“İstəyirik ki,
ölkəmizin kino sənayesi peşəkarlar
üçün cəlbedici olsun”
Avqustun 1-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının təşkilatçılığı ilə Milli Kino Gününə həsr olunan tədbir keçirildi.
Tədbiri kinostudiyanın İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Lətif Lətifsoy açaraq gündəliyi diqqətə çatdırdı. Bildirdi ki, tədbirdə “Azərbaycanfilm”in yeni loqo və saytının təqdimatı olacaq, Qarabağ mövzusunda ssenari müsabiqəsinin qalibləri elan ediləcək, həmçinin kinostudiyanın 100 illik yubileyi ilə bağlı tədbirlər planı haqqında məlumat veriləcək.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə kino işçilərinə təbriklərini çatdırdı. Qeyd etdi ki, cəmiyyətin inkişafında kino sənətinin böyük rolu var: “Nazirlik olaraq arzumuz budur ki, Azərbaycan kinosu cəmiyyətin inkişafında özünü səfərbər etsin. Nazirliyin prioritet istiqamətlərindən biri də kino sənayesinin inkişafıdır. Bu gün əsas mövzu tarixi Zəfərimizdir. Çalışırıq ki, bütün sahələrdə, xüsusən kino sahəsində də Vətən müharibəsində Qələbəmiz sənətin dili ilə yaddaşlarda əks olunsun. Bununla əlaqədar müxtəlif müsabiqələr keçirilir. Bugünkü tədbirin bir hissəsi də “Azərbaycanfilm” tərəfindən keçirilən müsabiqənin nəticələrinə həsr olunub”.
Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində islahatlar aparıldığını bildirən Elnur Əliyev dedi ki, proses üç hissədən ibarətdir: funksionallıq, hüquqi bazanın təkmilləşdirilməsi və kadr potensialı: “Hər üç sahə üzrə işlər davam edir. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalanıb. Agentlik kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətədavamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə yaradılır. Bizim bununla bağlı böyük ümidlərimiz var. İstəyirik ki, ölkəmizdə kino sənayesi peşəkarlar üçün cəlbedici olsun. Eyni zamanda investisiya üçün də maraq kəsb etsin. Yalnız bu zaman kino sənayesi uzunmüddətli inkişaf yoluna qədəm qoya bilər. Bu sahənin hüquqi bazasının yaradılması üçün nazirlik müxtəlif qurumlarla əməkdaşlıq edir. Kadr potensialı ilə bağlı da addımlar atılır, ustad dərsləri təşkil olunur, tanınmış peşəkarları Azərbaycana dəvət edirik...”.
2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılan Azərbaycan Film Komissiyası haqqında da söz açan nazirin birinci müavini dedi ki, qurum ölkəmizin müxtəlif sahələrdə geniş potensialının kino sahəsi ilə təbliğinə xidmət edəcək. Əsas məqsəd Azərbaycanı beynəlxalq kino istehsalçıları üçün geniş imkanları olan çəkiliş məkanı kimi təqdim etmək, beynəlxalq kino istehsalçıları ilə müştərək layihələr həyata keçirmək, eyni zamanda ölkəmizə xaricdən maliyyə vəsaitinin cəlb edilməsinə nail olmaqdır: “Ümid edirik ki, həyata keçirdiyimiz layihələr və ümumi fəaliyyətimiz Azərbaycanın kino sahəsinə, kinomuzun dünyada tanıdılmasına və nüfuzunun artırılmasına töhfə verəcək. Film Komissiyası artıq bu istiqamətdə öz töhfəsini verməkdədir. Bir neçə məşhur filmin ölkəmizdə çəkilişi reallaşıb. Bu layihədən Azərbaycana sərmayə gəlir, həm də bizim kino işçiləri təcrübə qazanırlar. Ölkəmiz beynəlxalq arenada tanınır və inteqrasiyası genişlənir. Əsas məqsədlərimizdən biri də kinonun dövlət dəstəyindən asılı olmayaraq inkişafını təmin etməkdir”.
Elnur Əliyev həmçinin diqqətə çatdırdı ki, Kino Agentliyinin ilin sonuna qədər fəaliyyətə başlaması gözlənilir. ARKA-nin yaradılması kadr potensialının gücləndirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün çox vacibdir.
Çıxışının sonunda kino işçilərinə peşə bayramı münasibətilə ən xoş arzularını ifadə edən Elnur Əliyev bir qrup kino xadiminə nazirliyin fəxri fərmanını və pul mükafatını təqdim etdi.
***
Sonra “Azərbaycanfilm”in Mətbuat xidmətinin rəhbəri, rejissor Ramil Ələkbərov kinostudiyanın yeni loqo və saytını təqdim etdi. Bildirdi ki, yeni loqonun müəllifi dizayner Emin Rzayevdir. Narıncı, sarı və qırmızı rəngləri özündə birləşdirən loqoda obyektiv diafraqması, işıq və göz, proyektor əks olunub. Bunların hər biri simvolik olaraq tamaşaçı və müəllif gözü, kinonun mənşəyini ifadə edir. Yenilənən saytda isə “studiya”, “xidmətlər”, “menyu”, “əlaqə”, “haqqımızda” bölmələrində milli kinomuz və “Azərbaycanfilm” barədə ətraflı məlumat əldə etmək mümkündür.
Ardınca Qarabağ mövzusunda ssenari müsabiqəsinin ekspert şurası səhnəyə dəvət edildi. “Azərbaycanfilm”in 100 illik yubileyinə həsr edilən tammetrajlı bədii film ssenarisi müsabiqəsinin ekspert şurasının sədri, Əməkdar incəsənət xadimi Ayaz Salayev, şuranın üzvləri Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar incəsənət xadimi Əli Əmirli, həmin universitetin müəllimi, sənətşünas Nadir Bədəlov, ssenarist İsmayıl İman qalibləri elan etdilər.
Bildirildi ki, müsabiqəyə 60 ssenari daxil olub. Müraciətlərdən
7-si reqlamentə uyğun
olmadığı üçün
qəbul edilməyib.
Digər
ssenarilərin dəyərləndirilməsi
aparılıb.
Ekspert şurasının
qərarı ilə birinci yeri Mirsadıq
Ağazadənin “Supəri”
ssenarisi qazanıb. İkinci yerə
Türkan Hüseynin “Axırıncı palata”, üçüncü yerə
isə Nicat Dadaşovun “Zirzəmi” ssenarisi layiq görülüb. Qaliblərə müvafiq olaraq 10 000, 8 000
və 5 000 manat mükafat veriləcək.
***
Qaliblər elan edildikdən sonra “Azərbaycanfilm” Kinostudiyasının direktoru
Nazim Hüseynov jurnalistlərin suallarını
cavablandırdı.
Gələn il “Azərbaycanfilm”in 100, Azərbaycan
kinosunun 125 illiyi münasibətilə həyata
keçiriləcək tədbirlər
planı haqqında məlumat verən direktor bildirdi ki, Qarabağ mövzusunda müsabiqədə
qalib olan ssenari nümunələrinin
gələn ilə kimi lentə alınması da reallaşa bilər. Nazim Hüseynov onu da diqqətə çatdırdı ki, yubileylə bağlı tədbirlər planı yaradıcı təşkilatlarla
müzakirə edilib təsdiq üçün
Mədəniyyət Nazirliyinə
təqdim olunacaq.
Yubiley tədbirlərində
sərgilər, dəyirmi
masalar, rekvizit-geyim, eskiz-dekor, kadrarxası fotolardan ibarət sərgilərin keçirilməsi
planlaşdırılır.
Direktor kinostudiyaya rəhbərliyi
dövründə beş layihənin həyata keçirildiyini də bildirdi, dövlət sifarişli filmlərin büdcəsini
açıqladı. Dedi
ki, “Görünməyən
qəhrəmanlar 2” sənədli
filmlər silsiləsinə
(5 film) 246 510 manat, “Görünməyən
qəhrəmanlar 3” sənədli
filmlər silsiləsinə
(2 film) 114 400 manat, “ANAMA” sənədli
filmi üçün
141 100 manat, “Mehmandarovlar”
bədii-sənədli filmi
üçün 93 250 manat,
“İnteract Film Lab” layihəsi
üçün 385 270 manat
maliyyə ayrılıb.
Aparılan islahatlar haqqında
danışan Nazim Hüseynov dedi ki, bu ilin
əvvəlinə qədər
Mədəniyyət Nazirliyinin
tabeliyində “Azərbaycanfilm”,
“Salnaməfilm”, “Debüt”,
“Azanfilm”, “Mozalan”, “Dublyaj” və “Yaddaş” studiyaları mövcud idi. Bu studiyaların bir
qismi artıq istehsalatda olan layihələrini təhvil
veriblər və faktiki olaraq fəaliyyət göstərmirlər.
Kino Agentliyinin strukturu
tam şəkildə açıqlandıqdan
sonra kino sahəsində sürətli
və effektiv iş mühitini təşkil etmək üçün digər studiyaların struktur bölmələr şəklində
“Azərbaycanfilm”in nəzdində
fəaliyyətini davam
etdirməsi planlaşdırılır.
Hazırda olduğu kimi,
dövlət sifarişi
ilə audiovizual məhsulların istehsalı
“Azərbaycanfilm” Kinostudiyasında
aparılacaq.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 3
avqust.- S.3.