Maestro Niyazinin
110 illiyi qeyd edildi
Dahi musiqiçi haqqında xatirələr
Azərbaycan dilində
çap olunacaq
Avqustun
20-də dünya şöhrətli
dirijor və bəstəkar, SSRİ Xalq
artisti, Sosialist Əməyi Qəhrəmanı,
Dövlət mükafatları,
beynəlxalq Nehru mükafatı
laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov;
1912-1984) anadan olmasının
110 illiyi tamam oldu.
Bu münasibətlə avqustun 18-də Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində tədbir
keçirildi.
Tədbiri Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi
Alla Bayramova açaraq maestronun həyat və sənət yolundan, yaradıcılığının təbliği məqsədilə
görülən işlərdən
danışdı. Bildirdi ki,
Niyazi milli simfonizmin təşəkkülü
və inkişafında
böyük xidmətlər
göstərib, müxtəlif
janrlarda qiymətli musiqi əsərləri yaradıb. Yaddaşlara əbədi həkk
olunan bu əsərlər dinləyicilər
tərəfindən bu
gün də böyük məhəbbətlə
qarşılanır.
Qeyd edildi ki, Niyazi
müxtəlif illərdə
Azərbaycan Dövlət
Simfonik Orkestrinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri olub. O, respublikamızın hüdudlarından
kənarda da sənətkar məharətini
göstərib, Leninqrad
(Sankt-Peterburq) Opera və
Balet Teatrında, Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında, Ankara Opera və
Balet Teatrında “Məhəbbət əfsanəsi”,
“Yatmış gözəl”,
“Daş çiçək”,
“Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, “Aida” kimi dünya şöhrətli əsərlərin
tamaşasına dirijorluq
edib.
Alla Bayramova
onu da diqqətə
çatdırdı ki,
1987-ci ildə rus dilində nəşr olunan “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar”
kitabından xatirələr
bölməsi Musiqi Mədəniyyəti Dövlət
Muzeyi tərəfindən
ilk dəfə Azərbaycan
dilində çapa hazırlanıb. Xatirələri dilimizə Niyazinin Mənzil-Muzeyinin müdiri,
Əməkdar mədəniyyət
işçisi Rza Bayramov və muzeyin şöbə müdiri Xanımbacı Abdinova çevirib. Kitabda görkəmli ədəbiyyat
və incəsənət
xadimlərinin maestro Niyazi
haqqında xatirələri
muzeyin zəngin kolleksiyasındakı fotomateriallarla
birlikdə təqdim olunur. Geniş oxucu kütləsi
üçün nəzərdə
tutulan kitaba Azərbaycan və Türkiyənin bir sıra incəsənət
xadimlərinin xatirələri
də əlavə olunub.
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin
direktoru, Xalq artisti Sərdar Fərəcov maestro Niyazinin
Azərbaycan musiqi mədəniyyətinin inkişafında
xidmətlərindən danışdı. Qeyd etdi
ki, milli musiqimizin təbliğində
Niyazinin böyük əməyi olub. Azərbaycan bəstəkarlarının simfonik
və musiqili səhnə əsərlərinin,
kantata və oratoriyaları onun idarəsində səslənib.
Azərbaycan professional dirijorluq məktəbinin formalaşması
və inkişafı da məhz Niyazinin
adı ilə bağlıdır. O həm
də Azərbaycan bəstəkarlarının böyük
bir nəslinin yetişib formalaşmasına
əvəzsiz töhfələr
verib.
Xalq artisti Eldar İsgəndərov, Əməkdar artist Fuad İbrahimov, Əməkdar
incəsənət xadimi
Məmmədağa Umudov
və Cavad Tağızadə çıxış
edərək görkəmli
sənətkarla bağlı
xatirələrini bölüşdülər. Bildirildi ki,
Niyazi SSRİ məkanında
qadağaların çox
çətin vaxtlarında
Türkiyədə qastrolda
olub. Bu, Azərbaycanla qardaş Türkiyə arasında mədəni körpülərin
qurulması baxımından
önəmli hadisə
idi.
Niyazinin yaxın qohumu Sahib Qədimov çıxış
edərək tədbirin
təşkilində əməyi
olan hər kəsə və iştirakçılara öz
təşəkkürünü bildirdi.
Çıxışlardan sonra “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının elektron variantı təqdim edildi. Muzeyin elmi işçiləri Ərizə Abdullayeva, Azər Həşimov və başqaları həmin xatirələrdən bəzi maraqlı fraqmentləri səsləndirdilər. Çıxışlar mövzu üzrə slayd-şou ilə müşayiət edilirdi.
Sonda konsert proqramı təqdim olundu. Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, beynəlxalq və respublika müsabiqələri laureatı, Prezident təqaüdçüsü Toğrul Abdullayev, Xırdalan şəhər onbirillik Musiqi məktəbinin müəllimi Sevinc İbrahimova, respublika və beynəlxalq müsabiqələr laureatı, İstanbul Memar Sinan Universitetinin II kurs magistrantı Aydan Rüstəmzadənin ifalarında Niyazinin “Konsert valsı”, “Rast” simfonik muğamından fraqmentlər, “Arzu” romansı, “Xosrov və Şirin”, “Rəqs”, həmçinin Fikrət Əmirovun “Azərbaycan elləri”, Fərhad Bədəlbəylinin “Niyaziyə ithaf” və “Küçələrə su səpmişəm” xalq mahnısı səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 24
avqust.- S.7.