Hacıbəylilər nəslinin
şöhrətli nümayəndəsi
Azərbaycan musiqi tarixində elə simalar var ki, onların yaradıcılığı dünya musiqi xəzinəsinə daxil olmuşdur. Belə sənətkarlar sırasında görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatı və Nehru adına Beynəlxalq mükafat laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 20.8.1912 2.8.1984) xüsusi yeri var.
Niyazi professional musiqimizin banisi Üzeyir Hacıbəylinin, sözün həqiqi mənasında, davamçısı, Hacıbəylilər nəslinin şöhrətli nümayəndələrindən biridir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Niyazi həm fitri istedadına, həm musiqi sənətində xüsusi üslubuna, həm də bənzərsiz yaradıcılıq yoluna görə bütün başqa bəstəkarlardan, dirijorlardan seçilirdi. Onun interpretasiyasında klassik və müasir əsərlər ideya-emosional məzmun cəhətdən dolğun, ifadəli və yüksək temperamentlə səslənirdi. Dirijorun repertuarında Qərbi Avropa, rus klassiklərinin, müasir Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri mühüm yer tuturdu.
Maestro Azərbaycan bəstəkarlarının, demək olar ki, bütün simfonik əsərlərinin, özü də ən sanballı əsərlərinin ilk təfsirçisi olmuşdur. O, Azərbaycan bəstəkarlarının böyük bir nəslinin yetişib formalaşmasına əvəzsiz töhfələr vermişdir. Bir çox bəstəkarlar Niyazi məktəbi keçmişlər və bu, onların inkişafında, dünyagörüşündə, zövqlərinin formalaşmasında çox böyük rol oynamışdır.
Azərbaycan professional dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Bütün Azərbaycan dirijorları Niyazinin tələbələri, Niyazi məktəbinin davamçılarıdır. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Niyazi ilə çoxillik yaradıcılıq ünsiyyəti nəticəsində professional məharət zirvələrinə qalxmış, Azərbaycan simfonizminin əsl yaradıcılıq laboratoriyasına çevrilmişdir.
Azərbaycan musiqisi yarım əsrə yaxın böyük bir zaman kəsiyində maestro Niyazinin çox fəal iştirakı ilə inkişaf etmişdir. Respublikanın musiqi ictimaiyyəti qarşısında, Azərbaycan Bəstəkarlar İttifaqının qurultaylarında və plenumlarında gənc Azərbaycan bəstəkarlarının əsərlərinin Niyazi dirijorluğu ilə səslənməsi musiqisevərlər üçün əsl bayrama çevrilirdi.
Bütün gənc bəstəkarlar Niyaziyə doğru can atırdı, çünki o, yalnız dirijor deyil, həm də orkestri gözəl bilən bəstəkar idi. Müxtəlif yaş nəslindən olan Azərbaycan bəstəkarları öz partituralarını məhz Niyaziyə göstərirdilər.
Azərbaycanın tanınmış ifaçılar nəslinin yetişməsində Niyazinin mühüm rolu olmuşdur. Firəngiz Əhmədova, Fidan və Xuraman Qasımova bacıları, Lütfiyar İmanov, Rauf Atakişiyev və başqa sənətkarlarımızı operaya məhz Niyazi gətirib, onları bütün dünyada məşhurlaşdırıb.
Milli simfonizmin təşəkkülü və inkişafında da Niyazinin xidmətləri böyükdür. Onun Rast simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilin əlvanlığı ilə fərqlənir. Rast müəllifin rəhbərliyi ilə bir çox xarici ölkələrdə səslənmiş, dünyanın tanınmış musiqi şirkətləri tərəfindən qrammofon vallarına yazılmışdır.
Bəstəkarın Nizami Gəncəvinin poeması əsasında yazdığı Xosrov və Şirin operası musiqi dramaturgiyasının çoxplanlı olması, xor səhnələri və orkestr epizodlarının ifadəliliyi ilə fərqlənirdi. Rabindranat Taqorun dramı üzrə yazdığı Çitra baletində isə hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestr səslənməsində hind musiqi alətlərinin ifasını xatırladan tembr nüanslarından istifadə edilmişdir.
Niyazi həmçinin
simfonik, kamera-instrumental
əsərlərin, mahnı
və romansların müəllifidir. Bəstəkarlıq fəaliyyətindən danışarkən onu Azərbaycan kino musiqisinin və dram tamaşaları üçün
yazdığı musiqi
əsərlərinin müəllifi
kimi də xatırlayırlar. O həm
də bu sahədə fəaliyyət
göstərən ilk bəstəkarlarımızdan
biri idi.
Niyazi onlarla xarici ölkədə çıxış etmiş
və Azərbaycan musiqisini yüksək səviyyədə təmsil
və təbliğ etmişdir. Maestro 1961-ci ildə
Leninqrad Opera və Balet Teatrının baş dirijoru olmuş, P.Çaykovskinin
Yatmış gözəl
və S.Prokofyevin Daş çiçək
baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin Qrand-Opera və Londonun Kovent-Qarden teatrlarında qastrollarda olmuş, Ankara Opera və Balet Teatrında P.Çaykovskinin Yevgeni Onegin və Qaratoxmaq qadın, C.Verdinin Aida operalarına,
İstanbul Opera Teatrında
Adnan Sayqunun Koroğlu operasının
ilk tamaşasına və
Yunus Əmrə oratoriyasına dirijorluq etmişdir.
Niyazinin ictimai fəaliyyəti də çox zəngin olmuşdur. O, 1938-ci ildən (fasilələrlə) Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifələrində çalışmış, 1937-1948-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, daha sonra isə direktoru, bədii rəhbəri və baş dirijoru olmuşdur. 1979-cu ildən həyatının sonuna qədər Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Dalbadal yeddi çağırış Azərbaycan Ali Sovetinin deputatı olmuş və xalqın elçisi kimi saysız-hesabsız xeyirxah işlər görmüşdür.
Niyazi sənəti əbədidir. Çünki o, istedadı, yaradıcılıq fəaliyyəti və böyük zəhməti sayəsində ümumxalq məhəbbəti qazanmışdır.
Ümummilli lider Heydər Əliyevin maestronun mənzil-muzeyinin açılışında qeyd etdiyi kimi, Niyazi respublikamızda, keçmiş Sovet İttifaqında, dünyanın ən böyük ölkələrində tanınan, sayılan, hörmət qazanmış bir sənət ustasıdır. Niyazinin ən böyük xidməti ondan ibarətdir ki, o həm bəstəkar kimi milli musiqimizi zənginləşdirmiş, həm də bir dirijor kimi Üzeyir Hacıbəylidən başlayaraq gənc bəstəkarlaradək, onların yaratdıqları əsərlərin meydana çıxması, xalqa çatdırılması, səhnələrdə tamaşaya qoyulması üçün misilsiz işlər görmüşdür.
Niyazi kimi sənətkarları tarix tək-tək yetirir. Onlar haqlı olaraq xalqın qüruruna çevrilirlər. Xalqımız böyük sənətkarın xatirəsini hər zaman yaşadacaqdır.
Rza Bayramov
Niyazinin Mənzil-Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi
Mədəniyyət.- 2022.- 19
avqust.- S.7.