Bakıda barokko təntənəsi
Xəbər verdiyimiz kimi, 23-26 aprel tarixində Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı keçirilib.
Qərbi Avropa klassik musiqi tarixində “Barokko dövrü” kimi xarakterizə olunan XVI əsrin sonu – XVIII əsrin birinci yarısı musiqidə müxtəlif bəstəkarlıq üslub və axtarışlarının mövcud olduğu dövrdür. Məhz bundan sonra Avropada klassik (akademik) musiqi tam təşəkkül tapıb.
Aprelin 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında alman bəstəkarı K.V.Qlukun “Orfey və Evridika” operasının premyerası ilə başlayan “Barokko günləri” festivalı çərçivəsində sənətsevərlər bu dövrə aid musiqi nümunələrini azərbaycanlı ifaçılarla yanaşı, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstandan olan musiqiçilərin də təqdimatında dinləmək imkanı qazandılar.
Festivalın ikinci axşamında klassik musiqi həvəskarları Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə “Georgian Sinfonietta” Tbilisi Dövlət Kamera Orkestrinin və azərbaycanlı solistlərin ifasını alqışladılar.
“Barokko dövrünə səyahət” adlı konsert proqramından öncə sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova səhnəyə çıxaraq festivalın önəmindən söz açdı, Barokko dövrü musiqisinin özəlliklərindən bəhs etdi, Bakıda ilk dəfə baş tutan belə bir musiqi bayramı ideyasının müəlliflərinə və təşkilatçılara təşəkkürünü bildirdi. Barokko musiqisinin tarixi və dünya musiqi mədəniyyətində tutduğu yerə nəzər salan sənətşünas bildirdi ki, vokal ifaçılığı öz əsasını məhz bu dövrdən götürür.
Festivalın iştirakçısı olan kollektivlər və solistlər barədə də qısa məlumat verən musiqişünas 2008-ci ildə yaradılan Tbilisi Dövlət Kamera Orkestrinin nüfuzlu musiqi tədbirlərində uğur qazandığını, 2012-ci ildən Barokko dövrünə aid musiqi alətlərini əldə etdiyini və Qafqazda ilk Barokko orkestri olduğunu dedi.
Sonra Barokko əzəmətinin ehtiva olunduğu proqram başlandı. Əyyub Quliyevin idarə etdiyi orkestrin müşayiətində Əməkdar artistlər İlham Nəzərov və Fəridə Məmmədova, eləcə də istedadlı vokalçı Səbinə Əsədovanın ifaları rəğbətlə qarşılandı.
Barokkonun seçkin musiqi müəllifləri – Marin Marais, Antanio Vivaldi, Rikardo Broski, Georq Hendel və başqa görkəmli bəstəkarların fərqli üslublarda əsərlərindən parçalar dövrün musiqi alətlərinin zəngin polifonik səslənməsində dinləyicilərə xoş anlar bəxş etdi.
Bəli, sənətin ən əsrarəngiz dövrlərindən birinə olan məhəbbətin bu günə qədər davam etməsi, daha doğrusu, getdikcə artması, müxtəlif ruhlara, düşüncələrə və sənət qatlarına nüfuz etməsi musiqinin ecazkar qüvvə olduğunun izahıdır.
İki şöbəli konserti keçidlərlə təqdim edən musiqiçilər kimi dinləyicilər də yüksək ovqatda idilər. Sonsuz cəsarət, zəriflik və bunlarla vəhdətdə əzəmətin nümayişi olan konsert proqramı sürəkli alqışlarla başa çatdı.
Həmidə
Mədəniyyət.- 2022.- 27
aprel.- S.1;2.