Xalq artisti Munis Şərifovun 60 illiyi qeyd olundu

 

Xalq artisti, kamança ifaçısı, Qədim musiqi alətləri ansamblının bədii rəhbəri konsertmeysteri Munis Şərifov aprelin 24-də 60 yaşını qeyd etdi.

Bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində (BMM) sənətkarın yubileyinə həsr olunmuş gecə keçirildi.

Gecədə əvvəlcə müxtəlif ölkələrdən mədəniyyət xadimlərinin yubilyarın ünvanına təbrik videoları təqdim olundu.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Xalq artisti Möhlət Müslümov, professor Abbasqulu Nəcəfzadə başqaları çıxış edərək yubilyara təbriklərini çatdırdılar.

Çıxışlarda Munis Şərifovun milli musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən söhbət açıldı. Bildirildi ki, Munis Şərifov Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində 1996-cı ildə yaradılan Qədim musiqi alətləri ansamblının konsertmeysteri olub. 2013-cü ildən həmin ansamblın bədii rəhbəri və konsertmeysteridir. O, çəqanə qədim musiqi alətinin dünyada yeganə ifaçısı hesab edilir. Musiqiçi 1993-1995-ci illərdə Tehran Musiqi və Mədəniyyət Mərkəzində kamança müəllimi kimi fəaliyyət göstərib, İranın bir çox şəhərlərində solo konsertlərlə çıxış edib, Azərbaycan milli musiqisininmilli alətimizin təbliğinə töhfə verib. 1990-cı ildən 2014-cü ilədək Bakı Musiqi Akademiyasında (BMA) Qədim milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyasında baş elmi işçi və Azərbaycan Milli Konservatoriyasında (AMK) kamança-muğam müəllimi işləyib. Hazırda AMK-da dosent kimi fəaliyyət göstərir.

 

Munis Şərifov Azərbaycan milli musiqisini ümumilikdə 20-dən çox ölkədə təbliğ edib. Sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında və təbliğində göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2006-cı ildə “Əməkdar artist”, 2016-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

Yubiley tədbirində BMM-in solistləri, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı və sənətkarın tələbələrinin ifasında konsert proqramı təqdim edildi. Bir-birindən maraqlı ifalardan ibarət musiqi çələngi sənətkarın 60 illiyinə yaddaqalan hədiyyə oldu. Xalq artistinin kamançada solo ifaları da gecəyə xüsusi rəng qatdı.

 

Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 27 aprel.- S.5.