“İrəvan quberniyasının tarixi” kitabının təqdimatı keçirilib
Aprelin 18-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) şöbə müdiri, dosent Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi (1850-1917-ci illər)” kitabının təqdimatı keçirilib.
Kitabda Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq dövrün rusdilli mənbələri əsasında ermənilərin quberniya ilə bağlı iddialarının üzərindən xətt çəkilib, 1917-ci ilədək quberniyanın əsas şəhər və qəzalarında bölgənin köklü sakinləri olan Azərbaycan türklərinin hakim etnos olduğu sübuta yetirilib.
Təqdimat mərasimində tanınmış elm xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov “İrəvan quberniyasının tarixi (1850-1917-ci illər)” kitabının ərazilərimizin coğrafi mövqeyi mövzusunda yazılan dəyərli monoqrafiya olduğunu, ciddi bir əməyin, gərgin elmi tədqiqatların sayəsində ərsəyə gəldiyini qeyd edib.
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxışında İrəvan quberniyasının ümumi çəkişmələr fonunda uzun illər ərzində mübahisəli ərazi olmasından söz açaraq, bu mövzunun belə dəqiqliklə, hərtərəfli tədqiq edilməsinə ehtiyacın olduğunu bildirib.
BDU-nun dosenti, kitabın rəyçisi Sevinc Qasımova Osmanlı arxivində olan sənədlər əsasında yazılan monoqrafiyanı tarixşünaslıq elmi üçün dəyərli əsər adlandırıb.
Tarix üzrə fəlsəfə doktorları Tahir Şahbazov, Fərhad Cabbarov, AMEA ETİ-nin şöbə müdiri Elvin Talışinski kitabda vaxtilə İrəvan quberniyasının idarə və müəssisələrində, şəhər dumalarında, məhkəmə orqanlarında çalışmış, qəza, şəhər, ibtidai məktəblərində, progimnaziya və gimnaziyalarında, İrəvan Müəllimlər Seminariyasında təhsil almış və işləmiş soydaşlarımız, eləcə də quberniyanın tarixi-memarlıq abidələri, iqtisadi həyatı haqqında məlumatların yer aldığını və bütün bunların kitabın tarixi əhəmiyyətini artırdığını vurğulayıblar.
Təqdimat iştirakçıları kitabın xarici dillərə tərcümə olunması və daha geniş oxucu kütləsi arasında təbliğ olunmasının zəruriliyini qeyd ediblər.
Ziyad Əmrahov “İrəvan quberniyasının tarixi (1850-1917-ci illər)” kitabını üç il ərzində yazıb ərsəyə gətirməsi haqqında danışıb, tezliklə kitabın ikinci hissəsi üzərində işlərə başlayacağını deyib.
Sonda müəllif tədbirin təşkili üçün kitabxanaya təşəkkürünü bildirib və kitabın bir neçə nüsxəsini kitabxanaya hədiyyə edib.
Mədəniyyət.- 2022.- 20 aprel.- S.4.