Mədəniyyət sahəsinin dayanıqlı inkişafını təmin etmək

 

Mədəniyyət naziri Anar Kərimov aprelin 15-də Xaçmazda vətəndaşlarla görüşdən sonra rayonda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Nazir Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə və Xaçmaz Dövlət Rəsm Qalereyasına baxış keçirib. Məlumat verilib ki, 2013-cü ildən yeni binada fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyinin binası öz arxitekturası ilə ölkəmizin memarlıq mənzərəsində fərqlənir. Muzey binasının şəhərdəki “Şəxsiyyətlər parkı” ərazisində yerləşməsi “muzey içində muzey” mənzərəsi yaratmaqla ziyarətçilərin diqqətini cəlb edir.

2007-ci ildə fəaliyyətə başlayan Dövlət Rəsm Qalereyası isə 2014-cü ildə yeni binasında qərar tutub. Ümumilikdə 1050 kvadratmetr sahəsi olan qalereyanın ekspozisiya zalında 100-dən çox təsviri sənət nümunəsi sərgilənir.

 

Anar Kərimov Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına da baş çəkib. Qeyd olunub ki, MKS-nin 560 min nüsxədən çox kitab fondu var.

 

Xaçmaz şəhər uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti ilə tanışlıq zamanı nazirə məlumat verilib ki, 2021-ci ildə əsaslı təmir olunan musiqi məktəbində 435 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 104 müəllim məşğul olur. Uşaq incəsənət məktəbində musiqi, xoreoqrafiya və rəssamlıq şöbələri fəaliyyət göstərir. Burada fortepiano, xanəndəlik, skripka, tar, qarmon, nağara, kamança, klarnet, rəssamlıq, xoreoqrafiya fənləri tədris olunur.

 

Nazir hər iki təhsil ocağında tədrisin müasir tələblər səviyyəsində qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinə gələn Anar Kərimov burada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ümumi sahəsi 1014 kvadratmetr olan üçmərtəbəli mərkəz 15 otaq və 350 yerlik zaldan ibarətdir.

 

Səfər zamanı dini abidə və Dəmiryol vağzalının tarixi binasına da baxış keçirilib. Qeyd olunub ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində inşa olunan bina yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

 

Xaçmaz rayon Heydər Əliyev Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2005-ci ildə muzey kimi fəaliyyətə başlayan mərkəz 2016-cı ildən müasir və qədim Şərq memarlığı üslubunda tikilmiş yeni binada fəaliyyətini davam etdirir. Hazırda mərkəzin fondunda 700-dən artıq eksponat var.

 

Nazir Heydər Əliyev Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

 

Anar Kərimov bildirib ki, Xaçmaz rayonuna səfərinin məqsədi vətəndaşların müraciətlərini dinləməklə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Başlıca vəzifə həm də yerlərdə çalışan insanları nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.

 

Görüş zamanı regionun mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib. Anar Kərimov bölgələrdə sahənin rəqəmsallaşdırılması ilə bağlı işlərin aparılmasının, mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının vacibliyini diqqətə çatdırıb.

 

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

 

 

Mədəniyyət.- 2022.- 20 aprel.- S.3.