Alim-pedaqoq və yazıçı ömrü

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü, Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Mədəniyyət Mərkəzində görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 114-cü ildönümü münasibətilə tədbir təşkil olunub. Tədbirdə rayon Mərkəzi Kitabxanasının fondunda yer alan ədibin əsərlərindən, onun haqqında yazılmış bioqrafiyalardan ibarət kitab sərgisinə baxış keçirilib.

Sonra “Addım” Gənclər Təşkilatının sifarişi ilə yazıçının “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında lentə alınmış “İki yad adamfilmi nümayiş olunub. Təqdimatda filmin yaradıcı heyəti – layihənin rəhbəri, “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə, Əməkdar artist Gülşad Baxşıyeva, baş rol ifaçıları Riyad AbdulDuyğu Dəvəli də iştirak ediblər.

 

Qeyd edək ki, film Çinin paytaxtı Pekində keçirilən “Grand AsianFilm Festivalının final gecəsində nümayiş olunub. Ekran işi həmin festivalda “Ən yaxşı sosial mövzuda film” və “Ən yaxşı aktyor oyunu” nominasiyasında mükafatlara layiq görülüb.

 

***

 

İsmayıllı RMİ Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev-Muzeyində professor  Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı və fəaliyyəti” mövzusunda tədbir təşkil edilib. Muzeyin direktoru Rəqsanə Xəlilzadə və əməkdaşlar Nailə Cabbarova, Mehriban Kərimova ədəbiyyatşünas və yazıçının həyat və yaradıcılığı haqqında danışıblar.

 

Ağstafa RMİ Tovuz rayon Mərkəzi Kitabxanasında “Mir Cəlal Paşayev – 114” başlığında yazıçının əsərlərinin biblioqrafik xülasəsi və sərgisi təşkil olunub.

 

***

 

Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyində də tədbir keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə RMİ-nin təşkilatçılığı ilə reallaşıb. Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, muzeyin direktoru İradə Paşayeva, mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Mir Cəlalın həyat və yaradıcılığından söz açılıb. Bildirilib ki, Mir Cəlalın çoxşaxəli yaradıcılığı yeni nəsillərə örnəkdir.

 

Tədbirdə Mir Cəlal Paşayevin Ev-Muzeyinə yeni eksponatlar hədiyyə olunub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.4.