Təmizlənən heykəllər – tarixi irsə qayğı
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə nəcib bir aksiyaya start
verildi
Paytaxtda görkəmli şəxsiyyətlərin xatirəsini əbədiləşdirən, tarixi hadisələri yaddaşlarda təzələyən heykəllərə, abidə komplekslərinə baxanda bu sənət nümunələrinin bir də Bakı küləyi ilə üzərlərinə hopan toz-torpaqdan, his-tüstüdən və ilaxır səbəblərdən necə çirkləndiyinin də şahidi olmuşuq. Abidələr tarixi irsdir və onlara diqqət qoruma-mühafizə, tanıtma-təbliğetmə ilə yanaşı, ən sadə bir şeyi – vaxtaşırı yuyub-təmizləməyi də ehtiva edir, əslində...
Aprelin 18-də – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Heykəlləri qoruyaq” şüarı altında nəcib bir aksiya – “Təmiz heykəl” adlı maraqlı və praktik layihə həyata keçirildi. Layihəyə Xurşidbanu Natəvanın Bakıdakı heykəlinin təmizlənməsi ilə başlanıldı.
Aksiyaya mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, elm, mədəniyyət xadimləri, nazirliyin əməkdaşları və digər qonaqlar qatılmışdı.
Sevda Məmmədəliyeva çıxış edərək Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü haqqında söz açdı. Bildirdi ki, hər il bu əlamətdar gün münasibətilə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunması, təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir: “Abidələrin qorunması və gələcək nəsillərə çatdırılması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Məhz bu diqqətin sayəsində Bakıda və regionlarda abidələr tədqiq olunur, bərpa edilir...”.
“Təmiz heykəl” layihəsi haqqında məlumat verən nazir müavini aksiyanın yalnız heykəllərin təmizlənməsini nəzərdə tutmadığını diqqətə çatdırdı. Bildirdi ki, əsas məqsədimiz həm də heykəlləri ucaldılan görkəmli şəxsiyyətlərimiz haqqında ictimaiyyəti, xüsusilə gənc nəsli məlumatlandırmaqdır.
Vurğulandı ki, layihə Bakıda başlanılsa da, regionlarda da davam etdiriləcək: “Paytaxtda bu layihə çərçivəsində ilk olaraq X.Natəvanın heykəli təmizlənir. Bildiyiniz kimi, bu il görkəmli şairənin anadan olmasının 190 ili tamam olur. Bu münasibətlə ölkə başçısı tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, il ərzində müxtəlif tədbirlər həyata keçiriləcək”.
Sevda Məmmədəliyeva çıxışının sonunda layihədə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov söylədi ki, Natəvanın heykəli müəllif kimi onun ilk monumental əsəri olduğu üçün çox dəyərlidir: “Natəvan məni elə ovsunladı ki, onun obrazını bütün zərifliyi ilə daşa həkk etməyə çalışdım”.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev bildirdi ki, qurumun məqsədlərindən biri də ölkəmizin mədəni irsinin, tarixi abidələrinin qorunması və onun dünya gəncləri, Azərbaycan könüllüləri arasında hər zaman təbliğ etməkdir: “Bu gün burada Mədəniyyət Nazirliyinin “Təmiz heykəl” layihəsində iştirak edən Azərbaycan könüllüləri bir daha dediyim fikirlərə sadiqlik nümayiş etdirəcəklər”.
Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov azad olunmuş ərazilərimizdə abidələrin bərpasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu dedi: “Natəvanın heykəlinə baxdıqca mən sanki Şuşaya səyahət edirəm. Bu gün mən bir şuşalı kimi qürur hissi keçirirəm. Çünki Qarabağımız, mədəniyyət paytaxtı Şuşamız artıq azaddır. İndi həm şuşalı görkəmli şəxsiyyətlərimizin, həm də Şuşa uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu şaddır”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, bu abidələrin təmizlənməsinə peşəkar qurumlar tərəfindən mütəmadi olaraq nəzarət edilməlidir. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən F.Xəlilov Natəvanın abidəsinin müəllifi Ömər Eldarova təşəkkürünü bildirdi.
Tarixçi Fuad Axundov heykəllərin yaradılmasında memarların rolundan danışdı. Qeyd etdi ki, bu il Azərbaycanda qoyulan ilk heykəlin 100 illiyi qeyd ediləcək: “Bu abidə Mirzə Ələkbər Sabirin ilk heykəlidir. Abidə heykəltəraş Yakov İosifoviç Keylixis tərəfindən qoyulub. Həmin heykəl hazırda Balaxanıdadır. 1958-ci ildə köhnə heykəlin yerinə Cəlal Qaryağdı bugünkü abidəni ucaldıb. Sabirin bəlkə heykəldən də gözəl postamenti var idi. 1958-ci ildə heykəl dəyişiləndə və Balaxanıya köçürüləndə onu adi bir tumbaya qoyublar”.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Natəvanın Azərbaycan tarixindəki mövqeyindən, mədəniyyət sahəsində gördüyü işlərdən danışdı.
Çıxışlardan sonra “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları və könüllülərin iştirakı ilə Natəvanın heykəli təmizləndi. Heykəlin təmizlənməsinə digər tədbir iştirakçıları da qoşuldular.
“Təmiz heykəl” layihəsində Natəvanın (Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Əziz Əliyev küçəsinin kəsişməsi, “Azərbaycan” kinoteatrının qarşısı) heykəli ilə yanaşı Nizami Gəncəvinin abidəsi (Səbail rayonu, dahi şairin adını daşıyan Ədəbiyyat Muzeyinin önü), Mirzə Ələkbər Sabir (İstiqlaliyyət küçəsi, Sabir bağı), Yusuf Məmmədəliyev (İstiqlaliyyət küçəsi), “İstiqlal” abidəsi (İstiqlaliyyət küçəsi), Hacı Zeynalabdin Tağıyev (Səbail rayonu, İçərişəhər metrosu) və Mirzə Fətəli Axundzadənin (Axundov bağı) də heykəlləri təmizləndi. Abidələrin önünə tədbir iştirakçıları tərəfindən gül dəstələri düzüldü.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2022.- 20
aprel.- S.1;2.