Venesiyada Səfəvi tarixinə dair kitab nəşr edilib
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əhməd Quliyevin “Səfəvilər Venesiya və Avropa mənbələrində” adlı monoqrafiyası ingilis dilində (“Safavids in Venetian and European Sources”) Venesiyadakı Ka Foskari Universitetinin nəşriyyatında çap olunub.
Kitab müəllifin Avropa Komissiyasının “Horizon-2020” Mariya Skladovskaya Küri təqaüd proqramı çərçivəsində Venesiyanın Ka Foskari Universitetində 2019-2021-ci illərdə həyata keçirdiyi “Şərqlə Qərb Venesiyada qarşılaşır: Səfəvilər və venesiyalılar arasında mədəni əlaqələr və qarşılıqlı təsirlər” layihəsinin nəticələri əsasında yazılıb.
Kitabda yerli arxiv materialları və dövrün digər mənbələri əsasında Səfəvilər dövlətinin o vaxtkı Venesiya Respublikası ilə diplomatik münasibətləri, bu münasibətlərdə Osmanlı amilinin rolu və digər məsələlər tədqiq edilib. Müəllifin Venesiya Dövlət Arxivində aşkar etdiyi I Şah Abbasın Venesiya doju Marino Qrimaniyə yazdığı məktubun italyan dilinə tərcümə nüsxəsi əsasında Şah Abbasın hakimiyyəti dövründə ilk Səfəvi elçiliyinin Venesiyaya indiyədək tarix kitablarında qeyd olunduğu kimi 1600-cı ildə (Sücəddin Əsəd bəyin başçılığı ilə) deyil, 1597-ci ildə (Xoca İlyas və Mehmet Emin bəyin başçılığı ilə) göndərildiyi məlum olub.
Arxiv materiallarının tədqiq edilməsi nəticəsində Venesiyada ticarətlə məşğul olmuş bir çox Səfəvi tacirlərinin adları da aşkar olunub. Kitabda Venesiya Dövlət Arxivinin fondlarında saxlanılan Səfəvi-Venesiya əlaqələrinə dair italyan dilində 13 əlyazma sənədinin müəllif tərəfindən transkripsiya olunmuş mətnləri də verilib.
Mədəniyyət.- 2022.- 29
aprel.- S.6.