Leyli və Məcnun”un ilk tamaşasında səhnəyə çıxmışdı ...

 

 

Şuşa şəhərinin yetirdiyi sənət adamları təkcə Qarabağ elində deyil, bütövlükdə ölkəmizdə mədəni həyatın inkişafına öz töhfələrini veriblər. “Şuşanın simaları” rubrikasında bu dəfə musiqişünas, görkəmli səhnə xadimipedaqoq Mirzə Muxtar (Məmmədov) haqqında söz açacağıq.

 

Mirzə Muxtar 1841-ci ildə Şuşada ustad tarzən kimi tanınan Mirzə Əli Əsgər Qarabağinin ailəsində dünyaya göz açıb. İlk təhsilini Şuşa mədrəsəsində alır, ərəb və fars dillərini öyrənir. Sonradan rus dilini də mənimsəyir. Şəxsi mütaliə yolu ilə Şərq və Azərbaycan klassik ədəbiyyatını dərindən öyrənir. Rus dilini bildiyi üçün XIX əsrin 60-cı illərində Şuşanın “Qış klubunda bu dildə səhnələşdirilən tamaşalara gedir. Bu tamaşalar onda teatr sənətinə maraq oyadır. Mirzə Muxtar 1870-ci ildə yerli ziyalıları ətrafına toplayıb Şuşa şəhərində M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoyur. Bu, ilk teatr tamaşası kimi şəhərin mədəni həyatında müsbət rol oynayır. O, 1873-cü ildə teatr həvəskarlarının köməyi ilə  “Hacı Qara”nı yenidən səhnələşdirir.

 

Sənətkarın milli teatr tariximizdəki unudulmaz xidmətlərindən biri də səhnədə ilk dəfə qadın rolunda çıxış etməsidir. Onun səhnə fəaliyyətinin 40 illiyi ilə bağlı “Kaspi” qəzeti 9 may 1913-cü il tarixli nömrəsində yazıb: “Mirzə Muxtar Məmmədov müsəlman səhnəsinin ilk həvəskar artistlərindən biridir. O, birinci dəfə Şuşa şəhərində “Hacı Qara” pyesində oynayıb. Müsəlman səhnəsi üçün onun xidmətləri ona görə qiymətlidir ki, o zaman səhnədə oynamaq mürtədlik hesab olunurdu. Bu işə cəsarət edənlər dindarlar tərəfindən təqib olunurdu. Həm də o dövrdə qadın rolunda səhnəyə çıxmaq böyük qəbahət sayılırdı...”.

 

Mirzə Muxtar 1870-1882-ci illərdə Şuşada göstərilən teatr tamaşalarının təşkilatçısı və iştirakçısı olub. Aktyor 1883-cü ildə Gəncəyə, sonra isə Tiflis şəhərinə köçür. Bir neçə il orada müəllimlik edir. Eyni zamanda yerli teatr həvəskarları ilə tamaşalar göstərir.

 

1899-cu ildə Bakıya gələn Mirzə Muxtar burada da bir müddət müəllimliklə məşğul olur. 1905-ci ildə pedaqoji fəaliyyətini dayandıraraq taleyini həmişəlik teatr sənətinə bağlayır. Üzeyir Hacıbəyli 1908-ci ildə “Leyli və Məcnun” operasının ilk tamaşasında Məcnunun atası obrazını ona həvalə edir. Bununla yanaşı, o, tamaşanın hazırlanmasında Üzeyir bəyin ən yaxın məsləhətçisi və köməkçilərindən biri olur. Həmin dövrdən Mirzə Muxtar opera səhnəsində fəaliyyətini davam etdirir. “Əsli və Kərəm”də Kərəmin atası, “Aşıq Qərib”də Xacə, “Şah İsmayıl”da Rəmmal, “Fərhad və Şirin”də Şapur rollarını yüksək sənətkarlıqla ifa edir.

 

Onun səhnə ifaçılığının pərəstişkarından biriÜzeyir bəy olub. Əməkdar artist Cəlil bəy Bağdadbəyov xatirələrində yazır ki, “Leyli və Məcnun” tamaşası göstərilərkən Üzeyir bəy həyat yoldaşı Məleykə xanımla bir sırada oturardı. Mirzə Muxtarın ifasında Məcnunun atasının ariyasını hər dəfə maraqla dinləyərdi.

 

Mirzə Muxtar aktyor kimi milli səhnəmizlə yanaşı, qonşu ölkələrdə də operamusiqili komediya tamaşalarında çıxış edib. O, fitri istedadı, məlahətli səsi və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların dərin rəğbətini qazanıb. Onun sənət şöhrəti həm də muğamata, ümumilikdə musiqi elminə dərindən bələd olmasından qaynaqlanırdı. Ərəb, fars dillərini yaxşı bildiyindən qəzəlləri aydın, rəvan və düzgün tələffüz edib. Buna görə də dinləyici onun istər bəmdə, istərsə də zildə oxuduğu sözləri asanlıqla qavrayıb.

 

Araşdırmalarda göstərilir ki, Mirzə Muxtar tamaşaçıları öz ehtiraslı oyunu ilə ovsunlayarmış. Kimliyindən asılı olmayaraq, hər kəs səhnədəki hadisələrə qəlbən bağlanar və təsirlənərmiş. Təsadüfi deyil ki, 1913-cü ildə Bakının teatr ictimaiyyəti, milli teatr tariximizdə Mirzə Muxtarın müstəsna rolunu nəzərə alıb onun səhnə fəaliyyətinin 40 illik yubileyini keçirir. Dövri mətbuat bu əlamətdar hadisə haqqında elanlar verir. “Kaspi” qəzeti Mirzə Muxtarın şəkli ilə birgə verdiyi bir xəbərdə yazırdı: “Bu gün “Tağıyev teatrı”nda “Nicat” cəmiyyətinin təşəbbüsü ilə müsəlman səhnəsinin ən yaşlı və təcrübəli fədaisinin 40 illik səhnə fəaliyyəti bayram edilir. Bakı müsəlmanlarından kim Mirzə Muxtarı tanımır? Mirzə Muxtarı nəinki fədakar səhnə xadimi kimi, eyni zamanda onu təvazökar xalq müəllimi kimi də tanıyırlar. Bakının bir çox müsəlman ziyalıları onun yetirməsidir...”.

 

Mirzə Muxtar 1919-cu ildə 78 yaşında səhnə ilə vidalaşır. Hacıbəyli qardaşlarının təşəbbüsü ilə Azərbaycan teatr mədəniyyəti tarixindəki xidmətləri nəzərə alınaraq ona ayda 500 manat təqaüd təyin edilir. Bundan sonra ömrünü musiqişünaslığa həsr edən sənətkar 7 yanvar 1929-cu ildə, 88 yaşında  dünyasını dəyişir. O zamanKommunist” qəzetində dərc edilən nekroloqda yazılmışdı: “Türk səhnəsinin bütün ağırlıqlarını çiyinlərində keçirmiş, uzun ömrünün çox və dəyərli bir hissəsini bu səhnədə çalışmış ən qoca aktyor Mirzə Muxtar həyat səhnəsindən həmişəlik olaraq çəkildi...”.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 15 aprel.- S.6.