Qan yaddaşımızın
“Tanrı yoxuşu”ndan
keçən səhifəsi
Kəlbəcərin işğalı
zamanı yaşanan daha
bir müsibətdən bəhs edən
kitabın təqdimatı
Birinci Qarabağ müharibəsi zamanı baş verən dəhşətli və amansız hadisələrin çoxundan bu günə qədər də xəbərsiz qaldıqlarımız var. Bunlardan biri də 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edərkən mühasirədə qalanların üzləşdiyi müsibətlərdir.
Laçının Fərraş kəndində qalan 25 əsgərin mühasirə gündəliyi, düşmənlə mübarizə aparan 50-dən çox hərbçinin, Kəlbəcərin Zar, Qaraçanlı, Çıraq və digər kəndlərində mühasirədə qalmış 300-dək mülki sakinin taleyi, onların başına gələnlər, ermənilərin törətdiyi qətliamlar və vandalizm hərəkətləri, qarlı-çovğunlu havada sərt təbiətlə, azğın və amansız düşmənlə ölüm-dirim mübarizəsi aparanların üzləşdikləri məhrumiyyətlər, həyat mücadiləsi olduqca dözülməz, dözülməz olduğu qədər də ağrılı və faciəlidir.
Bu barədə əslən Kəlbəcərdən olan araşdırmaçı-jurnalist Elxan Salahovun qələmə aldığı “Tanrı yoxuşu” kitabında bəhs olunur. Aprelin 13-də Milli Kitabxanada kitabın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Kəlbəcərin işğal günlərindən, acı xatirələrdən bəhs edən kitabın həmin tarixi öyrənmək sahəsində sənədli esselər toplusu olduğunu deyib. Bildirib ki, kitabda erməni quldurlarının mühasirəsinə düşənlərin başına gətirilən müsibətlər konkret faktlar və şahid ifadələri əsasında təsvir edilib. Direktor qeyd edib ki, bu mövzuda kitablar yaşadığımız ağrı-acılı tarix, qan yaddaşımız haqqında gələcək nəsillərə ərməğandır.
Təqdimat mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Azərnəşr”in direktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov kitabla bağlı fikirlərini bölüşüblər.
Qeyd edilib ki, kitabın hər fəsli ayrıca bir əsər mövzusudur. Müəllif hadisənin iştirakçıları, şahidləri ilə dəfələrlə görüşərək yaxın tariximizin ağrılı səhifələrindən biri haqqında olduqca maraqlı bir kitab ərsəyə gətirib. Kitabda ayrı-ayrı şahidlərin söylədikləri xatirələrdən başqa, həm də Kəlbəcər şəhidləri haqqında da məlumatlar verilib. Bu mövzuda kitabların hamısı bir salnamədir. Qeyd olunub ki, Elxan Salahovun bundan öncə qələmə aldığı “Qanlı kaha” kitabında Kəlbəcərin işğalının acı bir səhifəsi, Başlıbel kəndində törədilən kütləvi qətliam təsvir olunub.
Çıxış edənlər müəllif Elxan Salahova bu mövzuda yeni kitabın ərsəyə gəlməsinə görə təşəkkürlərini bildirərək yeni yaradıcılıq uğurları arzulayıblar.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, ehtiyatda olan polkovnik, keçmiş komandir Balay Nəsibov, Milli Aviasiya Akademiyasının dosenti Aqil Əsədov, energetik Arif Süleymanov, pedaqoq Sabir Mirzəyev mühasirə günlərinin canlı şahidləri Rizvan Rzayev, Şahlar Muradov və başqaları hər sətri ağrı-acı, göz yaşı ilə yazılmış kitabın Kəlbəcərin erməni işğalından sonrakı həyatına, erməni vandallarının törətdikləri qətliamları, qanlı cinayətləri əks etdirən tutarlı mənbə olduğunu qeyd ediblər.
Çıxış edənlər diqqətə çatdırıblar ki, müəllif yaxın tariximizin ağrılı səhifələrindən biri haqqında olduqca maraqlı bir kitab ərsəyə gətirib. Kitabın hər səhifəsi ürəkparçalayan, sinə dağlayan, heç cür soyuqqanlı oxumaq mümkün olmayan əhvalat və hadisələrlə doludur. Müəllif “Tanrı yoxuşu” kitabında uzun illər işğal altında qalan torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən Vətən müharibəsində qazanılan şanlı Zəfərə və onun iştirakçılarına da yer ayırıb.
Sonda kitabın müəllifi Elxan Salahov çıxış edərək tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə, həmçinin tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Mədəniyyət.- 2022.- 15
aprel.- S.6.