Qarabağ Azərbaycandır!” adlı konsert proqramı

 

Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində (BMM) “Qarabağ Azərbaycandır!” adlı konsert proqramı təqdim olundu. BMM-in dəstəyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Xan Şuşinski Fondunun təşkilatçılığı ilə keçirilən musiqi axşamında diplomatik korpusun nümayəndələri, rəsmilər, ictimai xadimlər iştirak edirdi.

 

Əvvəlcə mərkəzin foyesində tanınmış modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın “Xarıbülbül” kolleksiyasının təqdimatı oldu. Qarabağa məxsus milli geyimlərin fonunda Bakı Xoreoqrafiya Akademiyasının rəqqasları “Cəngi”, “Uzundərə” və “Yallı” rəqslərini ifa etdilər.

 

Zalda görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin “Şuşanın dağları” mahnısının sədaları ilə başlanan konsertdə Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpağımız Qarabağın işğaldan azad edilməsinin tarixi əhəmiyyəti vurğulandı. Qeyd olundu ki, Prezident İlham Əliyev 2022-ci iliŞuşa İlielan edib. Bu il həm də mədəniyyət paytaxtımızın 270 yaşı qeyd olunur.

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Vətən müharibəsindəki milli birliyimizdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun tarixi Qələbəsindən söz açdı.

 

Sonra Xan Şuşinski Fondunun 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

 

Konsertdə BMM-in solistlərinin ifasında muğamlar, vokal musiqiləri, aşıq havaları və klassik əsərlər səsləndi. Xalq artistləri Nurəddin Mehdixanlı (şeir qiraəti) və Ənvər Sadıqovun “Qaytağı” ansamblının vətənpərvərlik ruhlu çıxışları “Qarabağ Azərbaycandır” nidasını sənətin səsi ilə rövnəqləndirdi.

 

Gecə “Qarabağ yallısı”nın sədaları ilə yekunlaşdı.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 20 aprel.- S.5.