Mədəniyyət Nazirliyində
italiyalı musiqi xadimi
ilə görüş
Bakıda keçirilən “Barokko günləri” Beynəlxalq Musiqi Festivalına italiyalı tanınmış musiqi xadimi, professor Vinçenzo de Vivo da qatılıb.
Barokko dövrü musiqisinin mükəmməl bilicisi, dünyanın mötəbər vokal müsabiqələrində münsiflər heyətinin üzvü olan Vinçenzo de Vivo İtaliyanın Ozimo şəhərindəki məşhur vokal sənəti məktəbi – “Akkademia D’arte Lirika”nın bədii rəhbəridir. O, Milandakı “La Skala”dan Trevizo şəhərində yerləşən “Teatro Communale”yə qədər bir sıra teatrlarda fəaliyyət göstərib, müxtəlif ölkələri təmsil edən musiqiçilərlə çalışıb. Həmçinin onlarla opera tamaşasına librettolar yazıb. 2011-ci ildən bədii rəhbəri olduğu “Akkademia D’arte Lirika”da Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, Özbəkistan, Almaniya, Fransa, Rusiya, Braziliya, Misir, Yunanıstan, İsrail və digər ölkələrdən gələn tələbələri dünya opera səhnəsinə hazırlayır.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev aprelin 25-də “Barokko günləri” festivalının qonağı olan Vinçenzo de Vivo ilə görüşüb. Görüşdə nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və festivalın bədii rəhbəri, Əməkdar artist İlham Nəzərov da iştirak ediblər.
Görüş zamanı “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı, Azərbaycan və İtaliya arasında mədəni münasibətlər, o cümlədən ölkəmizdə klassik vokal məktəbinin inkişaf perspektivləri, mümkün birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2022.-27 aprel.-
S.3.