Diri Baba türbəsinə pulsuz, Basqal qoruğundakı muzeyə iki manata

 

Dövlət Turizm Agentliyinin tabeliyində olanBasqal” Dövlət Tarix-Mədəniyyət QoruğundaQobustan rayonundakı Diri Baba türbəsində aparılan yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilən turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar qiymətlər müəyyənləşib.

Agentlikdən verilən xəbərə görə, avqustun 22-dən etibarən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən hamam-muzeyə giriş yerli turistlər üçün 2, tələbələr üçün 1, xarici vətəndaşlar üçün 5 manat, Qobustandakı Diri Baba türbə kompleksinə giriş yerli ziyarətçilər üçün pulsuz, xarici vətəndaşlar üçün 5 manat olaraq müəyyən edilib. Bundan əlavə, Basqal qoruğunda salınan parkinqdə minik avtomobilləri üçün 1, avtobuslar üçün 2 manat xidmət haqqı nəzərdə tutulub. Diri Baba türbəsi kompleksində yerləşən qurbangahdan istifadə üçün isə 10 manat ödəniş müəyyənləşdirilib. Hər iki abidəyə Azərbaycan Respublikasının vətəndaşı olan əlillərin, müharibə veteranlarının, qazilərin və məktəblilərin, eləcə də 12 yaşınadək xarici turistlərin girişi ödənişsizdir.

Qeyd edək ki, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun saatları istirahət və bayram günləri də daxil olmaqla hər gün səhər saat 10:00-dan 20:00-a qədərdir. Diri Baba türbəsi isə istirahət və bayram günləri daxil olmaqla yay mövsümündə hər gün səhər saat 10:00-dan 20:00-dək, qış mövsümündə isə 09:00-dan 18:00-dək ziyarət üçün açıq olacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonunda Diri Baba türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri, eləcə də İsmayıllı rayonundaBasqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

 

 

Mədəniyyət.- 2022.- 24 avqust.- S.4.