Son nəfəsində “Şuşamızı qoruyun!” demişdi...

 

Memar da, tarzən də ola bilərdi, şəhidliyi “seçdi”...

 

 

 

Şuşa İli” ilə bağlı təqdim etdiyimiz “Şuşalı Milli Qəhrəmanlar” silsiləsində bu dəfə igid Vətən oğlu Ramiz Qəmbərovun həyat və döyüş yolundan söz açacağıq.

Ramiz Bulud oğlu Qəmbərov 1962-ci il iyulun 2-də Şuşa şəhərində anadan olub. 1979-cu ildə H.Hacıyev adına 4 saylı Şuşa şəhər orta məktəbini bitirib. Bir müddət Kolxozlararası Tikinti İdarəsində fəhlə işləyib.

1980-ci ildə hərbi xidmətə yola düşüb, iki il sonra ordudan tərxis olunub Şuşaya qayıdıb. Əmək fəaliyyətinə fəhləlikdən başladığı idarəyə sonra mühəndis təyin edilir. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) daxil olur. Həm oxuyur, həm də işləyir.

Ramiz Qəmbərov 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları yenidən baş qaldıran zaman erməni separatizminə qarşı mübarizəyə qalxan xalq hərəkatına qoşulur. Bədnam qonşularımızın işğalçılıq niyyətlərinin qarşısının alınması üçün aktiv fəaliyyət göstərir. Buna görə ali təhsilini yarımçıq qoyur. O, 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır və özü də həmin batalyona başçılıq edir. Cəsur döyüşçü öz batalyonu ilə Şuşa şəhərinin, eləcə də Kərkicahan qəsəbəsi, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşur. Erməni terrorçuları 1992-ci ilin 29 aprelində Kosalar və Kərkicahana hücum edirlər. Ramiz Qəmbərovun batalyonu özünümüdafiə dəstələrinə köməyə gedir. Düşmən xeyli itki verir. Lakin həmin döyüşlərdə igid komandir ağır yaralanır və aprelin 30-da şəhid olur.

 

Milli Qəhrəmanın qardaşı Hafiz Qəmbərov qeyd edir ki, Ramiz cəsarətli, qorxmaz idi və Şuşanı canından artıq sevirdi: “O, tarda gözəl ifa edirdi. Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərov yayda Şuşada olanda onun ifasını eşitmişRamizin gözəl musiqiçi olacağını demişdi. Qardaşım o vaxt oxuduğu ali məktəbin 3-cü kursunda təhsilini yarımçıq qoyub Vətənin müdafiəsinə qalxdı. Şəhid olandan sonra onun diplomu bizə təqdim olundu. Həmin ali məktəbin foyesində Ramizin barelyefi qoyulub. Qardaşım deyirdi ki, ermənilər ancaq mənim nəşimin üstündən keçib Şuşaya girə bilərlər. Təəssüf ki, belə də oldu. Mayın 1-də Ramiz sevdiyi Şuşa torpağında dəfn olundu. Yeddi gün sonra Şuşanı itirdik. Şükür ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Şuşamızı, Qarabağımızı işğaldan azad etdi. Şuşaya gedəndə ilk işim qardaşımın məzarını ziyarət etmək oldu. Şuşa şəhidləri Cıdır düzündə dəfn olunmuşdular. Mənfur ermənilər həmin məzarları da yerlə yeksan ediblər...”.

 

Milli Qəhrəmanın döyüş yoldaşı İbrahim Məmmədov Ramiz Qəmbərovla bağlı xatirələrini bölüşür. Deyir, 1992-ci il aprelin 29-da ermənilər Qaybalı, Kosalar və digər kəndlərə hücum edəndə Ramiz Qəmbərov və mən daxil 10-dan çox əsgərdən ibarət qrup köməyə getdik. Biz əraziyə çatanda döyüş sakitləşmişdi. Daha sonra məlumat aldıq ki, düşmən aldadıcı manevr edərək Qızılqaya adlanan strateji yüksəkliyə hücum edib. Biz həmin istiqamətə yollandıq. Gördük ki, ermənilər bir postumuzu işğal edib. Günorta saatları idi. Bir az dincəldikdən sonra düşmən üzərinə əks-hücuma keçdik. Qeyri-bərabər olan döyüşdə Ramiz Qəmbərov və əsgərlərimiz böyük qəhrəmanlıq göstərdilər. Döyüşün qızğın anında mənə dedilər ki, tez gəl, Ramizi vurdular. Mən özümü Ramizin yanına yetirəndə onun kürək nahiyəsindən yaralandığını gördüm. Onu təcili döyüş bölgəsindən çıxararaq Şuşa Mərkəzi Rayon Xəstəxanasına apardım. O, dedi ki, əgər mənə bir şey olsa, Şuşamızı, batalyonumuzu qoruyun. Onu əməliyyat etdilər, lakin yarası ağır idi, bir gün sonra şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

Ramiz  Qəmbərov ölümündən sonra, 7 iyun 1992-ci il tarixində “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Qeyd edək ki, Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Ramiz Qəmbərov haqqında rejissor Kəmalə Musazadə tərəfindən “Şuşalı şəhid” adlı film çəkilib.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.6.