Fikrət Əmirovun 100 illiyi münasibətilə Gəncədə Ədəbi bədii gecə keçirilib

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin (təşəbbüsü) və “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı SSRİ Xalq artisti, Azərbaycan SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan SSRİ Elmlər Akademiyasının müxbir üzvü, İctimai Xadim Fikrət Məşədi Cəmil oğlu Əmirovun 100 illiyinə həsr olunmuş ədəbi bədii gecə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilib.

Tədbirdən əvvəl əsas iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin baş meydanında yerləşən möhtəşəm abidəsini ziyarət edərək abidə önünə təzə-tər çiçəklər düzdülər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov başda olmaqla Bakı şəhərindən gələn qonaqlar Gəncənin şəhidlər xiyabanında, ll Qarabağ Vətən müharibəsi zamanı ermənilərin raket zərbələri nəticəsində Gəncə terror qurbanlarının xatirəsini yad etmişlər. Bakı şəhərindən gələn nümayəndələr eyni zamanda İmamzadə dini memarlıq abidəsini də ziyarət etmişlər.

Sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkarın 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Allahdan şəhidlərə rəhmət, qazilər şəfa arzulamışdır.

Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aynur Şixiyeva ədəbi-bədii gecəyə gələnləri salamlayaraq, sözü Əməkdar Mədəniyyət İşçisi Səadət Tehmirazqızına verdi. O, Fikrət Əmirovun zəngin mədəni irsindən söhbət açdı.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Nizami yurdu Gəncəyə olan xüsusi diqqət və qayğısından danışdı və bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi barədə sərəncamı diqqətə çatdırdı.

Tədbirdə həmcinin Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zəki Öztürk, AMEA Gəncə bölməsinin sədri akademik Fuad Əliyev, millət vəkili Pərvin Kərimzadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lale Hüseynova, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri Sahil Quliyev və başqaları çıxış etdilər.

Ədəbi-bədii gecədə Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs ansamblı və Gəncə Dövlət Kamera orkestrının müşayiəti ilə Fikrət Əmirov musiqiləri təqdim olundu. Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə Fikrət Əmirovun foretpiano miniaturlərini ifa etdi.

Gecədə Əməkdar artistlər Təhmiraz Şirinov, Babək Niftəliyev, Zemfira İsmayılova, Kəmalə Tağızadə, Xalq artisti Sevinc İbrahimova, vokal müğənni Elmir Pişnamazzadə, Əməkdar müəllim Naibə Şahməmmədova çıxış etdilər. Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aynur Sixiyevaya İrsimizin Tədqiqi və Təbliği İctimai Birliyinin diplomları təqdim olundu. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Səadət Təhmirazqızı və Naibə Şahməmmədovaya təşəkkürnamələr təqdim etdi.

İrsimizin Tədqiqi və Təbliği İctimai Birliyinin sədri Səadət Təhmirazqızı Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovaİlham Əliyev və musiqi mədəniyyəti” adlı kitabını hədiyyə etdi.

Görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə tədbir iştirakçıları tərəfindən böyük maraqla və minnətdarlıq hissi ilə qarşılandı.

 

Mədəniyyət.- 2022.- 20 aprel.- S.5.