Ordubadinin 150 illiyinə həsr olunmuş tədbir
Bu il görkəmli
yazıçı, dramaturq,
publisist Məmməd Səid Ordubadinin (1872-1950)
anadan olmasının
150 illiyidir. Bu münasibətlə M.S.Ordubadinin
Ev-Muzeyinin təşəbbüsü
ilə silsilə tədbirlər keçirilir.
Növbəti tədbir
aprelin 26-da muzeyin və “Dünya Türk Ocaqları Mərkəzi”nin birgə təşkilatçılığı
ilə gerçəkləşdi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçısı Lalə Abaszadə tədbiri açaraq yazıçının həyat və yaradıcılığından danışdı. Diqqətə çatdırdı ki, Azərbaycan ədəbiyyatında parlaq iz qoymuş Məmməd Səid Ordubadi 1872-ci ilin baharında Ordubad şəhərində şair Hacıağa Fəqirin ailəsində dünyaya göz açıb. İlk təhsilini məhəllə mollaxanasında alıb. Sonra şair Mirzə Baxışın məktəbində, daha sonra isə böyük maarifpərvər M.T.Sidqinin Ordubadda açdığı yeni üsullu “Əxtər” məktəbində oxuyub. 1906-cı ilin aprelində Tiflisdə “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması M.S.Ordubadinin yaradıcılığı və gələcək taleyi üçün mühüm rol oynayıb...
“Dünya Türk Ocaqları Mərkəzi”nin rəhbəri Aygün İbrahimova çıxışında qeyd etdi ki, təşkilat olaraq Türk dünyasının görkəmli ədiblərini tanıtmaq, yaradıcılığını təbliğ etmək məqsədlərimizdən biridir. Ordubadi də Azərbaycan xalqının tanınmış yazıçısıdır, onu gənc nəslə tanıtmaq və sevdirmək borcumuzdur.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Babayeva bildirdi ki, Ordubadi Cəlil Məmmədquluzadə realist ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olub. O, Azərbaycan ədəbiyyatında tarixi romanın ilk yaradıcısıdır. Ədibin “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı”, “Qılınc və qələm”, “Qanlı illər” və digər əsərləri, ötən əsrdə olduğu kimi, bu gün də oxucuların marağına səbəb olur.
Tədbirdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, Bülbülün Ev-Muzeyinin direktoru Fərqanə Cabbarova, C.Cabbarlının Ev-Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Azərbaycan Dövlət Teatr Muzeyinin əməkdaşı Afət Abdullayeva və başqaları iştirak edirdi.
Sonda M.S.Ordubadinin Ev-Muzeyinin direktoru L.Abaszadə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
S.Fərəcov
Mədəniyyət.- 2022.- 29
aprel.- S.6.