Avropa İttifaqı Azərbaycanla mədəniyyət
sahəsində layihələrə böyük
önəm verir
Avropa İttifaqı ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən humanitar və mədəniyyət sahələrində əməkdaşlıq inkişaf edir.
Bu fikir aprelin 12-də mədəniyyət naziri Anar Kərimovun Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşündə vurğulanıb.
Görüş zamanı Mədəniyyət Nazirliyi və Avropa İttifaqı arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həyata keçirilən beynəlxalq layihələr və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə söhbət aparılıb.
İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Avropa İttifaqının dəstəyindən söz açan nazir bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını ifadə edib.
Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı Prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşüb.
Nazir ölkəmiz tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (“Peace for Culture”) qlobal çağırışı haqqında da məlumat verib. Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı və İCESCO tərəfindən dəstəklənən bu layihənin əsas məqsədi mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olmasıdır. Bu məqsədlə Azərbaycan “Mədəniyyət naminə sülh” kampaniyası ilə dünyaya çağırış edir. Anar Kərimov Avropa İttifaqını nazirliyin irəli sürdüyü bu kimi bir sıra beynəlxalq təşəbbüslərdə iştiraka dəvət edib.
Səfir Peter Mixalko qəbula görə təşəkkürünü bildirərək Avropa İttifaqı tərəfindən Azərbaycanla mədəniyyət sahəsində həyata keçirilən layihələrə böyük önəm verildiyini və bu münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
Görüş tərəfləri
maraqlandıran digər məsələlərin müzakirəsi
ilə davam edib.
Mədəniyyət.- 2022.- 15
aprel.- S.3.