“Teatr zamanın özü qədər
ciddi bir oyundur”
Xalq artisti Vaqif Əsədov: “İstərdim
ki, teatr sahəsi ayrı bir modelin arxasınca getdiyi istiqamətdən
geri dönüb öz yoluna, estetikasına, poetikasına
qayıtsın...”
Müraciət etdiyi hər bir mövzunu özünəməxsus şəkildə, çağdaş tamaşaçını təsirləndirən formada quran tanınmış rejissor, Xalq artisti Vaqif Əsədov bu ay 75 illik yubileyini qeyd edir. Yubilyar sənətkarla danışıb görüş yerini təyin edəndə İçərişəhərə, hazırda çalışdığı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə gəlməyimizi təklif etdi.
Yaradıcılıq mərkəzinə daxil olub, buradakı pozitiv ab-havanı görəndə ilk sözüm “Vaqif müəllim, nə gözəl yerdə məkan eyləmisiz” olacaqdı. Lakin həmsöhbətimin özünəməxsus yumoru, fikirləri və yanaşması ilə söz bizi, biz də sözü tutub uzaqlara getdik...
– 2019-cu ildə, “Nəsimi İli”ndə bu mərkəzdə tamaşa hazırladım, elə o vaxtdan buradayam. Bu ocaq mənə çox doğma gəlir, özümü rahat hiss edirəm. Burada ənənəvi teatrdan qaça bilirsən, daha çox sərbəstlik var, müxtəlif formalarda işləmək mümkündür. Adi bir poeziya gecəsini biz tamaşaya çevirə bilirik. Amma eyni zamanda çətinlikləri də var. Gərək elə seçim edəsən ki, düz olsun. Boynuma alıram, bəzən bir işi başlayırsan, görürsən səhv yoldasan, tez qayıdırsan...
– Vaqif Əsədov bu yaşında, bu peşəkarlıqla seçimində səhv edə bilirmi?
– Əlbəttə olur. Teatrın çox
vacib bir sirri var. Mən bunu dəfələrlə
vurğulamışam. Bizim bir xalq, millət
kimi özümüzün canımızda olan teatr
rüşeymi ki var, bax o rüşeymlə gedirsən o
dövrə və baxıb görürsən ki, sözün əsl
mənasında, orada teatr deyilən bir anlayışın
dolğun variantı yaşayırmış. Biz indi onun adına meydan teatrı deyirik. Yəni
teatr bir oyundur. Amma bu oyun zamanın
özü qədər ciddi bir oyundur. Bu
oyunu saxlamaq və yaşatmaq üçün gərək daim
özünə deyəsən ki, sən teatrdasan. Bəzən reallıq adamı aparır və bu təbiidir.
Gedirsən o reallığın arxasınca və
sevindirici haldır ki, yarı yolda sən bu reallığı
anlayıb geri dönürsən.
–
Deyirsiniz ki, teatr ciddi bir oyundur. Teatr daha ciddi
oyundur, yoxsa həyat?
– Həyatın
öz həqiqətləri var. O, gözlənilməzlikləri
ilə hazır olmadığın hadisələrə səni
tuş edir. Qəfildən bu ciddiliklə
üz-üzə qalıb nə edəcəyini bilmirsən.
Teatrda isə bir az fərqlidir. Teatrda sən başına gələcəyindən
xəbərdarsan, amma bunu o qədər məharətlə
oynamalısan, bu oyunu bütün səmimiliyi ilə elə qəbul
etməlisən ki, sənə baxan tamaşaçı bunun, həqiqətən
də, indi baş verdiyinə, sənin bu situasiyaya indi
düşdüyünə inana bilsin. İndi
özünüz deyin, bunun hansı daha çətindir? Yaşantı baxımından həyat daha
ağırdır. Oynayıb, yaşamaq
baxımından isə teatr daha çətindir. Bilirsiniz, tamaşaçı pul ödəyib gəlir
teatra və bilir ki, oradakı aktyor Vaqifdir, Həsəndir.
Bilir ki, həmin əsəri filan
yazıçı yazıb, hadisəni də bilir. Amma
onun təskinliyə ehtiyacı var. İnsan bütün bunları
bilə-bilə öz daxili
çırpıntılarını bu qəhrəmanlarla
bölüşür və bir az təsəlli
tapır. Düşünür ki, hər halda mənim
vəziyyətim Aydının halından daha
yaxşıdır. İnsanın teatra
doğuluşundan ehtiyacı var. Olmasaydı, o, musiqini,
teatrı, rəssamlığı yaratmazdı. Bu mənada
deyirlər ki, Tanrı öz yaratmaq qabiliyyətindən bir az da insana verib. Məncə, bir az
yox, daha çox verib.
– İnsan və həyat həqiqətlərindən
danışdınız. Bəs bugünkü teatrın həqiqəti
nələrdir?
–
Ağrılı sualdır. Mən
ömrümün böyük hissəsini teatra həsr
etmişəm. Mənim kimi yüzlərlə
insan. Ömrünü həsr etdiyin sənətin
ağır xəstə olduğunu görəndə ona necə
yanaşa bilərsən. Başa düşürəm
ki, həyat belədir: eniş-yoxuşlu, tənəzzüllü,
yüksəlişli. Teatrda da belə olur. Amma çox istərdim
ki, bu sahə dərin, savadlı şəkildə qurulsun.
Ayrı bir modelin arxasınca getdiyi yoldan geri dönüb
öz yoluna, öz estetikasına, öz poetikasına
qayıtsın. Bunun üçün köklü iş
görmək lazımdır. Bəzən
düşünürlər ki, mən çox sayda teatrın
olmasının əleyhinəyəm. Yox, teatrın hər
şəhərdə, hər rayonda olması daha
yaxşıdır. Ancaq onun həyat tərzi tamam başqa
olmalıdır. Qonşudakı kostyumun eynisini geyinməyin nə
mənası var ki. Məsələn, Şəki
başdan-ayağa yumordur. Şəkililər bu yumorla
yaşayır. Deməli, orada satira, yumor teatrı
olmalıdır. Qazaxın sağı-solu aşıq, ozan sənətidir:
Borçalıdan Kəlbəcərə, Göyçədən
Gədəbəyə qədər. Orada standart dram teatrının nə
mənası var. Şuşa bir
muğamdır. Heç bilirsiniz ki, adi
“Segah”ın içərisində neçə dram hadisəsi
var. Hər bir hadisə də bir tamaşanın fabulasıdır.
Burada adi bir teatrın nə mənası var.
Şuşada məhz muğam teatrı yaratmaq lazımdır.
Bir sözlə, teatr yaşamalıdır.
Bu gün bizim artıq imkanımız var ki,
milli mənəviyyatımızın kökünə söykənən
teatr mədəniyyətini davam etdirək. Bütün sadaladıqlarımız olandan sonra biz
Azərbaycan teatrı deyə biləcəyik. Dövlət
pul da verir, maaş da. Ancaq
görüləcək işlər çoxdur və
bunları həyata keçirmək üçün vaxt tələb
olunur. Nə vaxtsa başlamaq
lazımdır. Hər dəfə gecikirik,
gecikirik, gecikirik və sonra da başlayırıq bir-birimizi
qınamağa (Vaqif müəllim bu yerdə dərin köks
ötürür). Ümid edirəm ki,
inandığım gənclər arzuladığım
teatrı yaradacaqlar...
– Naxçıvanda “Cavid” poeziya teatrını
yaratmısınız. Bakıda dahi şairin 135 illik yubiley tədbiri də bir
ayrı möhtəşəmliklə yaddaşlara
yazıldı...
– Sondan
başlayıb əvvələ qayıtsaq, bu tədbir illərin,
bəlkə də on illərin enerjisi idi. Yarımçıq
qalmış hisslərimin, düşüncələrimin,
duyğularımın və deyilməmiş sözlərimin
toplumu idi həmin yubiley tamaşası. İnanın
mənə, o tamaşanı bir həftə ərzində
hazırladım. Bəzən adam
düşünər ki, o boyda Cavid poeziyası bir həftəyə
necə sığa bilər. O günün
tamaşasının sonunda dayanıb geri dönüb baxsam, yəqin
80-ci illərin əvvəlini xatırlayaram. Həmin
dövrdə ulu öndər Heydər Əliyev Hüseyn
Cavidin 100 illik yubileyi ilə bağlı qərar vermişdi və
o qərarın da bir bəndi Naxçıvan teatrının
nəzdində “Cavid” poeziya teatrının yaradılması
idi. Tam səmimi deyirəm, o vaxt məni
çağırıb bu teatrı sənə
tapşırırıq desəydilər, yaxına
durmazdım. Təbii ki, məsuliyyətin
ağırlığına görə. Bakıda
bir sıra sənət adamlarına müraciət olunsa da, həmin
müraciətlərə müsbət cavab gəlmədi.
Seçilmiş bina da vaxtilə müxtəlif
istiqamətlərdə istifadə edilmiş bir məscid idi.
Mən Gəncəyə gedib “Nizami” poeziya teatrı ilə tanış oldum. Gördüm o
başqa bir üslubdadır. Heç kimi
gözləmədən öz içimdə doğulan
teatrı yaratmağa başladım. Kəmalə
Ağayevanın “Mənim tanrım gözəllikdir, sevgidir” mənzum
pyesi əsasında ilk tamaşamızı təqdim etdik.
1 saat 15 dəqiqə davam edən tamaşada 72
obraz var idi. 12 aktyor hər biri bir neçə
obrazda oynadı. Tamaşa Cavidin nəşi
Naxçıvanda dəfn olunan gün (3 noyabr 1982-ci il – red.) göstərildi. Bakıdan
gələn bütün qonaqlar tamaşanı izlədi.
80 nəfərlik zal idi. Tamaşadan sonra
heç kim mənə Şeyx Sənanın
saqqalı hanı, filan obrazın əlbəsəsi hanı
demədi. Bizim meydan teatrının şərtlərindən
ən vacibi budur – inandırmaq. O zaman başa
düşdüm ki, mən düzgün yol seçmişəm.
Bir dəfə
özüm Cavidi oynayanda monoloqda belə bir fikir var idi: “Ay
dünya, səndə nələr var...”.
Birdən bu məqamda birinci sırada oturan
tamaşaçı əyilib yapışdı
ayağımdan və dedi ki, “Cavid əfəndi, bizi
bağışla!”. Demək,
sən bütün duyğuları səmimi və dolğun
ötürə bilirsənsə, elə bu,
tamaşaçıya bəsdir. Poeziya
teatrında bir-birinin ardınca çoxsaylı tamaşalar
hazırladıq.
– Aktyor,
yoxsa rejissor Vaqif Əsədov?
– Mən
bu sənətə gəlməyə hazırlaşanda həyətimizin
başında bir budka düzəltmişdim. İşıq
çəkib, dəmir çarpayı qoyub
köçmüşdüm ora. Orada gecələr
oxuyub imtahana hazırlaşırdım. Həmin
gecələrin birində Cəfər Cabbarlını təzədən
mütaliə edəndə gəldim çıxdım
“Aydın”a. O gecə başqa bir Vaqif doğuldu.
İnstituta qəbul olunanda məqsədim o idi ki,
bütün bu duyğuları səhnədən deyə bilim.
İllər keçdi, düzünü desəm,
özümə bir aktyor kimi inamım da yox idi. Çox
qısa müddətdən sonra mən başladım
rejissorlara kömək etməyə, assistent, ikinci rejissor
olmağa... Artıq başa
düşürdüm ki, mən bu sahədə daha çox
söz deyə bilərəm. Bir neçə
yoxlama tamaşadan sonra məni rejissorluğa təsdiq etdilər.
Aktyorluqdan rejissorluğa keçiddə
maaşım 100 manat azaldı. Amma
sevincimin həddi-hüdudu yox idi. Ondan sonra Moskvaya kurslara
getdim və s. Teatr sənətinin möcüzəsini ilk
növbədə aktyor olanda duymuşam. Sonra
rejissorluqda.
Bizim nəsil hansı sahədə
çalışmasına baxmayaraq, işinə məsuliyyətli
yanaşırdı. O zaman Naxçıvanın teatr coğrafiyası
çox dar idi. Neçə ildə bir dəfə
Bakıya gəlib tamaşa oynayırdılar. Necə oldusa, biz Moskvaya, hətta beynəlxalq
festivallara qədər gedib çıxdıq. Bunu ona
görə deyirəm ki, insan istəsə, çox şeyə
nail ola bilər...
– Siz eyni
zamanda bir sıra irimiqyaslı dövlət tədbirlərinin
də quruluşçu rejissoru və ssenari müəllifi
olmusunuz...
– Bu,
tamamilə başqa bir dünyadır. Naxçıvandan
Bakıya gəldikdən sonra haradasa beş
il bu sahədən uzaq oldum. Ulu öndər Heydər Əliyev
1994-cü ildə Mirzə Cəlilin 125 illik yubileyi ilə
bağlı fərman verdi. Quruluş
verdiyim bu yubiley tədbiri dövlət tərəfindən
yüksək qiymətləndirildi. Sonra
Hüseyn Cavidin 120 illiyi, Səməd Vurğunun 100 illiyi, Həsən
Turabovun 80 illiyi və bir çox yubiley tədbirlərini
hazırladım.
– Bir də
həyatınızın Gənc Tamaşaçılar
Teatrı səhifəsi var...
–
Bakıya gələndə bu teatrı özüm seçdim.
Çünki orada Azər Paşa tələbə
yoldaşım idi. Aktyor heyəti də mənə
doğma idi. Həm də etiraf edim ki, Akademik Milli Dram Teatrından
çəkinirdim. Bu o demək idi ki, biz sənətə
daha ciddi münasibət bəsləyirdik. Gənc
Tamaşaçılar Teatrında ilk işim İsgəndər
Coşqunun “Açıl bənövşəm, açıl”
uşaq tamaşası oldu. Amma oradakı fəaliyyətimdə
özümə görə siyahı tutsam, ilkin tamaşa kimi
“Mağara”nı qeyd edərəm. Sonra “Məhv olmuş gündəliklər”,
“Yarımçıq qalmış...” və “Oqtay Eloğlu”.
Baxmayaraq ki, uzun dövr keçib, amma ciddi iş kimi qəbul
etdiyim bunlardır və çox təəssüf ki,
azdır.
– Sənətinizdə
dönüş nöqtəsi kimi hansı məqamı qeyd edərdiniz?
–
Dönüş nöqtəsi. Buna həqiqəti
anlamaq anı deyərdim. Dərdi deyil,
anı deyərdim. Bu, bir anda gəlmir.
Sənətdə bu an yavaş-yavaş gəlir.
Söhbətin əvvəlində dediyim kimi hətta
bu yaşda da bəzən çaşırsan, yolu itirirsən.
Sənətin məğzini mən artıq 70-ci
illərdə öyrənməyə başladım. Müəllimlərim görkəmli sənətkarlar
Mehdi Məmmədov və Nəsir Sadıqzadə olub. Onlar bizə birinci fikri və düşüncəni
təlqin ediblər. Teatra işə gələndə
artıq Nəsir müəllimlə yanaşı gedərək
çox şeyi başa düşdüm.
– Bu il
ölkəmizdə “Şuşa İli”dir. Şuşa həm
də mədəniyyət paytaxtımızdır. Əlamətdar illə bağlı planlarınız
varmı?
– Mən heç bir ölkə əhəmiyyətli hadisəyə biganə qalmamışam. Qarabağla bağlı “Mağara”, daha sonra “Yarımçıq qalmış...” tamaşalarım, Xocalı ilə bağlı Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırladığım tamaşa da maraqla qarşılanmışdı. Hazırda Leyli Salayevanın hekayəsi əsasında tamaşa üzərində çalışırıq. Əsər Xocalı sakinləri ilə bağlıdır. “Yarımçıq qalmış...”da belə bir ifadə var idi: “Şuşanı aldınızmı?”. Bu gün bizim ən böyük əsərimiz elə Şuşanın azadlığıdır. Ən böyük əsəri Prezidentimiz, qəhrəman hərbçilərimiz, şəhidlərimiz yazdı. Sözsüz ki, zamanla bu mövzuda yeni-yeni əsərlər meydana gələcək. Mən 40 il öncə Vaqifin məqbərəsinin açılışında iştirak etmişəm. Ancaq obyektiv səbəblərdən azad Şuşaya gedə bilmədim. Mən ora işlə gedəcəyəm, sadəcə, gəzib-görməyə deyil.
– 75 yaşınızda kiminlə rastlaşmaq istəyərdiniz?
– Naxçıvanda bizim məhəllə çox şuluq məhəllə idi. Bir qız vardı. Hər dəfə o, dərsdən gələndə görərdim. Bir gün həmin qız yolu başqa istiqamətdən saldı və mən də düşdüm onun arxasınca. Qız rəfiqələri ilə gedib Pionerlər evinə girdi. Mən də içəri daxil olub gördüm ki, biri çalır, biri oxuyur. Rəfiqələr 2-3 gün ora gəldilər, daha sonra görünmədilər. Ancaq mən ora gəlməyə davam etdim.
– Demək, ilk sevginiz sizi düz istiqamətə aparmışdı...
– Bəli. Əgər o vaxt həmin hadisə baş verməsəydi, mən ora getməsəydim, indi Vaqif tamam başqa bir istiqamətə gedəcəkdi. Bu gün kiminlə rastlaşmaq istərdiniz sualınıza da cavab olaraq deyərdim ki, mən indi o həmin başqa istiqamətdə olan Vaqifi görmək istərdim. O Vaqif haradadır, görəsən?!
– Vaqif müəllim, 75 illiyiniz münasibətilə sizi təbrik edir, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 15
aprel.- S.5.