“Şəhidliyin zirvəsi”
Milli Qəhrəmanın xatirəsinə
həsr olunan sərgi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin (1957-1992) xatirəsinə həsr olunan “Şəhidliyin zirvəsi” adlı sərgi açılıb.
Baş idarədən bildirilib ki, sərgidə şəhidin həyatını və döyüş yolunu əks etdirən şəkillər, məqalələr və kitablar yer alıb.
Qeyd edək ki, Fəxrəddin Musa oğlu Musayev 1957-ci il iyulun 30-da Türkmənistanın Bayraməli şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurub, Qorki Politexnik İnstitutunun (Rusiya) Gəmiçilik fakültəsinə qəbul olub. Hərbi xidmət keçdikdən sonra Bakı Məişət Kondisionerləri Zavodunda işləyib.
1979-cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olub. 1982-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib, təyyarələrin uçuş istismarı ixtisasına yiyələnib. Bakıya qayıdaraq öz ixtisası üzrə işə başlayıb. 1987-ci ildə isə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə edilməsi üzrə təhsil alıb.
Ermənistan ölkəmizə qarşı
işğalçılıq müharibəsinə başlayanda Hərbi Hava
Qüvvələrində baş leytenant rütbəsi ilə Vətənin
müdafiəsinə qalxıb. Qarabağda keçirilən hərbi əməliyyatlarda fəal
iştirak edib. 1992-ci il aprelin 11-də Füzuli rayonu ərazisində
şəhid olub, Bakıda Şəhidlər
xiyabanında dəfn edilib.
Ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görülüb.
Mədəniyyət.- 2022.- 3
avqust.- S.6.