Ölkəmiz Qırğızıstanda musiqi və rəqs konqresində təmsil olunub
20-25 aprel tarixində Qırğızıstanda keçirilən ənənəvi musiqi həftəsi və IX Beynəlxalq Musiqi və Rəqs Konqresində ölkəmiz də təmsil olunub. Bakı Xoreoqrafiya Akademiyasının (BXA) nümayəndə heyəti konqresdə iştirak edib.
Tədbirə Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Hindistan, Rusiya, İtaliya, Böyük Britaniya, Almaniya, Macarıstan və digər ölkələrdən nümayəndələr də qatılıb.
BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova, orta ixtisas təhsil pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, elmi katib, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədovadan ibarət heyət Bişkek Xoreoqrafiya Akademiyasında tədris prosesi ilə yaxından tanış olub. İki akademiya arasında gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Sonra Tahir Eynullayev Türkiyə nümayəndəsi, konqresin rəhbəri Kurşad Gülbeyaz ilə birlikdə Bişkek Xoreoqrafiya Akademiyasının tələbələrinə ustad dərsləri keçib. O, tələbələrə BXA-nın fəaliyyəti haqqında da məlumat verib.
Növbəti gün Tahir Eynullayev Qırğızıstan Dövlət Mərkəzi Kitabxanasının zalında Azərbaycanın xalq rəqsi “Yallı” barədə məlumat verib, qırğız tələbələrə bu rəqslə bağlı ustad dərsi keçib. Ustad dərsinə konqresə qatılan müxtəlif ölkələrin nümayəndələri də qoşulublar.
BXA-nın nümayəndə heyəti konqresdə aktiv iştirakına görə sertifikatla təltif olunub. Bişkek Xoreoqrafiya Akademiyası tərəfindən BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadəyə təşəkkür məktubu da göndərilib.
Qeyd edək ki, Qırğızıstanda IX Beynəlxalq Musiqi və Rəqs Konqresi çərçivəsində müxtəlif ölkələrdən nümayəndələrin iştirakı ilə “Melodiya günü”, “Epos günü” kimi tematik məşğələ və ustad dərsləri təşkil olunub. Həftə ərzində T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrında “Qorqud-Ata” tamaşası göstərilib, sərgi-yarmarka keçirilib.
Mədəniyyət.- 2022.- 29
aprel.- S.8.