Mədəniyyət paytaxtımızın abidələrinin kataloqu hazırlanıb

 

Kataloqda Şuşa abidələrinin işğaldan əvvəl və sonrakı görüntüləri yer alıb

 

 

 

Dövlət başçısının sərəncamı ilə ölkəmizdə elan edilən “Şuşa İli” münasibətilə 270 yaşlı şəhərimizin tarixi-mədəni zənginliklərinin öyrənilməsi və təbliği məqsədilə müxtəlif layihələr həyata keçirilir. Aprelin 20-də Azərbaycan Milli İncəsənət Muzeyində təqdimatı reallaşanŞuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” kataloqu da belə layihələrdəndir.

Təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Şuşa şəhərində yerləşən və dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrindən ətraflı bəhs edən kataloqun çap olunmasını Dövlət Xidmətinin “Şuşa İli”nə töhfəsi olduğunu vurğuladı: “Azərbaycan və ingilis dillərində nəşr olunan kataloqda Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl və sonrakı görüntüləri, arxiv sənədləri, onların cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda abidələrin yerləşdiyi məkanlar müvafiq xəritə üzərində də qeyd olunub. Ümumiyyətlə, kataloqda Şuşa şəhərində erməni işğalının nəticələrini tam əks etdirməyə çalışmışıq”.

Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması, bərpa-konservasiyası, pasportlaşdırılması, eləcə də mühafizə zonalarının hazırlanması istiqamətində atılan addımlar barədə danışan Azad Cəfərli bu işlər həyata keçirilərkən qabaqcıl təcrübənin öyrənilməsinə önəm verildiyini bildirdi. Dedi ki, “Şuşa İli” çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bununla bağlı artıq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tədbirlər planı da təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhərində də Dövlət Xidməti tərəfindən öz fəaliyyət istiqamətinə uyğun olaraq işlər həyata keçirilibbu gündavam etdirilir. Şuşa şəhərində aparılan tarix-mədəniyyət abidələrinin monitorinqi tam yekunlaşdırılıb. Şəhərdə yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Bundan əlavə, Şuşa şəhərində abidələrin “bərpa təlimatı” hazırlanıb.

 

Azad Cəfərli çıxışının sonundaŞuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” kataloqunun ərsəyə gəlməsində yaxından göstərdikləri dəstəyə görə Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirdi.

 

Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirdi ki, azad olunan ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhəri bərpa-quruculuq işlərinin mərkəzində dayanır. Ötən dövr ərzində infrastruktur layihələri ilə bərabər tarix-mədəniyyət abidələrinin bərpası işlərinə də xüsusi diqqət yetirilib. Bu sahədə həyata keçirilən işlər uğurla davam etdirilirbu kataloq da məhz bu tədbirlər çərçivəsində hazırlanıb.

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov kataloqda əks olunan faktlara diqqət çəkdi. Qeyd etdi ki, bu faktlar tarix-mədəniyyət abidələrimizə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın hesablanması, nəticələrinin təhlil edilməsi, gələcək bərpa prosesinin düzgün istiqamətdə aparılması, eləcə də mədəni irsimizin məruz qaldığı dağıntı, vandalizm və mənimsəmə faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında tutarlı sənəd qismində çıxış edəcək.

 

Qeyd edək ki, kataloq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Beynəlxalq Multikulturalizm Mərkəzinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə hazırlanıb.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2022.-27 aprel.- S.6.