Yerlərdə mədəni fəaliyyət günün tələblərinə cavab verməlidir

 

Mədəniyyət naziri Quba rayonunda müəssisələrin işi ilə tanış olub

 

 

 

Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi kontekstində regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması da önəm kəsb edir. Bu məqsədlə bölgələrə səfər planı hazırlanıb.

 

Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov fevral ayında qərb bölgəsinə səfər edərək, Gəncə və Şəmkirdə mədəniyyət ocaqlarına baş çəkmiş, mart ayında isə Lənkəran və Astarada mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmuşdu.

 

Aprelin 14-də mədəniyyət naziri Quba rayonuna səfər edib.

 

Nazir Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüblər.

 

Sonra mədəniyyət naziriicra başçısı Quba rayon Heydər Əliyev Mərkəzinə gəliblər. Mərkəzin fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, dördmərtəbəli bina 2011-ci ildə inşa edilib. Mərkəz ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği işini həyata keçirir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var.

 

Anar Kərimov və Ziyəddin Əliyev Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, mərkəz 2015-ci ildə Quba rayon Mədəniyyət evinin bazasında yaradılıb. Mərkəzin tabeliyində fəaliyyət göstərən Yeni Güləzi Folklor klubununBizim nənələr” folklor kollektivinin ifasında musiqi nömrəsi təqdim edilib. Mərkəz tərəfindən hazırlanmış “Qubamultikultural diyar” kitabının təqdimatı keçirilib. Həmçinin “Şuşa İli” münasibətilə “Şuşamı tərənnüm edirəm” adlı multikultural layihənin təqdimatı olub, folklor qrupunun çıxışı dinlənilib.

 

Qonaqlar Mədəniyyət Mərkəzinin foyesində “Bacarıqlı əllər” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə də tanış olub, “Gözəl Quba” ansamblının ifasında “Şuşanın dağları” mahnısının məşqini izləyiblər.Art” yaradıcılıq studiyasının “Nizami Gəncəvi İli” münasibətilə dahi şairin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəti əsasında hazırladığı qısametrajlı film nümayiş etdirilib.

 

Mədəniyyət naziriicra başçısı daha sonra Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baş çəkiblər. Məlumat verilib ki, 1932-ci ildə yaradılan kitabxana bu il 90 illiyini qeyd edir.

 

Nazir Quba şəhər uşaq musiqi və incəsənət məktəblərinə baxış keçirərkən tədris ocaqlarının fəaliyyəti barədə ətraflı məlumat alıb, təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaq və gənclərin dəstəklənməsinin əhəmiyyətini və vacibliyini diqqətə çatdırıb, bununla əlaqədar müvafiq göstərişlər verib.

 

Mədəniyyət naziri Qubada XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan Ərdəbil məscidi və Cümə məscidini də ziyarət edib. Nazirə məlumat verilib ki, Ərdəbil məscidi Cənubi Azərbaycanın Ərdəbil bölgəsindən buraya köçürülən ailələr tərəfindən XIX əsrdə tikilib. Quba Cümə məscidi zəngin memarlıq üslubu ilə seçilir. Məscidin daxildən hündürlüyü 18 m, ümumi sahəsi isə 360 kvadratmetrdir. Tikintisində istifadə olunan çiy kərpiclər rayonun İqriq kəndində hazırlanıb. Məscidin mehrab hissəsi Mədinə şəhərindəki məsciddə olduğu kimi işlənib. Tikilinin orta hissələrində sütunun olmaması memarın yüksək peşəkarlığından xəbər verir.

 

Anar Kərimov səfər çərçivəsində Quba Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Nazirə məlumat verilib ki, 1924-cü ildə yaradılan muzeydə hazırda 11 minə yaxın eksponat qorunub saxlanılır. Muzey 2015-ci ildə ümumi sahəsi 1620 kvadratmetr olan, müasir standartlara uyğun 3 mərtəbədən ibarət yeni binaya köçürülüb. Qeyd edilib ki, ekspozisiyada Quba xalçaları, XVIII-XIX əsrlərə aid milli geyim nümunələri, xalqımızın tarixi, mədəniyyəti, tətbiqi sənəti və məişətini əks etdirən eksponatlar nümayiş olunur.

 

Quba Soyqırımı Memorial Kompleksinə gələn Anar Kərimova məlumat verilib ki, Quba şəhərində soyqırımı məzarlığı 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Tədqiqatlar nəticəsində toplu məzarlığın 1918-ci ildə erməni silahlı dəstələrinin yerli əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də kompleksin açılışı keçirilib.

 

Mədəniyyət naziri Qubada XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan Hündür günbəzli hamam və ölkə əhəmiyyətli memarlıq abidəsi Səkinə xanım məscidini də ziyarət edib. Quba şəhərində Musabəyov və Ərdəbil küçələrinin kəsişməsində yerləşən Hündür günbəzli hamama baxış keçirilərkən bildirilib ki, el arasında bəzən “Çuxur hamam”, “Bəkir hamamı” və “Məşədi Əlimərdan hamamı” da adlandırılan abidədə 2018-ci ildə təmir-bərpa işləri həyata keçirilib. İki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadı tamamilə yenilənib, damörtüyü dəyişdirilib.

 

Quba rayonunun memarlıq abidələri arasında özünəməxsus yer tutan Səkinə xanım məscidi ilə tanışlıq zamanı nazirə məlumat verilib ki, məscid görkəmli Azərbaycan şairi, tarixçi, maarifçi Abbasqulu ağa Bakıxanovun həyat yoldaşı Səkinə xanımın vəsaiti ilə 1854-cü ildə tikilib.

 

Qubada mədəniyyət müəssisələri və tarixi-mədəni abidələrlə tanışlıqdan sonra nazir Anar Kərimov rayon Mədəniyyət Mərkəzində “Şuşa İli” münasibətilə təşkil olunan konsert proqramını izləyib.

 

Konsertdə Quba rayon Uşaq musiqi məktəbi kollektivinin ifasında ilk olaraq Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” səslənib.

 

Sonra Quba rayon Uşaq musiqi məktəbi və rayon Uşaq incəsənət məktəbi şagirdlərinin, eləcə də Mədəniyyət Mərkəzi solistlərinin ifasında müxtəlif musiqi nömrələri təqdim olunub. “Quba könüllülər teatrı” “Nizami inciləri” teatrlaşdırılmış kompozisiyasını nümayiş etdirib. Tat folklor qrupunun ifasında “Şuşam”, dağ yəhudisi ifaçının oxuduğuŞuşa”, Mədəniyyət Mərkəzinin “Gözəl Quba” ansamblı və solistin ifasında “Şuşanın dağları” mahnıları alqışlarla qarşılanıb. Proqram bütün ifaçıların iştirakı ilə səslənən “Yaşa, mənim xalqım” mahnısı ilə başa çatıb.

 

 

Mədəniyyət.- 2022.- 15 aprel.- S.1;2.