“Yeni adlar”
layihəsində gənc tarzənlər səhnəyə
çıxdı
Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” layihəsi davam edir. Gənc musiqiçilərin tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə mötəbər konsert zallarında ifasına şərait yaradılması onların böyük sənət yolunda addımları üçün mühüm stimuldur.
Aprelin 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında layihə üzrə növbəti musiqi axşamı gerçəkləşdi. Azərbaycan Milli Konservatoriyasının məzunları olan tarzənlər, respublika və beynəlxalq müsabiqələr laureatları İbrahim Babayev və Atabəy İsmayılovun iştirakı ilə konsert proqramı təqdim olundu.
Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri vardı. Konsertdə gənc tarzənləri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiət edirdi.
Proqramda Musa Mirzəyevin “Azərbaycan rəqsi”, Niyazinin “Qaytağı”, Hacı Xanməmmədovun kamança və orkestr üçün konsert (tar üçün işləmə), tar və orkestr üçün 2 nömrəli konsert əsərləri ifa olundu. Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
***
Konsertdən əvvəl qəzetimizə müsahibə verən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev layihənin əhəmiyyətini yüksək qiymətləndirdi: “Ölkəmizdə milli musiqinin, mədəni irsimizin qorunması, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində mühüm layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi də bunlardan biridir. Layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu duyaraq böyük sevgi hissi ilə ifa edənlərin sayının artmasına xidmət edir. Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında artıq iki konsert proqramı keçirilib”.
“Yeni adlar”ın budəfəki iştirakçılarını da oxucularımıza yaxından tanıtmaq istərdik.
İbrahim Babayev 1997-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Fikrət Əmirov adına 6 nömrəli Onbirillik incəsənət məktəbini tar sinfi üzrə bitirib, həmin ildən təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində davam etdirib. Sonra Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub.
İ.Babayevin tanınmış ifaçı və musiqi qrupları ilə uğurlu çıxışları olub. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində I yerə layiq görülüb. 2015-ci ildə Nyu-York şəhərində keçirilən “American Protegee İnternational Competition” beynəlxalq müsabiqəsində ölkəmizi yeganə iştirakçı kimi layiqincə təmsil edərək I yeri qazanıb. 2016-cı ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən “Ana yurdun ahəngləri” II beynəlxalq müsabiqəsində də I yerə layiq görülüb. Gənc tarzən həmin il Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatı ilə təltif edilib. 2017-ci ildə Bakıda keçirilən “Testene Art Baku” beynəlxalq incəsənət festival-müsabiqəsində və “Könül çeşmələri” müsabiqəsində I yerin sahibi olub. 2018-ci ildə isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş gənc ifaçıların III Respublika müsabiqəsində I dərəcəli diploma layiq görülüb.
Atabəy İsmayılov 1998-ci ildə
Füzuli rayonunda anadan olub. 2016-cı ildə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tar sinfi üzrə bitirib. 2020-ci ildə Azərbaycan
Milli Konservatoriyasını
bakalavr, 2022-ci ildə
magistr pillələrini
fərqlənmə diplomları
ilə bitirib. Atabəy il
uğurunu 2012-ci ildə
əldə edib. Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan
professional vokal sənətinin
banisi Bülbülün
115 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində Bülbül adına I Respublika müsabiqəsində
birinci dərəcəli
diplomla mükafatlandırılıb.
2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika
müsabiqəsində isə
Qran-pri mükafatını
qazanıb. Həmin
il dövlət
başçısının sərəncamı ilə
onun adı Azərbaycan gənc istedadlarının “Qızıl
kitabı”na yazılıb
və Prezidentin xüsusi aylıq təqaüdünə layiq
görülüb.
2018-ci ildə İspaniyanın Lloret de Mar şəhərində
keçirilən “Aralıq
dənizi əfsanələri”
beynəlxalq festival-müsabiqəsində
yeganə azərbaycanlı
iştirakçı olaraq
I yerin qalibi olub. 2019-cu ildə çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mövsümün
ən yaxşı musiqiçisi” adına
layiq görülüb.
“Yeni adlar” layihəsi üzrə konsert proqramları iyul ayınadək davam edəcək.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2022.-27 aprel.-
S.1;5.