Sənətinin ustadı
Həsən Əbluc-80
Rollar aktyorları hafizələrə yazanda sənət həyat üçün vacibliyini, gücünü təsdiqləyir, qəlblərdə yaşamaq üçün böyük fədakarlıq, mübarizlik, dözüm tələb etdiyini anladır. Obrazlarla yanaşı tamaşaçıları səsinin sehrinə valeh etmək xoşbəxtliyi isə hər aktyora nəsib olmur. Görkəmli sənətkar, Əməkdar artist Həsən Əbluc (1942-1994) yaratdığı obrazlarla bərabər ekrandan düşüncələrə, qəlblərə süzülən bənzərsiz səsinin sehri ilə milyonların rəğbətini qazanıb. Bədii qiraət ustası kimi də tanınan, poeziya nümunələrini çoxsaylı tamaşaçıya, dinləyiciyə çatdıran sənətkarın radio tamaşalarında da səslənən müdrik, məxməri səsinin sehrində nəsillər tərbiyələnib, maariflənib.
Sənətkarın 80 illik yubileyi ərəfəsində əziz xatirəsini ehtiramla yad edirik. Fürsətdən istifadə edib sənət dostlarının xatirələrində fərdi cəhətlərinə, sənətkarlıq xüsusiyyətlərinə daha yaxından bələd olmağa çalışacağıq.
Sənətkar ömründən epizodlar...
Heç kəsə bənzəmirdi
Xalq artisti, rejissor Ramiz Həsənoğlu: “Həsən müəllimlə yaş fərqimiz çox omasa da, sözün əsl mənasında, o, mənim müəllimim olub. İncəsənət İnstitutunda təhsil aldığım vaxtlarda mənə səhnə danışığından dərs deyib. O, böyük ustaddır, sənətinin ustadıdır. Bunu onun müasirləri də çox gözəl başa düşürdülər. Çünki Həsən Əbluc sənətinin sevilən vaxtı digər məşhur sənətkarlar da var idi və onun böyüklüyü onda idi ki, heç kəsə bənzəmirdi. Özünəməxsus intonasiyası, bənzərsiz səs tembri var idi. Azərbaycan dilini, səhnə danışığını gözəl bilirdi. Buna görə də sevilirdi. Nə yaxşı ki, Azərbaycan televiziya və radiosunda onun çıxışları qalıb. Tez-tez onu dinləyir, istedadı haqqındakı təsəvvürlərimizi genişləndirə bilirik.
Tale elə gətirdi ki, müəllimimlə birgə çalışdıq. O, mənim quruluş verdiyim iki tamaşada iştirak etdi. Birincisi yazıçı Anarın əsəri əsasında çəkilən televiziya tamaşası idi. Digəri isə yazıçı İsi Məlikzadənin ssenarisi əsasında çəkdiyim “Qatarda” televiziya tamaşasıdır. Bu tamaşada Sabit Mirzə rolunu oynayırdı. Personajın xarakteri Həsən Əclucun xarakterinə o qədər də yaxın və uyğun olmasa da, Həsən rolun səciyyəvi cəhətlərini böyük ustalıqla göstərdi. Sabit Mirzə sakit təbiətli bir obrazdır. Həyatda isə Həsən çılğın, emosional insan idi, hadisələrə dərhal reaksiya verirdi. Obraza daxil olaraq Sabit Mirzə rolunu çox inandırıcı oynamışdı və bu rol yaddaşlarda qaldı. Həmin illəri, onunla birgə gördüyümüz işləri tez-tez xatırlayıram. Onun adı çəkiləndə elə bil ruhum təzələnir. Yenidən o illərə qayıdıram. Allah ona rəhmət eləsin. Ruhu şad olsun. Mən onu heç vaxt unutmuram...”.
Böyük istedad
Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov: “Həsən Əblucla kinostudiyanın dəhlizində tez-tez görüşüb, hal-əhval tuturduq. Münasibətimiz həmişə yaxşı olub. Aktyor kimi onu iki dəfə – “Qanlı zəmi” və “Qara gölün cəngavərləri” filmlərində çəkdim. Rolları həcm etibarilə böyük olmasa da, Həsən ekran personajlarını peşəkar aktyor kimi yüksək səviyyədə yaratdı. Xüsusi olaraq qeyd edim ki, “Qanlı zəmi” filmində oynadığı obrazı (kəndxuda) çəkdikdə çox təəccübləndim. O, rolun faciəsini olduqca təsirli ifa etdi. Çəkilişdən sonra da mənə rol haqqında maraqlı fikirlər söylədi.
“Qara gölün cəngavərləri” filmindəki rolunu (Cəmşid Hüseynov) da məharətlə oynamışdı. Obraz kiçikplanlı olsa da, baxanda düşünürsən ki, bu rol elə belə də olmalı idi.
Həsənin xüsusi danışıq istedadı var idi. Bu xoşbəxtlik hər aktyora qismət olmur. Azərbaycan Televiziyasında yayımlanan ədəbi-dram verilişlərində tez-tez çıxış edirdi. Hamımız da onu maraqla izləyirdik. Ədəbiyyata, şeirə olan münasibəti çox yüksək səviyyədə idi. O, böyük şəxsiyyət, böyük istedad idi. Təəssüf edirəm ki, həyatdan tez getdi...”.
Ondan sənət istiqaməti alırdılar
Əməkdar mədəniyyət işçisi, səs rejissoru Əsəd Əsədov: “Həsən Əblucla dublyajda uzun müddət işləmişik. O, yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştirak edirdi. Onunla birlikdə səsləndirmədə iştirak edən həmkarları ondan sənət istiqaməti alırdılar. Ahəngdar, məxməri səsi həmişə seçilirdi. Həmişə də ona baş rolları səsləndirməyi həvalə edirdilər. Azərbaycan dilini gözəl bilirdi, diksiyası qüsursuz idi. Həm də bilirdilər ki, Həsən işinə ciddi yanaşır, öhdəsindən də bacarıqla gəlir. İndi də birlikdə işlədiyimiz həmin anları yadıma salıram. Onunla işləmək çox rahat idi. Çünki dublyaj aktyoru filmdə çəkilən aktyoru elə səsləndirməlidir ki, dublyaj olunduğu bilinməsin. Bu mənada Həsən Əblucun dublyaj fəaliyyətinin misli yox idi. Təəssüf edirəm ki, kinoda aktyor kimi az çəkildi.
Onun yaddaqalan, uğurlu səsləndirmələrindən biri də “Yaramaz” filmində baş rolu (Hətəm) oynayan Mamuka Kikaleyşvilini səsləndirməsidir. Bir gün Mamuka dublyaj studiyasına gəldi və rolunun səsləndirilmə variantını dinlədi. Məmnunluq hissi ilə qeyd etdi ki, “sluşay, on qovorit luçşe, çem ya...”. Həsən Əblucun onun obrazını səsləndirməsi çox xoşuna gəlmişdi. Elə Həsənin səsləndirməsinin də filmin uğurunda rolu oldu ki, filmin yaradıcı heyəti ilə birlikdə mənə də Dövlət mükafatı verdilər...”.
Dostluğa sadiq, qürurlu insan idi
Xalq artisti
Tariyel Qasımov: “Aktyor
olmağı arzulasam da,
atamın istəyinə görə Bədən Tərbiyəsi
İnstitutuna qəbul oldum.
Təhsil aldığım müddətdə Lütfi
Məmmədbəyovun rəhbərlik etdiyi
dram dərnəyinə gedirdim.
Orda Şahmar Ələkbərov
və Həsən Əblucla dostlaşdım. Şahmar
həmin vaxtlarda orta məktəbin
sonuncu sinfində oxuyurdu.
Həsən isə Politexnik İnstitutunun (indiki Texniki Universitet) birinci kursunda oxuyurdu. Bir gün Həsən təklif etdi ki, gəlin, bu il üçümüz də
sənədlərimizi İncəsənət
İnstitutuna verək.
Şahmar dedi ki, mənim arzum aktyor olmaqdır.
Dram dərnəyinə də bunun üçün
gəlirəm. Tariyellə sən
isə tələbəsən.
Yenə də fikirləşin, istəyirsinizsə, sənədlərimizi
birlikdə verək.
Biz elə də
etdik. Hər üçümüz Aktyorluq fakültəsinə
qəbul olunduq. Görkəmli sənətkar Rza
Təhmasibin kursunda sənət dərsi aldıq. Hər üçümüz əlaçı idik.
Şəklimizi şərəf lövhəsinə
vurmuşdular. Təqaüdümüz də digər tələbələrinkindən artıq idi. Beləcə,
biz sənətdə və
həyatda həmişə
bir yerdə olurduq, dostluğumuzu davam etdirirdik.
Mən İncəsənət
İnstitutuna qəbul
olunduğuma görə
atam xəbər göndərmişdi ki, mənim o adlı oğlum yoxdur. Mən pis
olmuşdum və kefsiz gəzirdim. Şahmar nə olduğunu soruşanda olanları ona dedim. O, məni evlərinə apardı. İnstitutu bitirənə
qədər dörd il ərzində
onlarda qaldım. Həsən də tez-tez dərsdən sonra Şahmargilə gəlirdi.
Bir gün Şahmarın anası Həsənə dedi ki,
Həsən, ya
sən köç gəl bizdə yaşa, ya da
evə belə gec saatlarda getmə.
Evinizdə sənin üçün
narahat olarlar. Həsən belə də etdi. Bir müddət köçüb
Şahmargildə yaşadı.
İnstitutu bitirdikdən sonra Şahmarla mən Akademik Dram Teatrında işlədik, Həsən isə Gənc Tamaşaçılar Teatrına getdi. Mən bir il sonra Həsənin yanına Gənc Tamaşaçılar Teatrına getdim. Həmin vaxtlarda teatrda görkəmli rejissor Zəfər Nemətovun quruluşunda “Komsomol poeması” tamaşası oynanılırdı. Həsən həmin tamaşada Cəlal rolunu canlandırırdı. Mən bu rolu institutda (diplom işimdə) oynadığım üçün sözlərini əzbər bilirdim. Bir gün Həsəndən soruşdum ki, necə edim mən də bu tamaşada oynayım? O, dedi ki, mən bir gün teatra gəlmərəm, sən hazır gəl, mənim yerimə sən səhnəyə çıxarsan. Biz elə də etdik. Həsən tamaşa oynanılan gün teatra gəlmədi. Zəfər Nemətov tez-tez gəlib Həsəni soruşurdu. Ona bildirdim ki, rolun sözlərini əzbər bilirəm, tələbə olarkən Cəlal obrazını oynamışam. Belə olan halda səhnəyə mən çıxası oldum. İfamı bəyəndilər, ertəsi gün əmrim verildi, həmin tamaşada Cəlal obrazını bir gün mən, bir gün Həsən oynadı. Həsən dostluğa çox sadiq idi.
Biz institutu 1965-ci ildə
bitirmişdik. Həmin vaxt “Liftçi
qız” filmi çəkilirdi. Məni də
həmin filmin sınaq çəkilişinə
dəvət etmişdilər.
Çəkilişə gedəndə
Həsən dedi ki, Tariyel, əgər
səni bu filmdə çəksələr,
rolunu mən səsləndirəcəm. Dedim,
Həsən, kaş ki, bir yox,
bir neçə filmə çəkilim, hamısını da sən səsləndir. Həsənin çox gözəl
səsi var idi, hamı da bəyənirdi. Sözügedən filmə çəkildim.
Rolumu səsləndirmə vaxtı
gəlib çatanda Həsəni də götürüb getdim studiyaya. Xuraman Qasımovanın oynadığı obrazı
(Lalə) Əminə
Yusifqızı səsləndirdi.
Filmin rejissoru Rüfət Şabanov dedi ki, Tariyel,
indi dur sənin səsini yazaq. Dedim ki,
Rüfət müəllim,
siz məni Nəriman rolunun sınaq çəkilişinə
çağıranda Həsən
mənə xeyir-dua verdi və
dedi ki, rolu mən səsləndirəcəm.
Rüfət müəllim
“lap yaxşı, onda səni Həsən səsləndirsin” dedi. Onu da qeyd
edim ki, həmin vaxtlar dublyajda maaş
yüksək olduğu
üçün aktyorların
çoxu dublyajla məşğul olurdu...
Bir dəfə
Gənc Tamaşaçılar
Teatrında “Romeo və
Cülyetta” tamaşasının
məşqləri gedirdi. Romeo rolunu növbəli olaraq Həsənlə digər aktyor oynamalı idi. Tamaşanın ilk təqdimatı günü Həsən teatra gəlir, siyahıda adını görməyib bərk təsirlənir və tamaşaya baxmadan evə qayıdır.
Ertəsi gün işə
getməsi üçün
anası onu oyatmağa gələndə
Həsən ona cavab vermir. Anası bir neçə dəfə Həsəni çağırır, lakin
ondan səs gəlmədiyini görüb
yorğanı başından
çəkir. Həsənin bir gecədə saçlarının ağardığını
görür. Həsən çox
qürurlu insan idi. Tamaşada oynamadığını həzm edə bilmədiyindən bir gecədə saçları
ağarmışdı.
Yadımdadır, Şahmar rəhmətə gedəndə hamı onunla vidalaşdıqdan sonra dağılışdı, amma Həsən getmədi. Mən durub gözləyirdim. İnsanlar getdikdən sonra Həsən qəbrin üstündə uzandı və hönkürtü ilə ağladı, “Şahmar, tezliklə yanına gələcəm” dedi. O, rəhmətə gedəndə Şahmarın yanında dəfn etdilər...” .
Şəhla Əmirli
kinoşünas
Mədəniyyət.- 2022.- 20
aprel.- S.7.