Böyük ədəbiyyatşünasın
ilk qələm təcrübəsi
Mir Cəlal Paşayevin
“Ədəbiyyatda romantizm” əsəri 4
dildə nəşr olunub
Aprelin 27-də Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ilk ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərinin 4 dildə ilk nəşrinin təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq aprelin 26-da görkəmli ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 114-cü ildönümünün tamam olduğunu diqqətə çatdırıb. Bildirib ki, “Milli Kitabxananın qızıl fondundan” seriyasından nəşr olunan əsəri Mir Cəlal Paşayev 1928-ci ildə qələmə alıb. İlk ədəbi-tənqidi təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsəri XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatşünaslığında “ədəbiyyat hadisəsi” kimi qiymətləndirilə bilər: “20 yaşlı bir gəncin belə bir dərin məzmunlu əsər yazması ədəbiyyatımızda böyük hadisədir. Lakin bu əsərin Azərbaycan arxivlərindən və kitabxanalarından “səssizcə yoxa çıxarılması” nəticəsində bu qiymətli ədəbi-tənqidi əsər bir əsr ərzində elmi-ədəbi dövriyyədən kənarda qalmışdır. Bir əsr ərzində Mir Cəlalın müəllifi olduğu çoxsaylı kitabları nəşr edilib, lakin çox təəssüf ki, bu əsər indiyə kimi çap olunmamışdı”.
Direktor bildirib ki, 2018-ci ildə Milli Kitabxana Mir Cəlalın ədəbi-tənqidi məqalələrindən ibarət toplu nəşr etdirib: “Biz həmin vaxt çoxsaylı arxivlərə müraciət etsək də, həmin əsəri tapa bilmədik. Yalnız iki il öncə Rusiya Dövlət Kitabxanasında həmin əsəri çox çətinliklə əldə etdik və geniş ictimaiyyətə çatdırmaq üçün dörd dildə – Azərbaycan, rus, ingilis və ərəb dillərində ilk dəfə kitab halında çap olunmasını zəruri hesab etdik”.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, “Milli Kitabxananın qızıl fondundan” layihəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, öz bədii və elmi-publisistik əsərləri ilə ədəbiyyat tariximizdə xüsusi yeri olan professor Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” əsəri ilə açılır. Sevindirici haldır ki, Mir Cəlalın ad günü ərəfəsində bu əsər 4 dildə nəşr olunub. Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir. Onun qələmə aldığı əsərlər bütünlükdə cəmiyyət üçün çox əhəmiyyətlidir.
Anar Kərimov qeyd edib ki, bu bir başlanğıcdır, bundan sonra da ədəbiyyatımıza bəlli olmayan yeni əsərlərin də müəyyən edilərək geniş ictimaiyyətə çatdırılması üçün işlər görüləcək.
Romantizm nəzəriyyəsinin ədəbiyyatşünaslığın bir qolu olduğunu bildirən Xalq yazıçısı Elçin vurğulayıb ki, 20 yaşında gənc kənd müəlliminin belə bir əsər yazması onun böyük gələcəyindən xəbər verirdi. Mir Cəlal birbaşa ədəbiyyata, ədəbiyyatşünaslığa xidmət edən böyük ədibdir: “Bu gün biz Nizami, Füzuli, M.Ə.Sabir, Mirzə Cəlil kimi görkəmli yazarlarımızdan danışanda Mir Cəlal müəllimin xidmətləri yada düşür. Sovet dönəmində çox istedadlı yazarlarımızın olmasına baxmayaraq, mövzu baxımından onların əsərləri bu günümüzlə səsləşmir. Lakin Mir Cəlalın əsərlərinin mövzusu daim aktualdır. Fəxr edirəm ki, Azərbaycan ədəbiyyatında belə ədiblər yetişib”.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov çıxış edərək bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib. O vurğulayıb ki, Mir Cəlalın əsərinin təxminən bir əsrdən sonra digər ölkələrin arxivlərindən tapılaraq Azərbaycana gətirilməsi və onun 4 dildə nəşr olunaraq mütəxəssislərə və oxuculara çatdırılması çox təqdirəlayiq bir addımdır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək əvvəlcə kitab ocağına, Milli Kitabxanaya və Mədəniyyət Nazirliyinə belə bir layihəyə başladıqları üçün öz təşəkkürünü bildirib. Vurğulayıb ki, Mir Cəlal müəllimin əsərlərinin hamımızın həyatına bir təsiri olub. Bu gün təqdim olunan əsər sanki 1928-ci ildə deyil, müasir dövrümüzdə yazılıb. O, kitabın tərtibində əməyi keçən bütün kollektivə öz təşəkkürünü bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov, Prezident yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, professor Asif Rüstəmli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli və digər çıxış edənlər təqdimatı keçirilən nəşr və Mir Cəlalın yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Sonda qonaqlar Mir Cəlal Paşayevin həyat və yaradıcılığını əhatə edən kitab sərgisi ilə tanış olublar.
Mədəniyyət.- 2022.- 29 aprel.- S.1;3.