Arfa ifaçılığı məktəbimizin
yaradıcısı
Aida Abdullayeva-100
Azərbaycanın musiqi mədəniyyətində novatorluğu ilə tanınan sənətkarlarımızdan biri də arfa ifaçısı, pedaqoq, Əməkdar artist, professor Aida Abdullayeva olub. O, ömrünü professional arfa sənətinin inkişafına həsr edib. Sənətkarı anadan olmasının 100 illiyi ilə bağlı yada saldıq.
Aida Həmdulla qızı
Abdullayeva 13 aprel
1922-ci ildə Bakıda
anadan olub.
Musiqiçi haqqında
araşdırmalarda qeyd
edilir ki, ailənin beşinci övladı olan qıza C.Verdinin “Aida” operasının tamaşasından
qayıdan dayısı
baş qəhrəmanın
adını verməyi
təklif edib... Onun uşaqlıq və gənclik illəri çətin dövrə
təsadüf edir.
30-cu illər repressiyasında atası güllələnir. Bundan sonra
ailəyə qarşı
haqsız təqib və təhdidlər başlayır. Aida 13 yaşında fəhlə
kurslarına yazılır.
Eyni zamanda musiqi ilə də maraqlanır. Arfa müəllimi Yelizaveta Borisovna Şlezigerlə tanış olur. Y.Şleziger onun musiqi duyumunu yoxlayır və beləliklə, Aida
arfa sinfində təhsil almağa başlayır.
Aida Abdullayeva 1938-ci ildə
şagird musiqiçi
kimi ilk konsert tədbirinə qatılır.
Maraqlı ifası ilə
konsertdə iştirak
edən Üzeyir Hacıbəylinin diqqətini
çəkir. Gənc musiqiçi
1940-cı ildə orta
məktəbi bitirir.
Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət
İşləri İdarəsi
tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına
göndərilir. Ancaq 1941-ci ilin
yayında II Dünya müharibəsinin başlanması
ilə SSRİ-də vəziyyət dəyişir.
Aida Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. Bütün bunlara baxmayaraq, dövrün qara kölgələri, dəhşətli
repressiya dalğası
bu ailəni rahat buraxmır. Musiqiçi
1942-ci ilin payızında
ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilir. Bu haqsızlıqla barışmayan Üzeyir bəy 1943-cü ildə ailə haqqında vəsatət verir. Bundan sonra onlar Azərbaycana
qaytarılır. A.Abdullayeva Azərbaycan
Dövlət Konservatoriyasına
bərpa olunur, eyni zamanda Radiokomitənin
simfonik orkestrində işə götürülür.
A.Abdullayeva 1944-cü ildə yenidən Rusiyaya göndərilir. Moskva Dövlət
Konservatoriyasında professor K.Erdelinin sinfində təhsil alır. 1949-cu ildə bu
təhsil ocağını
müvəffəqiyyətlə başa vurduqdan sonra vətənə dönən musiqiçi konservatoriyada arfa sinfinə rəhbərlik etməyə başlayır.
Geniş
pedaqoji və ifaçılıq fəaliyyəti
ilə musiqidə yeni səhifə açan A.Abdullayeva arfa ixtisası üzrə təhsilin bütün mərhələləri
üçün proqram
və dərsliklər
üzərində işləyir.
Azərbaycan bəstəkarlarının əsərlərinin bu musiqi aləti üçün köçürmə
və transkripsiyalarını
yaradır. Azərbaycan
arfa ifaçılığı
məktəbinin yaradıcısı
kimi tanınan musiqiçi 1969-cu ildə
A.Zeynallı adına
musiqi məktəbində,
1978-ci ildə isə S.Hacıbəyov adına Sumqayıt musiqi məktəbində arfa siniflərinin açılmasına
nail olur. 1983-1985-ci illərdə “Arfa üçün uşaq pyesləri” və “Azərbaycan bəstəkarlarının
arfa üçün pyesləri” toplularını
nəşr etdirır.
1977-ci ildə dosent, 1985-ci ildə
professor adları alır.
Görkəmli musiqiçi dolğun
pedaqoji fəaliyyəti
dövründə onlarca
arfa ifaçısı
yetişdirir.
A.Abdullayevanın Bakıda ilk konserti 1950-ci ildə keçirilir. 1969-cu ilədək Azərbaycan Dövlət Filarmoniyasının
simfonik orkestrində çalışan fədakar
musiqiçinin əməyi
hökumət tərəfindən
yüksək qiymətləndirilir.
1972-ci ildə “Əməkdar
artist” fəxri adına layiq görülür.
Gözəl arfa ifası ilə yanaşı, pedaqoq və musiqi təşkilatçısı
kimi yaddaşlarda iz qoyan Aida Abdullayeva
11 iyun 2009-cu ildə Bakıda vəfat edib.
S.Fərəcov
Mədəniyyət.- 2022.- 20
aprel.- S.6.