Rənglər dünyasının sehrində köhnə Bakıya səyahət
Həkim-rəssamın sərgisi
AMEA Milli Azərbaycan
Tarixi Muzeyində aprelin 8-də həkim-rəssam
Rauf Canıbəyovun
“Köhnə Bakı
– fırça yaddaşında”
adlı sərgisinin açılışı keçirildi.
Sərgilərin açılışı əsasən
rəsmi hissələrlə
başlayar. Bu sərgidə
də rəsmi hissə vardı. Amma bütün çıxışlar
rəsmiyyətdən kənar,
səmimi, sevgi dolu idi.
Tədbiri giriş sözü ilə muzeyin Təsviri materiallar fondunun müdiri Nardanə Yusifova açaraq belə bir sərgini ilk dəfə təşkil etdiklərini diqqətə
çatdırdı.
Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağaəli
İbrahimov çıxışında
dedi ki, bir neçə sənət sahəsi ilə məşğul olan Rauf Canıbəyov
əsasən yağlı
boya, karandaş və rəqəmsal qrafika ilə işləyir. Onun əsərlərinin əsas cəhəti isə səmimilik və sevgidir.
Xalq rəssamı
Arif Hüseynov sərgini köhnə Bakıya səyahət adlandırdı. Fırça ustası rəsmlərdəki
bir sıra küçənin və insanların səmimiyyətinin,
təəssüf ki, tarixə qovuşduğunu
qeyd etdi.
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan
Əliyev paytaxtın keçmişinin gələcək
nəslə ötürülməsi
baxımından sərginin
və əsərlərin
əhəmiyyətindən söz açdı.
Qeyd edildi ki, rəssam əsərlərinin əksəriyyətini
köhnə Bakıya,
onun sakit küçələrinə, məhəllələrinə,
milli memarlığına,
mehriban və ünsiyyətli sakinlərinin
məişətinə həsr
edib. Rəssamın köhnə Bakı
mövzusuna müraciət
etməsinin əsas məqsədlərindən biri
də paytaxtımızın
qədim tarixə malik şəhər kimi gələcək nəsillərə fırçanın
dili ilə ötürə bilməsi
və yaddaşlarda əbədi olaraq həkk olunmasıdır.
Sərgidə ümumilikdə 57 əsər
nümayiş olunurdu. Rauf Canıbəyovun
dəst-xətti, manerası
və seçilmiş
mövzuya uyğun sənət nümunələri
sanki qədim şəhərimiz haqqında
bir nağıl danışır. Yağlı boya,
karandaş və rəqəmsal qrafikadan ibarət, müxtəlif texnikalardan istifadə edərək ətrafdakı
gözəllikləri canlandırmağa
çalışan rəssamın
işləri unikallığı
və janr müxtəlifliyi ilə seçilir. Onu da qeyd edək ki, bu maraqlı
sənət nümunələri
rəssamın çox
kiçik emalatxanasında
ərsəyə gəlib.
Elə bu səbəbdən də əsərlərin sırasında genişhəcmli
nümunələrə rast
gəlmək olmur.
İncəsənət sahəsi üzrə,
bir gün də olsun, dərs almayan rəssamın əl işləri hər kəsi heyran qoyur, düşünməyə
vadar edir. Müəllifin tabloları insana
kədər və nostalji hisslər bəxş etsə də, dərinliyində bir düşüncə gizlənir. Rəssam
hər bir əsərində insanları
işığa, uca, ali hisslərə
səsləyir.
Sərgini izlədikcə rəssamın
duyğuları, xarakterinin
an və təzadları, həyat yolunun ağ-qara dolanbacları gözlər
önündə canlanır.
Bakı haqqında nağıl danışan bu sərgidə bir anlıq bu gün
artıq tarixə qovuşub yaddaşlarda yaşayan “Axşam tramvayı”nda şəhərin
küçələrini səyahətə
çıxırsan. Bu
küçələrdə qarşına elə o köhnə, qırlı küçələrin ağsaqqal
kişiləri, başı
örpəkli xanımları
çıxır. “İçərişəhər” silsiləsində isə dar, dolanbac küçələrdə
itib-batırsan. Qulağına
haradasa uzaqlardan unudulmaz rejissor Arif Babayevin film qəhrəmanlarının səsləri
gəlir... Bir anlıq gözünə
düşən işıq
səni xəyaldan ayırır. Baxırsan ki,
şəhərin küçələrinin
yağışlı asfaltında
bərq vuran lampaların işığıdır
və səni “Abşeron motivləri”nə
qərq edir. İşıq selinin ağuşunda
“Bağ mövsümü”nün
ab-havasına boylanırsan.
Bakı bağlarının qızmar
qızıl qumunda, günəşin istisindən
ayaqları yanaraq qaçan uşaqların şən-şaqraq səsləri
gəlir qulağımıza.
Bu istidən qaçıb
“Tut ağacı”nın
altında sərinləyirsən
və isti bir Buzovna yeli
sənə tarın sədalarında
Tut ağacım, tut ağacım,
Aman yerim, güman yerim.
Xatirələr qanadında
Yaşatdığım pənah yerim...
– deyə
pıçıldayır...
Tut ağacından asılıb
kimsəsiz qalan yelləncək isə xəyallar aləmində sənə kimlərdən
və nələrdən
danışmır ki...
Haradansa burnumuza Bakının simvolu olan neft
qoxusu gəlir. Göydələnli, müasir Bakımızda
isə bu gün bu qoxudan
əsər-əlamət belə
yoxdur. “Artıq olmayan küçə”dən
keçib, görəsən,
bu gün həmin küçənin
sakinləri həmin tarix üçün darıxırlarmı düşüncəsi
ilə “Bakı – küləklər şəhəri”nə
düşüb real dünyamıza
qayıdırıq...
Bu dünyada isə
həyat yenə öz axarındadır. Nə köhnə
Bakı var, nə də onun insanları. Sərgi zalında səsdən, belə demək mümkünsə, ağız
deyəni qulaq eşitmir. Həkim həmkarları sərgi
müəllifini təbrik
edirlər.
Bu an söz Rauf
Canıbəyova verilir.
O, qonaqlara təşəkkür
edərək sərgidə
nümayiş olunan əsərlər içərisində
həcminə görə
ən böyük olanını – “Bakı – küləklər şəhəri”ni Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə kimi baş mühafiz
Məhfuzə Zeynalovaya
təqdim edir.
Rauf Canıbəyovun
yaradıcılığı çoxşaxəli, əsərlərinin
mövzuları müxtəlifdir. İnanırıq ki, “Köhnə Bakı – fırça yaddaşında” sərgisi
yaddaşlarda əbədi
qalacaq.
Lalə
Mədəniyyət.- 2022.- 20
aprel.- S.6/