Lənkəranda Orta əsrlərə
aid maddi mədəniyyət
nümunələri aşkarlanıb
Lənkəran rayonunun Velədi kəndi ərazisində aparılan tikinti işləri zamanı maddi mədəniyyət nümunələri aşkarlanıb.
AMEA-dan bildirilib ki, bu barədə
Lənkəran Regional Elmi
Mərkəzinə müraciət
olunub. Mərkəzin Folklor, etnoqrafiya və arxeologiya şöbəsinin aparıcı
elmi işçiləri,
tarix üzrə fəlsəfə doktorları
Samir Kərimov və Mais Cəfərov
tərəfindən əraziyə
baxış keçirilib.
Məlum olub ki, Lənkərançayın
sağ sahilində – Velədi və Gərmətük kəndlərinin
arasında yerləşən
yeni məhəllədə
hasar tikintisi ilə əlaqədar qazılan xəndəkdə
40 sm dərinlikdən
Orta əsrlərə
aid şirsiz və şirli saxsı məmulatları aşkarlanıb. Tapılan
məmulatlar burada mədəni təbəqənin
qalınlığı 1 metrdən
çox, təqribən
2 ha sahəyə malik
olan və IX-XI əsrlərə aid yaşayış
yerinin mövcudluğunu
deməyə əsas verir. Abidə üzərində Velədi kəndinin yeni məhəlləsi salındığından mədəni
təbəqə ciddi
dağıntılara məruz
qalıb və onun mikroreylefi pozulub. Həmin ərazidən təqribən
1 km şərqdə isə
həyətlərin birində
quyu qazılarkən təqribən 3-4 m dərinlikdən
Erkən Orta əsrlərə aid buxurdan
və saxsı qazan tapılıb.
Alimlərin fikrincə, abidələrdə
mədəni təbəqənin
xarakterini dəqiq müəyyən etmək
üçün gələcəkdə
arxeoloji qazıntıların
aparılması zəruridir.
Mədəniyyət.- 2022.- 17
avqust.- S.7.