Doğma
evim Gənc Tamaşaçılar Teatrıdır
“Mənə elə gəldi ki, bir də bu
teatrın pilləkənlərini qalxmasam, dünyam alt-üst
olar...”
Onun söhbət əsnasında dediyi “Məncə, başqa sahədə ola bilməzdim. Mümkün deyildi. Həm sənət adamları olaraq bizə verilən ömrü özümüz üçün yaşamırıq. Özümüzdən sonra xatırlanmağımız, daha uzun “yaşamağımız” üçün keçiririk” sözləri qeyri-ixtiyari məni diksindirdi. Məhz bu zaman anladım ki, teatr, yaradıcılıq, sənət bütün mənalarda ömürlük asılılıqdır və ona aludə olanı heç vaxt azad buraxmır...
Həmsöhbətim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Əməkdar artist, çoxumuzun aktyor kimi tanıdığı Nicat Kazımovdur. Nahamar həyat və sənət yolları ilə 50-ni, özünün təbirincə desək, inanmayaraq yola salan, ruh yaşı hələ 25 olan dramatik rejissor (özünü belə xarakterizə edir) ilə xeyli dərdləşdik.
– Gəlin,
“sadəlövh” sual ilə başlayaq. Ad gününüzü
harada və necə qeyd elədiniz?
– Evdə
qeyd etdim. Düzdü, üç gün istər dərs
dediyim ali məktəblərdə tələbələrim,
istərsə də teatr və tədbir məşqlərimdə
heyət məni səs-küylü təbrik
yağışına tutdular. Amma rejissorun,
aktyorun ad günü, əslində, səhnədə olur və
mən hələ ki bu ad günümü etməmişəm.
Bilirsiniz ki, teatrımızın əsas səhnəsi
təmirdə idi və inşallah, sentyabrdan yenidən istifadədə
olacaq. Yəqin ki, qarşıdakı ayda
öz binamıza qayıdacağıq. Teatrın
rəhbərliyi ilə məsləhətləşək, ya
oktyabr, ya da noyabrda bir tamaşanı benefis kimi
oynayacağıq. Bu da yəqin ki, son
quruluş verdiyim və həm də aktyor kimi iştirak etdiyim
“Qağayı” tamaşası olacaq. Bax o
zaman yubileyim oldu deyə bilərik.
–
Maraqlıdır, Akademik Milli Dram Teatrında bir neçə
tamaşaya quruluş vermisiniz. Etiraf edək ki, əksər
sənət dostlarınızın o teatra düşmək
arzusu var. Nə əcəb siz məqamı çatanda məkanı
dəyişmədiniz?
– Mən
o teatrı da çox sevirəm. Orada uğurlu
tamaşalarım var. Amma mənim doğma evim Gənc
Tamaşaçılar Teatrıdır. 19
yaşımda gəlmişəm ora və 31 ildir ki, o səhnə
mənim dəyişməz ünvanıma çevrilib.
– Amma bir
neçə il əvvəl əməlli-başlı
teatrın tərkini qılmışdız...
– Hə,
haqlısız. Əl-ayağımı çəkmişdim,
özümə ofis götürüb yaradıcılıq
işlərimi orada görürdüm. Teatra
yalnız tamaşam olanda gəlirdim. Üç il belə davam etdi. Qərara aldım ki, artıq ərizəmi
yazıb teatrdan çıxmalıyam. Bu emosional
qərar ilə tələsik pilləkənləri yuxarı
qalxmağa başladım. İnanmazsız,
birdən mənə elə gəldi ki, bir də bu teatrın
pilləkənlərini qalxmasam, dünyam alt-üst olar. Hələ səhnəsini, məşq
zallarını, tamaşaçı dolu salonunu demirəm.
O an ayaq saxladım və anladım ki, mən bu teatrsız
natamam bədən kimiyəm və bu məkan mənim dəyişməz
ünvanımdır.
–
Rejissorluğa məhz öz baxış
bucağınızı qəbul etdirmək üçün gəldiniz,
yoxsa, bu, bir ehtiyac idi?
– Mənim
rejissorluğa gəlməyim məcburiyyətdən oldu. Aktyorluğu daha çox sevirəm, yəqin bilirsiz.
Təhsilim də aktyorluqdur. Amma sonradan təkmilləşmə
keçdim və artıq neçə ildir quruluşçu rejissor kimi
çalışıram. Əslində,
tamaşanın balını aktyor çəkir, ləzzətini
o alır. Bütün əzab-əziyyəti
isə rejissorundur.
– Bunu aktyor kimi
düşünüb deyirsiz, yoxsa rejissor?
– Rejissor
kimi. Tamaşada yaxşı nə varsa aktyorun ayağına
yazılır, amma bir balaca qüsur varsa və hətta bu,
aktyorun belə günahıdırsa, yenə də hədəf
rejissor seçilir. Bütün bunları bilə-bilə,
həm də məcburiyyətdən rejissorluğu seçdim.
Pantomima Teatrından çıxdıqdan sonra qəribə
bir boşluğa düşdüm. Gənc
Tamaşaçılar Teatrının o vaxtkı rəhbərliyi
məni aktyor kimi işə qaytara bilməyəcəyini dedi. Həmin anda refleks olaraq “İcazə verin, bir
tamaşa hazırlayım. Xoşunuz gəlsə,
tamaşanı repertuara, məni də truppaya qəbul edin”
dedim. Gənclik cəsarətimlə verdiyim
sözə xilaf çıxmamaq üçün
aldığım vaxtın 5-ci günü tamaşanı təhvil
verdim.
– Aktyorlar
da deyir ki, tamaşanın uğuru rejissorun, qüsuru aktyorun
ayağına yazılır.
– Bizim
işimiz bir-birindən asılıdır. Rejissor
aktyorlarında “əriməlidir”, itməlidir. Aktyor işini elə görməlidir ki, orada rejissor
görünməməlidir. Bilirsiz, aktyorlar bir az eqoist olurlar. Acıqlarına gəlməsin,
düşmən olacaqlar mənimlə (gülür). Mən də aktyor olmuşam. Aktyor
səhnədə yalnız öz oyununa cavabdehdir. Amma rejissor bütün kompozisiyanı
düşünən, bütün məsələlərə
cavabdeh şəxsdir. Onun qurduğu sxemi bəzən bir
improvizə ilə pozan aktyor vərdişi də var və mən
bu mənada onlara eqoist dedim.
– Hiss
olunur, improvizələri sevmirsiz.
– Qətiyyən,
qəbul etmirəm və bunu aktyorlara qadağan edirəm. Çünki sənin improvizən öz oyununa
kömək etsə də, başqasının oyununa xələl
gətirir. Bu mənada mənə despot
rejissor da deyirlər.
–
Zaman-zaman teatr və tamaşaçı münasibətləri
də müzakirə olunur və tamaşaçını
teatrdan küsdürən səbəblərdən
danışılır. Necə düşünürsüz, bəlkə
məsələ heç bu qədər mürəkkəb
deyil...
–
Tamaşaçı əgər uzaqlaşıbsa, bunu teatr, biz
etmişik. Tamaşaçıya keyfiyyətli,
maraqlı və tez-tez yaxşıya doğru dəyişən
işlər təqdim etməliyik. Əgər
teatr mənəvi zövq, qida yeridirsə, mütləq onun tələbatçısı
olacaq. Teatr xəyanəti
bağışlamır. Sən ona xəyanət
edirsənsə, o səni daha betər rəzil edir.
–
Ümumiləşdirsək, tamaşaçının bəraəti
“Azərbaycan teatrı çağdaş meyillərə
açıq deyildir”dədir. Teatrın bəraəti
nədir?
– Bilmirəm,
yoxdur, məncə. Mən dramaturgiya zəifdir,
müasir deyil fikrini qəbul etmirəm. Zəifdir,
dünya dramaturgiyasına, müasir klassikaya müraciət elə.
Düzdür, dramaturqlarımız azdır,
dramaturgiyamız əsas etibarilə publisistikadır. Siz deyən
küskünlüyün bir səbəbi də
budur. Hər bir hoqqabazlığa müasirlik
damğası vurub səhnəni cılızlaşdırmaq
olmaz. Mən heç vaxt yenilik, müasirlik, fərqlilik
üçün əsər seçmirəm və bunu qəbul etmirəm.
– Amma
yaradıcı tərcümeyi-halına işləyən və
bu şöhrətpərəstliyinə görə
bütövlükdə yaradıcı kollektivin işini
gözdən salan rejissorlar da var.
– Mən
özümə cavabdehəm. Götürək
sonuncu quruluş verdiyim “Qağayı” əsərini. Onu
uşaq vaxtı oxumuşdum və ruh halıma
uyğun olmadığına görə bir kənara
qoymuşdum. Pandemiya vaxtı, onlayn dərslərin
birində yenidən bu əsəri oxuyub müzakirə etdim və
elə o məqamda da tamaşa qoymaq qərarına gəldim.
– Yeri gəlmişkən,
sizin tamaşa barədə “bu, Çexov deyil” deyənlər
də var. O cümlədən açıq-saçıq səhnələrə
görə...
– Onu deyənlər
gedib əsəri bir də oxusunlar və görsünlər
ki, mən o tamaşada nə etmişəm. Son illər qoyulan
“Qağayı”ların içərisində ən az açıq səhnələri olan
tamaşadır bu.
– Razılaşırsız
ki, səhnə hər şeydən öncə estetikanı
sevir.
– Bəli
və mən çalışıram ki, bu mizanı daim
qoruyum. Səhnədə hər şeyi eləmək
olar, amma estetika çərçivəsində.
– Gərək
həm də tamaşaçını buna hazırlayasan. Nədir, bəlkə tamaşaçı buna hələ
hazır deyil.
– Məncə,
peşəkar və maraqlı hər nə varsa,
tamaşaçı onu qəbul edəcək. Hə,
bir də heç də hər kəsin fikri mənim
üçün etalon deyil və hər tamaşa da hər
tamaşaçı üçün deyil. Tamaşaların afişalarına yaş həddi
mütləq qeyd olunmalıdır. Camaat
bilsin ki, nəyə baxır. Əslində,
yeganə məqam həddi saxlamaq və gözəl təqdimatdır.
– Deyirsiz
hər tamaşa da hər tamaşaçı
üçün deyil. Mən də bu fikri qəbul
etmirəm. Axı teatr kütləvi sənətdir...
– Bəzi
tamaşalar var ki, onlar kütləvi tamaşaçı
üçün deyil. Məsələn, illər
əvvəl teatrımızda M.Vişnekin “Qoca kloun tələb
olunur”unu hazırladım. Teatrın o
vaxtkı rəhbərliyi bəyənmədi. Hərçənd o, sırf festival tamaşası
idi və əsərin müəllifi mənə istənilən
əsərini hazırlamaq icazəsi verib. Onu
da deyim ki, indi hazırlanan o tamaşalardan müəllifin xəbəri
olsa, onları məhkəməyə verər (gülür).
Mən əsəri festivalların birində
müəlliflə müzakirə etdim və ondan heç bir
qonorar olmadan əsərlərini səhnələşdirmə
icazəsi aldım. Mənə görə,
o əsər sənət adamlarının
lazımsızlıq faciəsi, yəni dramatik əsərdir və
aktyorun, yaradıcı şəxsin sənət
ölümünü göstərən tamaşa heç də
hər tamaşaçı üçün deyil. Festival, mütəxəssislər üçün
tamaşa başqadır, kassa tamaşası başqa.
–
İddialı adam təsiri
bağışlayırsız.
– Yox, sadəcə,
sənətdə real həyatından daha uzun “yaşamaq” və
yadda qalmaq istəyən səhnə adamıyam.
– Deməli,
siz də qoca kloun olmaqdan qorxursuz.
–
Çox.
–
Çalışdığınız teatrın bir
missiyası da var: gənclərin mənəvi-estetik
zövqünü formalaşdırmaq. Necə
düşünürsüz, teatr tərbiyə yeridir, yoxsa əyləncə?
– Hər
ikisi. Amma tamaşaçını əyləncəyə
cəlb edərək müəyyən ideya ətrafında
cilalamaq olar. Yoxsa, gəl mən səni
öyrədim, desəniz, heç kəs gəlməz. Amma əyləncə içində fikirlərimizi
rahatca təlqin etməliyik.
–
Bütün yaş kateqoriyaları üçün
tamaşalar hazırlayırsız deyə soruşuram:
hansı qrup tamaşaçı ilə işləmək daha
çətindir?
– Uşaq
tamaşası daha çətindir. Çünki
onu aldatmaq, əldə saxlamaq çətindir.
– Rejissor
və aktyor kimi ən uğurlu tamaşanız və rolunuzdan
da danışaq, bəlkə.
–
Tamaşalarımın hamısı mənə əzizdir. Amma hamısının öz rəfini özüm
hamıdan yaxşı bilirəm. Necə deyərlər,
malı mala qatmıram. Kassa
üçün də, festival üçün də qurduğum
tamaşaların hər birinin səviyyə və
auditoriyasını əvvəldən bilirəm və sevinirəm
ki, mənim tamaşalarımda tamaşaçı problemi
heç vaxt olmur. Qoy, fikrim kiminsə xoşuna gəlməsin,
amma bu, belədir. Allah ustadım Bəxtiyar
Xanızadəyə cansağlığı versin. Ondan öyrəndim çox məqamlar var və
onların içərisində ən çox sevdiyim
yaxşı tamaşaçı olmağı bacarmaqdır.
Rejissor ilk növbədə yaxşı
tamaşaçı olmalıdır və mən bütün
tamaşalarımın son məşqində, sadəcə,
tamaşaçı oluram və heyətimlə müzakirə
edəndə tamaşaçı kimi fikirlərimi
bölüşürəm.
– Pantomima Teatrı nostalgiyanız yenə qalır?
– Orda mənim
ustadım var və o teatrın hər uğuruna sevinirəm. Amma mənim üçün o teatr bir etap idi və
onu bitirib özümə yol seçdim. O teatr mənim
üçün doğmadır və gəncliyimin kövrək
xatirələrinin yeridir.
– İki teatrda paralel tamaşalar hazırlayırsız. Milli Dram
Teatrı ilə Gənc Tamaşaçılar Teatrını
müqayisə edə bilərik?
– Yox, mən
bunu heç vaxt eləmirəm və hər birinin də
öz yerinin olduğunu unutmuram. Hər iki
truppanın müsbət və mənfi tərəfləri
var.
–
Teatrımızda problem aktyor truppaları ilə
bağlıdır, yoxsa rejissor nəsli ilə?
–
Heç biri, əsas problem teatra münasibətdədir. Bəzən
fəaliyyəti, əzab-əziyyəti olanlar kənara
atılır, son rolunu 8-10 il əvvəl
oynayanlar, artıq səhnəyə yadırğayanlar baş
köşəyə çəkiləndə istər-istəməz
bir etiraz yaranır. Amma sənət sevgisi, sənət
üçün təmənnasızlıq bizim nəslin ən
əsas prinsipidir və yaxşı ki, bu zəncir
qırılmır, yeni nəsil də gəlir. Bir də sənət fəxri ad, mükafatlar
üçün seçdiyimiz deyil, bu, bizim mənəvi
ehtiyacımız, həyat qayəmizdir. Mən
bu prinsiplə yaşayıram, truppada da, tələbələrə
də, birgə işlədiyim komandaya da bunu izah edirəm.
Çünki buna özümü məcbur hiss edirəm. Amma, görün ki, dünən teatra gələn bu
gün fəxri ad, mükafat istəyir.
– Deməli,
yeni nəslə yaxşı nümunə
olmamısınız.
– Bilmirəm, bəlkə də. Amma bu məsələdə mizanı, qaydaları pozmaq olmazdı. Dediyiniz pis nümunə məsələsinin də günahı onlardadır.
– Amma ətrafınızda yaxşı komandanız var və bu mənada artıq imic formalaşdırmısız. Buna necə nail olursuz?
– İşə doğru və layiqli qiymət verərək. Mən onları özümdən ayırmıram və sərf etdikləri əməyi ən yüksək səviyyədə dəyərləndirirəm.
– Məqamdır, keçək kütləvi mədəni tədbirlər fəaliyyətinizə. Sizi Şuşada təşkil olunan mədəni-kütləvi aksiyalarda daha aktiv görürük.
– Azad Şuşa hamımızın arzusu idi və min şükür ki, ona yetdik. Şuşanı işğaldan öncə görməyən adam olsam da, elə bilirdim ki, ora yetməsək olmaz. Yadımdadır, döyüşlərin qızğın günləri idi. Sosial şəbəkə paylaşımında İlqar Fəhminin “Balaca kişilər” şeirini oxudum. Mətn məni tutdu və təcili gedib studiyada onu səsləndirdim. Zəfər günündən sonra da eyni həyəcan ilə nazirliyə zəng vurdum, Şuşada, Qarabağda təşkil olunacaq tədbirlərdə sevə-sevə iştirak etmək istədiyimi dedim. Xoşbəxtəm ki, orada təşkil olunan möhtəşəm tədbirlərin bir qismini quruluşçu rejissor kimi hazırlamışam. Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri də mənə həvalə olunub. Böyük sevgi və diqqətlə bu tədbiri də yaddaqalan etməyə çalışacağıq. Çünki bu tədbirlər böyük bir heyətin zəhmətinin bəhrəsidir. Heydər Əliyev Fonduna təşəkkür edirəm ki, məni və çalışdığım komandanı belə məsuliyyətli və qürurverici işlərə cəlb edir.
Hazırda paralel olaraq ölkəmizdə ilk dəfə reallaşacaq beynəlxalq polo yarışının da bədii hissəsinin məşqlərini edirik. 44 dəqiqəlik şou hazırlayıram.
– Və son sual. Hər rejissorun xəyalını qurduğu əsəri, aktyorun rolu olur. Arzuladığınız tamaşa üçün gecikməmisiz ki?
– Mən “Romeo və Cülyetta”nı tamam başqa cür hazırlayardım və buna can atırdım. Əslində, bu əsər mənim tamaşa planımda da vardı. Amma təəssüf, belə alındı. Aktyor kimi isə Roma imperatoru Neronu oynamaq istərdim.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2022.- 24
avqust.- S.5.