Tar sənətinin zirvəsində”

 

BMA-da Ramiz Quliyevin 75 illik yubileyinə həsr olunmuş konfrans

 

 

 

Ustad tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Ramiz Quliyev aprelin 30-da 75 yaşını qeyd edəcək. Bu il həmçinin sənətkarın yaradıcılıq fəaliyyətinin 55 ili tamam olur.

Aprelin 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ramiz Quliyevin hər iki yubileyinə həsr olunmuş elmi praktik konfrans keçirilib.

Konfransı BMA-nın rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyli açaraq yubilyarla birlikdə xarici  ölkələrə qastrol səfərlərindən, yaddaqalan konsertlərdən bəhs edib. Qeyd edib ki, Ramiz Quliyevin ən yaddaqalan ifalarından biri Ağdamın Şelli kəndi istiqamətində əsgər kazarmasının önündəki çıxışı idi. Həmin konsert düşmənin atəş səslərinin altında keçmişdi. Buna baxmayaraq, Ramiz Quliyevin döyüşkən tarında səslənən “Mahur”, “Segah”, “Çahargah” düşmənin atəşini “susdurmuşdu”.

BMA-nın elm və yaradıcılıq üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə çıxışında professor Ramiz Quliyevin elmi fəaliyyətindən, gənc ifaçıların yetişməsində böyük zəhmətindən söhbət açıb.

BMA-nın elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, A.Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Xalq artisti, Üzeyir Hacıbəylinin  Ev-Muzeyinin direktoru  Sərdar Fərəcov da çıxış edərək yubilyar sənətkarla bağlı ürək sözlərini bölüşüblər.

Ramiz Quliyev çıxış edərək tədbirin iştirakçılarına və xoş sözlərə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, mayın 6-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək. Tədbirdə görkəmli tarzənin xatirələrindən ibarət yeni kitabın təqdimatı və ona həsr olunmuş sənədli filmin nümayişi də nəzərdə tutulub.

 

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.3.