Niyazinin Mənzil-Muzeyində Fikrət Əmirov yad edildi

 

Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illiyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Növbəti yubiley tədbiri aprelin 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində gerçəkləşdi.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bəstəkarın həyat və fəaliyyətinə qısa nəzər saldı.

Bildirildi ki, F.Əmirovun zəngin yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbətini qazanıb. Görkəmli bəstəkarın dərin məzmunlu, yüksək fəlsəfi və psixoloji mahiyyətli əsərləri musiqi tariximizin parlaq səhifələrini təşkil edir.

BMA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı bildirdi ki, Fikrət Əmirov musiqinin bir çox janrlarında əsərlər bəstələyib. Müəllifin “Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd-ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, skripkafortepiano üçün “Muğam-poema”sı, süitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqilər Azərbaycan mədəni irsinin qiymətli inciləridir.

 

N.Salmanlının çıxışı muzeyin zəngin materialları əsasında hazırlanmış bəstəkarın yaradıcılığını əks etdirən videoçarx ilə müşayiət olundu.

Abdulla Şaiqin Ev-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə çıxışında Fikrət Əmirovun əsərlərinin yüksək sənətkarlığından, dünya səhnələrini dolaşmasından danışıb. Ü.Talıbzadə daha sonra görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun Nizami Gəncəvinin “İskəndərnamə” poemasının motivləri əsasında yazdığı “Nüşabə” operası ilə bağlı söz açdı. Bildirdi ki, bir çox mənbələrdə əsərin natamam olduğu bildirilsə də, yeni sənədlər əsərin tamamlandığını deməyə əsas verir.

Çıxışlardan sonra bədii hissəyə keçildi. BMA-nın professoru, Xalq artisti Ülviyyə Hacıbəyova ilk dəfə olaraq Z.Hacıbəyovun “Nüşabə” operasından musiqi nömrələrini təqdim etdi. BMA-nın professoru, Xalq artisti Gülnaz İsmayılova, təhsil ocağının dosenti Nərgiz Salmanlı, beynəlxalq müsabiqələr laureatları Məryəm Yusifova və Səbinə Quliyeva, eləcə də akademiyanın tələbələri Emin İsmayılov, Ofeliya Dadaşova, Məryəm Məmmədova, Natəvan Səlimova və Rasimə Abdullayevanın ifalarında Fikrət Əmirovla yanaşı digər Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edildi. Çıxışlar alqışlarla qarşılandı.

Xalq artisti Gülnaz İsmayılova müəllifi olduğu “Azərbaycan bəstəkarlarının opera, müziklmusiqili komediyalarından soprano üçün seçilmiş ariyaları” kitabını mənzil-muzeyə bağışladı.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.