Şuşada Azərbaycan və Özbəkistan
şairlərinin poeziya məclisi
28 ildən sonra erməni işğalından azad olunan mədəniyyət paytaxtımız Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” poeziya məclisi təşkil edilib.
Əvvəlcə Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndələrdən Molla Pənah Vaqifin məqbərəsi ziyarət olunub, Vaqifin, habelə şairə Xurşidbanu Natəvanın büstlərinin qarşısına gül-çiçək dəstələri qoyulub.
Məclisi giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov AMM-in təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələri tarixi Şuşa şəhərində bir araya gəlməklə eyni zamanda dünyaya böyük mədəniyyətimizi, birliyimizi nümayiş etdirilər.
Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Ermənistanın işğalından azad olunan Şuşanın mədəni həyatının get-gedə canlandığını, azad olunan Şuşaya yenidən mədəniyyətimizin qayıtdığını vurğulayıb. Prezident İlham Əliyev tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu qeyd edən A.Marifli bildirib ki, Şuşa TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib. Gələn il bütün Türk dünyasının qəlbi Şuşada döyünəcək.
Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu ədəbiyyatın hər zaman Türk dünyasının mədəni həyatında rolunun mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid Qarabağın, Şuşanın hər guşəsində türk mədəniyyətinin nişanələrini gördüyünü, Şuşanın, həqiqətən də, zəngin mədəniyyətə, sənətə, ədəbiyyata malik olduğunu vurğulayıb. Bildirib ki, 2023-cü ildə Türk dünyası üçün mədəniyyət paytaxtı, sənət məbədi olan Şuşaya həsr olunmuş tədbirlərin şahidi olacağıq.
Filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Qarabağda XIX-XX əsrlərdə mövcud olmuş şairlər məclisinin tarixi haqqında məlumat verib.
Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şairi Qayrat Macid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərif Vətən, Qarabağ, ədəbiyyat, sənət, Türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər söyləyiblər.
Qeyd edək ki,
şairlər məclisinin Azərbaycan Televiziyası tərəfindən
videoçəkilişləri aparılıb və “Körpü” verilişində yayımlanacaq.
Mədəniyyət.- 2022.- 20
aprel.- S.1;2.