Bülbülün 100 yaşlı
xanımı
O həm də sənətkarın irsinin təbliğatçısı idi...
Onunla tanışlığım doğum
günü ərəfəsinə təsadüf
etmişdi. 2012-ci ilin
avqust ayı idi. İşə qəbul üçün görüşə
gəlmişdim. Çox
keçmədən öz
sadəliyi, səmimiyyəti,
mehriban gülüşü
ilə işıq saçan xanım içəri daxil oldu... Ada xanım idi.. Söhbət
zamanı ona olan heyranlığımı
gizlədə bilmirdim...
Zaman keçdikcə,
onu tanıdıqca bu heyranlıq daha da artdı...
1922-ci il avqustun
22-də Tiflisdə dünyaya
göz açan, ixtisasca hüquqşünas
olan Ada xanımın (Adelaida İrza qızı Məmmədova; 1922-2015 – red.), özü
dediyi kimi, həyatının “nağıl
dövrü” 1938-ci ildə
Azərbaycan professional vokal
sənətinin banisi Bülbüllə ailə
qurduqdan sonra başlamışdı. Uzun illər
konsertlərdə, tamaşalarda,
qastrollarda Bülbüllə
birgə yaşadığı
xatirələri bizimlə
bölüşərdi. Bülbüldən danışarkən gözlərinə dolan yaşlardan həm yaşadığı xoşbəxt
günləri, həm
də Bülbül üçün necə darıxdığını hiss edirdik.
Bülbülün Memorial Muzeyi elə onun Bülbülə olan sevgisinin sübutudur. Ümummilli lider Heydər
Əliyevin şəxsi
təşəbbüsü ilə 1976-cı ildə yaradılan muzeyə Ada xanım 1977-ci ilin iyul ayında
direktor təyin olunmuşdu. Bununla onun
həyatında yeni mərhələ başlamışdı.
O, artıq sadəcə,
Bülbülün xanımı,
həyat yoldaşı
deyil, həm də onun zəngin
irsinin tədqiqatçısı,
təbliğatçısı idi. Yaşadığı evi, Bülbülün
göz bəbəyi kimi qoruyub saxladığı
şəxsi əşyalarını
muzeyin qurulması üçün təhvil
vermişdi.
Ada xanımın
Bülbülün Şuşadakı
ev-muzeyinin qurulmasında
da əvəzsiz xidmətləri olmuşdu. 1983-cü il iyulun 29-da açılışı olan
muzey Bakıdakı
memorial muzeyin filialı
idi. Ada xanım Şuşadakı
muzeyi necə zəhmətlə qurduğunu,
ekspozisiyanı Qarabağ
xalçaları ilə
XX əsrin əvvəllərinə
uyğun tərtib etdiyini böyük həvəs və kədərlə xatırlayırdı.
İşğaldan sonra dağıdılmış
evin, talan olunmuş ekspozisiyanın şəkillərinə kədərlə
baxar, bir gün o torpaqlara qayıdacağımıza inanaraq
ekspozisiyanı dəqiqliklə
bizə göstərər,
tövsiyələr verərdi.
Ada xanım
Şuşanın azad
olduğunu görə
bilməsə də,
biz onun bütün tövsiyələrinə əməl
etdik. Bülbülün Şuşadakı ev-muzeyi çox hörmətli Polad Bülbüloğlu tərəfindən
bərpa olunduqdan sonra muzeyin ekspozisiyasının
qurulmasında Ada xanımın arzuladığı
kimi böyük sevgi ilə iştirak etdik.
Əminəm ki, artıq dahi Bülbülün və Ada xanımın
ruhları şaddır. Bu gün
artıq onların ruhları Bülbülün
doğulduğu evin həyətində, Şuşanın
tarix dolu küçələrində, Cıdır
düzündə gəzir...
Fərqanə Cabbarova
Bülbülün Memorial Muzeyinin direktoru
Mədəniyyət.- 2022.- 24
avqust.- S.5.