Hər məhəlləsi tarix
çağıran şəhər
Ölkəmizin əksər guşəsində yaşı əsrləri, minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Azərbaycanın mədəni zənginliklərində böyük payı olan sənət beşiyi Şuşa şəhəri tarixi memarlıq abidələri ilə də xüsusi seçilir.
18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində 270 yaşlı şəhərin tarixi-mədəni tikililərinin bir qismi haqqında söz açacağıq.
Hacıquluların malikanəsi
Şuşanın Çuxur məhəlləsində yerləşən Hacıquluların malikanəsi ikinci gildiya taciri Qulu Məhəmmədəli oğlu tərəfindən 1849-cu ildə inşa etdirilib. Bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu daha sonra ticarətlə məşğul olur. Zamanla Şuşanın varlı tacirlərindən birinə çevrilir.
Hacı Qulu sarayı kimi tanınan tikili öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsi heyran qoyurmuş. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi. 1865-ci ildə Şuşada olmuş rus rəssamı Vasili Vereşşaginin (1842-1904) əsərində bu zallardan biri təsvir olunub.
1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı zamanı Hacı Quluların mülkü top atəşinə tutularaq divarları dağıdılıb. Yalnız mülkün tağvarı girişi olan əsas divarı və yuxarı mərtəbələrə qalxan pillələri qalıb.
Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkənlə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarət olub. Evin həyətə baxan fasadında üçmərtəbəli açıq veranda yerləşir. Tikilinin yan tərəfindəki açıq daş pilləkən bu verandalara aparır.
Bu malikanənin otaqları xidmət məqsədinə uyğun olaraq müvafiq formada inşa edilib. Zəngin Şuşa evləri üçün xarakterik olan böyük zal formalı qonaq otağı ilə yanaşı, burada yemək və yataq otaqları da istifadə profilinə uyğun memarlıq formalarına malikdir.
Onu da qeyd etmək lazımdır ki, Şuşanın əksər ev və saraylarından fərqli olaraq Hacı Quluların mülkü üçün tikilinin bütün fasadlarında yerləşən çoxlu sayda geniş pəncərələr xarakterikdir. Pəncərələr hamısı şəbəkə ilə işlənib.
İkimərtəbəli karvansara
Karvansaralar Şuşanın memarlıq abidələri içərisində xüsusi yer tuturdu. Tarixçi alim, akademik Yaqub Mahmudov və professor Camal Mustafayevin “Şuşa – Pənahabad” kitabında bu barədə məlumat verilir. Kitabda tarixçi M.Baharlının verdiyi məlumata istinadən bildirilir ki, Şuşada ilk karvansaraların tikintisi ilk yaşayış məhəlləsinin – Təbrizli məhəlləsinin meydana gəlməsi ilə eyni vaxta təsadüf edir. Bu dövrdə Şuşanın imkanlı adamlarından olmuş Uğurlu bəy, Hacı Əmiraslan bəy, Hacı Hüseyn bəy və başqaları “Aşağı bazar” və “Meydan” deyilən yerlərdə karvansaralar tikdirib istifadəyə veriblər. Bu karvansaralar Şuşanın bazar kompleksinin əsas tikililərindən hesab olunurdu. Şuşada karvansara tikintisi sonralar da davam etdirilmişdi. XIX əsrin sonlarına yaxın Şuşada artıq 10 karvansara fəaliyyət göstərirdi. Onların arasında Hacı Abbas, Qatırçı Murad, Xanlıq Muxtar, Xan qızı və s. karvansaralar xüsusilə seçilirdi.
XIX əsrin ikinci yarısında dindar varlılardan olan Məşədi Hüseyn Mir Səyyaf oğlu (Mirsiyab) Hacı Əmiraslan bəyin Şuşanın “Şeytanbazar” hissəsində mehmanxana tipli ikimərtəbəli karvansaralarını alandan sonra söküb yerində təzəsini tikdirib. Buna görə karvansara xalq arasında “Hacı Səyyaf oğlu karvansarası” kimi tanınıb.
Bu tikili istər böyüklüyünə, istərsə də memarlıq xüsusiyyətinə görə şəhərdəki digər karvansaralardan seçilib. Birinci mərtəbədə 25 dükan, dəlləkxana, çəkməçi, dərzi, sərrac (yəhər düzəldən), papaqçı, nalbənd və s. dükanlar bir neçə ticarət kontoru, habelə dini ayinləri icra etmək üçün şəhərdəki məscidlərin bəzilərindən böyük məscid olub. İkinci mərtəbədə isə tacir və səyyahların, ümumiyyətlə, şəhərin qonaqlarının dincəlməsi üçün 25 mənzil vardı. Qeyd edək ki, şəhər işğal olunana qədər karvansarada örtülü bazar fəaliyyət göstərib.
Şirin su hamamı
Şuşa şəhəri burada tikilmiş hamamların həm sayına, həm də orijinal memarlıq üslubuna görə şöhrət qazanmışdı. Hamamların bəzəklərində müxtəlif növ kaşılardan, rəngarəng şüşə və mərmərdən geniş istifadə olunurdu. “Şuşa – Pənahabad” kitabında qeyd edilir ki, Şuşada ilk hamamı Qarabağ xanı İbrahimxəlil xanın əmisi oğlu Əbdüsəməd bəy tikdirib. Sonralar Şuşa hamamlarının sırasına “Aşağı bazar” deyilən yerdə inşa edilmiş Uğurlu bəy hamamı, Mirzəli hamamı və başqaları da əlavə olunmuşdu. Ümumiyyətlə, XVIII-XIX əsrlərdə Şuşada 20-yə qədər hamam şəhər sakinlərinin istifadəsində olub.
Şuşanın özünəməxsusluğu ilə seçilən memarlıq abidələrindən biri də Şirin su hamamıdır. Xan qızı Xurşidbanu Natəvan bu hamamı 1878-1880-ci illərdə Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyevlə birlikdə Bazar başında, Şuşanın Merdinli məhəlləsinin girişində tikdirib. Hamamın memarı Kərbəlayı Səfixan Qarabağidir.
Bu hamam Xurşidbanu Natəvanın 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyinə görə “Şirin su hamamı” adlandırılıb. Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində isə qadınlara xidmət edirdi.
Ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınan Şirin su hamamı Şuşanın ermənilər tərəfindən işğalına qədər fəaliyyət göstərib.
***
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış tarix və mədəniyyət abidələrinin siyahısında Şuşa rayonu üzrə 210 nümunə var. Bu abidələrdən 1-i dünya əhəmiyyətli memarlıq, 44-ü ölkə əhəmiyyətli memarlıq, 5-i ölkə əhəmiyyətli arxeoloji, 155-i yerli əhəmiyyətli memarlıq, 5-i yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidələridir. Memarlıq abidələrindən 141-i Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Xatırladaq ki, Şuşa Tarix-Memarlıq Qoruğu 2001-ci ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan maddi mədəni irsin ilkin siyahısına daxil edilib.
Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə qala-şəhərimiz Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Prezidentin 22 iyun 2021-ci il tarixli fərmanı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2022.- 15
aprel.- S.1;4.