“Bəxt üzüyünün Sevdası, estradamızın sevdalısı

 

Tanınmış müğənni və aktrisa Firəngiz Rəhimbəyova dünyasını dəyişib

 

16 avqust tarixində bu dünyadan bir səs köç etdi. O səs ki, Azərbaycan klassik estrada sənətində yadda qalacaq, könülləri hər zaman oxşayacaq. Bu səs tanınmış müğənni, aktrisa Firəngiz Rəhimbəyovanın səsi idi...

1990-cı illərin əvvəllərində ABŞ-a köçən müğənni doğma Vətənində heç zaman unudulmadı, oxuduğu mahnılar radio dalğalarında dinlənildi. Son 10 ildə Firəngiz xanımın ifalarını dinləyəndə, müğənninin ölkəmizin əlamətdar günləri bayramlarında sosial şəbəkələr üzərindən xalqımıza təbriklərini oxuyanda nədənsə Rusiyanın estrada ulduzu Alla PuqaçovanınÖzüm haqqında mahnı”sı yadıma düşürdü. Mahnıda təxminən belə deyilir: “Kimsə haradasa haqqımda boş yerə şayiələr yayır, guya mən kədərsiz, qayğısız yaşayıram, dünyanın ən şanslısı mənəm... Mən hamı kimi bu yer üzündə yaşayıram hamı kimi taledən özümə xoşbəxtlik diləyirəm...”.

Həmişə həyatsevər, pozitiv xoş aura bəxş edən Firəngiz xanımı bəlkə çoxları bəxtəvər sayırdı. İfalarını da elə ruhda çatdırırdı ki, insan bu qadının hər zaman şən-xürrəm olduğunu zənn edirdi. 1980-ci ilin ortalarında estradaya gəlməklə özü ilə bu sənətə yeni bir nəfəs gətirmiş oldu. Müxtəlif bəstəkarların mahnılarını özünəməxsus ustalıqla, oxu üslubu xarakteri ilə çatdırmağı bacaran müğənni fərqli səs tembri, açıq səs imkanları ilə seçilirdi. Eldar Mansurovun, Rafiq Babayevin, Oqtay Kazımovun bəstələrini sevə-sevə, yaşayaraq dinləyiciyə çatdıran müğənniƏgər məni unutsan”, “Ana torpaq”, “İnanıram sevgiyə digər populyar mahnılarla musiqisevərlərin könlünü oxşayırdı.

Sənət şöhrəti artan müğənni özünü aktrisa kimi sınamağa qərar verir. Gümüşgöl əfsanəsi” (1984) filmində epizodik rolda (müğənni) çəkilir. Filmin bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayev müsahibələrinin birində Firəngiz xanımıAzərbaycanın Alla Puqaçovasıadlandırmışdı.

Onu aktrisa kimi şöhrətləndirən isə, sözsüz ki, “Bəxt üzüyü” (1991) filmi oldu. Filmdəki Sevda (Seda) obrazı onu tamaşaçılara daha da sevdirmişdi. Filmin baş rol qəhrəmanı MoşuXalq artisti Valeh Kərimov bir müsahibəsində deyirdi ki, aktrisa Yasəmən Malik həmin roldan imtina edibmiş. Rejissor Ramiz Əzizbəyli bu rola uzun zaman aktrisa axtarışında olur. Nəhayət, Firəngiz Rəhimbəyovanı həmin filmə dəvət edir...

***

Müğənni-aktrisanın vəfat xəbəri onun sənət dostlarını sarsıdıb.

Xalq artisti Eldar Mansurov müğənninin dünyasını dəyişməsini təəssüflə qarşılayır: “Firəngiz Rəhimbəyova ilə tanışlığım 80-ci illərin əvvəlinə təsadüf edir. İki mahnımı oxudu. Biri Rauf Abdullayevlə duet idi, digərini, təəssüf ki, indi xatırlamıram. Gözəl alındı. İlk uğurlu mahnı isə Yeni il şənliyi üçün yazdığımTəzə ilmahnısı idi. O vaxtlarda Rafiq Babayev estrada orkestrinə yeni bədii rəhbər təyin olunmuşdu. Firəngiz həmin orkestrlə bu mahnını oxudu çox uğurlu alındı. Bu ifadan sonra onu Azərbaycan Televiziyasına solist kimi qəbul etdilər. 1985-ci ildən intensiv əməkdaşlığımız başladı.

Çox mehriban insan idi. Ailəvi dostluq edirdik, evimizə tez-tez gəlirdi, mahnıları işləyirdik. Yoldaşımla da rəfiqə idilər. Çox mehriban insan idi. Onun heç vaxt qeybət etdiyini, gileyləndiyini görmədim. Arzusu, istəyi müxtəlif üslublu mahnılar ifa etmək idi. Ona deyirdim Avropa üslubunda ifalar sənə çox yaraşır. Digər bəstəkarların da mahnılarını səsləndirirdi. Onun xoşuma gələn bir cəhəti bu idi ki, hər bəstəkarın üslubuna görə ifa edirdi. Bir bəstəkarın əsərində etdiyi ifaçılıq keçidlərini digər bəstəkarın əsərində təkrarlamırdı.

Bəlkə 90-cı illərin əvvəllərində vəziyyət başqa cür olsaydı, o, ölkəni tərk etməzdi. Onun sənəti üçün perspektiv yox idi o zaman. Firəngiz o səbəbdən getməli oldu. Amma Bakıya gedib-gəlirdi hər dəfə gələndə zəngləşirdik, görüşürdük. Deyirdi mənə yeni mahnılar yaz. Mən yeni mahnılar da yazmışdım, ifa edirdi. Əvvəlki mahnılarımızı yeni aranjiman etmişdik... Allah rəhmət eləsin”.

Xalq artisti Valeh Kərimov da Firəngiz xanımın hər dəfə Bakıya gəlişində onunla görüşdüyünü deyib: “O həm yaxşı müğənni, aktyor, həm də çox gözəl dost idi: gülərüz, pozitiv. “Bəxt üzüyü – 2” (2017) filmi bizi yenidən birləşdirdi. Həmin vaxtlarda səhhətindən şikayət etmirdi, sonradan Bakıya gəlişi zamanı da sağlam idi. Heyf ki, onu itirdik. Allah rəhmət eləsin...”.

***

Firəngiz Rəhimbəyova 1960-cı il avqustun 7-də Ağdam rayonunun Şişpapaqlar kəndində anadan olub. 80-ci illərin əvvəllərindən estrada müğənnisi kimi tanınmağa başlayır. Tamaşaçı və dinləyicilərin rəğbətini qazanır.

İlk həyat yoldaşından ayrılan Firəngiz Rəhimbəyova 1993-cü ildə qızı ilə ABŞ-ın Los-Anceles şəhərinə köçür. 1999-cu ildə orada amerikalı memar Raymond Antoni ilə ailə həyatı qurur. Bir neçə il əvvəl Azərbaycan mətbuatına verdiyi müsahibədə doğma Vətənində unudulmadığını demişdi: “Mən həmişə istəmişəm ki, qızımı yaxşı bir gələcəklə təmin edim. Bu isə, ilk növbədə, mükəmməl təhsil almaq deməkdir. Buna görə də mən öz karyeramı qurban verdim. Baxmayaraq ki, o vaxt Bakıdakı yaradıcılığım çox gözəl tərzdə inkişaf edirdi. Yenə də özümü karyerama qurban vermiş adam kimi hiss etməməliyəm. Çünki hələ bundan sonra da bir sənətçi olaraq sözümü deyə bilərəm. Məni sevən, mənim sənətimə dəyər verən hər bir dinləyicimə sonsuz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir gün möhtəşəm bir solo konsertdə onlarla yenidən görüşəcəm...”.

Avqustun 7-də 62 yaşını qeyd edib 9 gün sonra bu dünyadan köçən, ifası ilə ruhumuza hərarət gətirən müğənni sənətsevər qəlblərdə yaşayacaq...

 

L.Azəri

 

Mədəniyyət.- 2022.- 19 avqust.- S.5.