımlanıb.

 

Nekroloqda bildirilir ki, Teymur Bünyadovun vəfat etməsi Azərbaycan elmi ictimaiyyətinə ağır itkidir.

 

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra o, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alıb, 1951-ci ildə isə SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olubburada 1955-ci ildə namizədlik dissertasiyası müdafiə edib.

 

1955–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb, 1993-cü ildən ömrünün sonunadək AMEA-nın hazırkı Arxeologiya, EtnoqrafiyaAntropologiya İnstitutunda Tarixi etnoqrafiya şöbəsinin müdiri olub.

 

Teymur Bünyadov 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək arxeologiyaetnoqrafiya elmləri sahəsində respublikamızda ilk tarix elmləri doktoru alimlik dərəcəsi alıb, 1970-ci ildə professor elmi adına layiq görülüb. O, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

 

Nekroloqda qeyd olunur ki, akademik Teymur Bünyadov yarım əsrdən artıq bir dövr ərzində respublikada etnoqrafiya elminin inkişafına sanballı töhfələr verib. Alim Azərbaycanın tarixşünaslıq baxımından xüsusi əhəmiyyət kəsb edən qədim dövrlərinin bir sıra problemlərini araşdırıb, 30-dan çox kitab və monoqrafiyanın, yüzlərlə məqalənin müəllifidir. Alimin Azərbaycanda əkinçilik ənənəsi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyət, sənətkarlıq və xalq məişəti ilə bağlı silsilə tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb və lazımınca dəyərləndirilib. Azərbaycanın etnoqrafiyasına dair fundamental üçcildlik onun bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə işıq üzü görüb.

 

Teymur Bünyadov yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük qüvvə sərf edib. O, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə ahəngdar şəkildə əlaqələndirərək uzun illər ölkənin aparıcı ali təhsil ocaqlarında mühazirələr oxuyub. Bir sıra mötəbər beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil edib. O, eyni zamanda bədii və publisistik fəaliyyəti ilə tarixi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin təbliğində təqdirəlayiq xidmətlər göstərib.

 

Teymur Bünyadov respublikanın elmi-mədəni həyatında yaxından iştirak edib, fəal ictimai işlə məşğul olub, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin (1995-2000) deputatı seçilib.

 

Akademik Teymur Bünyadovun uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan elminin inkişafında xidmətlərinə görə o, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

 

Görkəmli alim, səmimi insan Teymur Bünyadovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.6.