Əsgərlərindən öndə...
44 günlük Vətən müharibəsində yüzlərlə zabitimiz ən çətin məqamlarda tabeliyindəki əsgərlərdən önə keçərək sinəsini düşmən mərmisinə sipər edib. Şəhid baş leytenant, tağım komandiri Vüsal Babayev də belə qəhrəmanlarımızdan biridir.
Vüsal Sübbuh oğlu Babayev 1992-ci il yanvarın 8-də Bakı şəhərinin Pirallahı adasında dünyaya gəlib. 186 nömrəli orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2014-cü ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib xidmətə başlayır.
Vüsal Babayev 2015-ci ildə Goranboy rayonunda N saylı hərbi hissədə, 2018-ci ildə isə Abşeron rayonunda ağır artilleriya hissəsində xidmət edib. Xidməti dövründə məsuliyyəti və peşəkarlığına görə fəxri fərman və medallarla təltif olunub. O, bir çox hərbi təlimlərdə, o cümlədən 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan kimi digər silahdaşları kimi Vüsal da ön cəbhədə yerini alır. Bir çox döyüşlərdə xüsusi qəhrəmanlığı ilə seçilir. Onun sonuncu döyüşü oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində olur. Vüsal yaralı döyüş yoldaşını xilas etmək üçün onun yanına gedərkən özü də yaralanır. Bu zaman Orxan və Çərkəz adlı əsgərləri onu döyüş meydanından çıxarmaq istəyirlər. Bu dəfə onların üçü də düşmən mərmisinin partlaması nəticəsində bir yerdə şəhid olurlar.
Şəhid qəhrəmanın həyat yoldaşı, hazırda Yasamal rayon MKS-nin 4 saylı kitabxana filialının müdiri vəzifəsində çalışan Aynur Babayeva bildirir ki, Vüsalla 2015-ci ildə ailə həyatı qurublar. Selcan və Rüqəyyə adlı iki qız övladları var: “Vüsalda əsl hərbçilərə məxsus ciddiyyət olsa da, evdə çox mülayim idi. Övladlarına həddən artıq bağlı idi. Deyirdi ki, mən kasıb ailədə böyümüşəm. Əlimdən gələn hər şeyi edəcəyəm ki, övladlarım əziyyət çəkməsin. Mən ondan yaşca böyüyəm. Həmişə zarafat edirdi ki, sən yaşlanıb qocalacaqsan, amma mən qocalmayacağam. Bu gün Vüsalın adı qızlarımızın dilindən düşmür. Söz düşəndə “Atamız ölməyib, şəhid olub” deyirlər...”.
Aynur xanım bildirir ki, Vüsal ailəsinə narahatlıq verməmək üçün bir çox şeyi onlardan gizlədib: “Aprel döyüşləri ərəfəsində telefonla danışırdıq, deyirdi ki, Bakıda hərbi hissədəyəm. Aprel döyüşləri bitəndən, evə gələndən xeyli vaxt sonra dedi ki, mən döyüşlərdə iştirak etmişdim. Vətən müharibəsi döyüşlərində də əlaqə saxladığımız müddətdə daim hər şeyin yaxşı olduğunu bildirirdi. Şəhid olduğu günə qədər bizimlə danışdı. Sonuncu danışığımız şəhid olmasından bir neçə saat əvvəl oldu. Mənə son sözü “Uşaqlardan muğayat ol, onları qoru” oldu...”.
Vüsal Babayev oktyabrın 25-də Bakıda II Fəxri xiyabanda torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin.
Nurəddin
Mədəniyyət.- 2022.- 15
aprel.- S.6.