“Kino ona böyük sevgi ilə
sarılanlara uğur qazandırır”
Nadir Əliyev: “Film sənayesinin
inkişafı üçün müasir menecment tətbiq
olunmalıdır”
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən maraqlı kəşflərindəndir. Kinonun üstünlüyü əyaniliyində, inandırma gücündə və böyük təsirə malik olmasındadır.
Müxtəlif sənətlərin sintezi olan kino özündə bir neçə sahəni birləşdirir. Bir filmin ərsəyə gəlməsində ssenarist, rejissor və aktyorlardan savayı, rəssamdan bəstəkara, işıqçıdan qrimçiyə qədər onlarla insanın zəhməti olur. Bu işdə, sözsüz ki, film direktorlarının da əməyi az deyil. 70 illik ömrünün yarım əsrdən çoxunu bu sahəyə həsr edən Əməkdar mədəniyyət işçisi Nadir Əliyev qəzetimizə müsahibəsində film direktoru işinin özəllikləri haqqında danışdı.
Nadir Əliyevin yaradıcılıq tərcümeyi-halına 40-dan artıq film daxildir. “Həyat bizi sınayır” (1972) filmində inzibatçı, “Alma almaya bənzər”də (1975), “Günlərin bir günü...” (1976) kinoalmanaxına daxil olan “Süita” novellasında və digər ekran əsərlərində film direktorunun müavini kimi çalışıb. 1978-ci ildən etibarən müxtəlif janrlı bədii filmlərdə – “Təkcə adanı özünlə apara bilməzsən” (1980), “Qorxma, mən səninləyəm!” (1981), “Atları yəhərləyin” (1985), “Bəyin oğurlanması” (1985), “Şəhərli biçinçilər” (1985), “Bircəciyim” (1986), “Yaramaz” (1988), “Şahid qız” (1990), “Şeytan göz qabağında” (1987), “Təhminə” (1993), “Həm ziyarət, həm ticarət” (1995), “Otel otağı” (1998) və s. filmlərin direktoru olub.
“Dronqo” (2002, NTV, Rusiya), “Məkanın melodiyası” (2004), “Məhkumlar” (2006), “Günaydın, mələyim” (2008), “Kabusun gözüylə” (2010), “Dolu” (2012), “Qorxma, mən səninləyəm! 1919” (2013), “Axınla aşağı” (2014) və başqa filmlərdə icraçı prodüser kimi fəaliyyət göstərən kino xadimi daim işinə böyük sevgi və məsuliyyətlə yanaşıb, həmkarlarının rəğbətini qazanıb.
Nadir Məmmədağa oğlu Əliyev 5 avqust 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildən kino sahəsində fəaliyyət göstərməyə başlayıb. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kino iqtisadiyyat fakültəsində təhsil alıb. Uşaqlıq illərindən izlədiyi “Uzaq sahillərdə” filmi onu bu sahəyə yönəlməyə sövq edib.
Kino sahəsinə marağının əsas qaynağını belə xatırlayır: “Yay aylarında biz həmişə bağa gedirdik. Mühasib işləyən bir bağ qonşumuz var idi. Həmin vaxtlarda az adamın evində televizor olardı. Kimin evində televizor var idisə, qonşular maraqlı veriliş və filmləri onun evində izləmək üçün yığışardı. Bir gün uşaqlar həvəslə “davalı film” olacağından danışır, axşam televizorda göstəriləcəyini deyirdilər. Hamı kinoya baxmaq üçün dağılışanda mən də televizora baxmağa həmin qonşumuza getdim. Qapını nə qədər döydümsə, heç kim açmadı. Onların uzun bir eyvanı var idi. Televizoru da həmin eyvanın bir küncünə qoymuşdular. Mən ayağımın altına daş qoyub hasarın başından “Uzaq sahillərdə” filmini izləməyə başladım. Həmin gün yağış da yağırdı. Mənə bərk soyuq oldu. Film bitəndən sonra üst-başım nəmli evə getdim. Anam məndən nə olduğunu soruşanda əvvəlcə ona heç nə demədim. Bir qədər keçdikdən sonra olanları danışdım. Ertəsi gün uşaqlarla həyətdə futbol oynayırdıq. Bir də gördüm atam dostunun “Pobeda” markalı maşını ilə gəldi və maşının yük yerindən böyük bir yeşik çıxartdı. Atam evə televizor almışdı. Bu hadisə mənim və qardaşlarım üçün böyük bir bayrama çevrildi, sevincimizin həddi-hüdudu yox idi...”.
Nadir Əliyevin kinonun bu günü ilə bağlı narazılıqlara öz münasibəti var: “Bu gün hamı deyir niyə bu sahə zəifləyib, filmlər az çəkilir. Bu barədə birmənalı danışmaq olmaz. Kino birbaşa iqtisadiyyat və maliyyə ilə əlaqəlidir. Son 20 ildə həyatımızda nə qədər böyük yeniliklər, necə deyərlər, inqilabi hadisələr baş verdi. Sosial şəbəkələr yarandı, internet gücləndi və çoxsaylı audiovizual əsərlər ortaya çıxdı və bütün bu mübadilədə kinonun yaşaması çox çətinləşdi. İqtisadi problemlər kinoya təsir edir. Təkcə Azərbaycanda deyil, keçmiş sovet ölkələri də bu problemlərlə üzləşdi. İnsan gərək gələcəyə ümidlə baxsın. Hesab edirəm ki, kinomuzun gələcəyi var. Yeni istedadlar yetişir və kinomuzun inkişaf edəcəyinə şübhə etmirəm”.
– Nadir müəllim, 50 ildən artıqdır ki, kino sahəsində çalışırsınız. Film direktoru sahəsinə marağınız necə yarandı? Ümumiyyətlə, instituta qəbul olunanda sahənin mahiyyətindən xəbəriniz vardımı?
– İnsan bəzən getdiyi yolda səmti dəyişməli olur. Mən də uşaqlıqdan kino ilə çox maraqlanırdım. Bir gün yay vaxtı Buzovnada bağımızın yanında “Lenfilm” Kinostudiyasının çəkiliş qrupu “Mənim xeyirxah atam” filminin çəkilişlərini aparırdı. Filmin rejissoru ilə tanış oldum, ona kinonu çox sevdiyimi söylədim və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissor fakültəsində oxumaq arzusunda olmağımı söylədim. Mənə dedi ki, çox cavansan, gərək kinoda təcrübən ola. Məktəbi bitirəndən sonra sənədlərimi Dövlət Kinematoqrafiya Komitəsinə verdim. Orda bəlli oldu ki, əlavə yaradıcı işlər təqdim etməliyəm, iş təcrübəm olmalıdır və mənə Kino iqtisadiyyatı fakültəsində oxumağı təklif etdilər. Dedilər ki, bizim bu sahəyə ehtiyacımız var. Razılaşdım. İmtahanları yaxşı verdim. Azərbaycandan olan, balı məndən aşağı, özü isə partiya üzvü və əsgərlikdən qayıdan oğlanla müsabiqəyə düşdüm. Mənə görə əlavə yer açdılar və 1970-ci ildə mən qiyabi, həmin oğlan isə əyani şöbəyə qəbul olundu. Maraqlısı da budur ki, həmin oğlan oxuyub qayıdandan sonra cəmi bir neçə ay kinostudiyada çalışdı və kino sahəsini tərk etdi. Mən qəbul olduğum ildən də kinostudiyada işləməyə başlamışdım. Necə deyərlər, kino yalnız ona böyük sevgi ilə sarılanlara uğur qazandırır. İlk ekran işim rejissor Tofiq İsmayılovun lentə aldığı “Oxuyur Müslüm Maqomayev” filmi oldu. Məni filmə inzibatçı kimi təsdiq etdilər. Həmin filmdə epizodik rolda da çəkildim. İkinci işlədiyim film isə Şamil Mahmudbəyovun “Həyat bizi sınayır” filmi oldu.
– O vaxtdan birdəfəlik bu sahəyə bağlandınız...
– 1971-də hərbi xidmətə getdim. Qayıtdıqdan sonra Hüseyn Seyidzadənin “Qatır Məmməd” filmində inzibatçı oldum. Amma mənə bəlli olmayan səbəblərə görə, filmi daha sonradan Rasim Ocaqov çəkdi. 1974-cü ildə Maqsud və Rüstəm İbrahimbəyov qardaşları və Yuli Qusmanla “Günlərin bir günündə” kinoalmanaxında işlədim. Beləliklə, filmdən-filmə təcrübə yığdım. Film direktoru kimi tammetrajlı kinolentdə ilk müstəqil işim isə rejissor Gülbəniz Əzimzadənin “Təkcə adanı özünlə apara bilməzsən” filmi oldu.
– Film
direktorunun işi haradan başlayır?
–
Şübhəsiz ki, kino istehsalının bütün mərhələlərindən
anlayışın olmalıdır. O cümlədən maliyyədən,
ölkənin qanunlarından, dünya kinosunun yeniliklərindən
xəbərdar olmalısan. Yəni film direktoru
olmaq o deməkdir ki, hərtərəfli savadlı
olmalısan, çünki sən böyük kollektivə rəhbərlik
edirsən.
– Filmin
bütün maliyyəsi də sizə həvalə edilir?
–
Keçmiş sovet dövründə film direktorunun səlahiyyəti
daha çox idi. Filmin baş smetasına əsasən,
vəsaitin düzgün xərclənməsinə birbaşa
filmin direktoru cavabdehdir. Hər bir filmin
ssenarisinə əsasən öz smetası olmalıdır.
Yəni kino bir elmdir. Burada texniki vəsait,
yaradıcı iş, maliyyə var. Həmçinin
hərtərəfli bilgi də vacibdir. Azərbaycanda
kino sahəsində yerli, milli kadrların formalaşması XX əsrin
40-cı illərinin sonunda təşəkkül tapıb.
Moskvada Kinematoqrafiya İnstitutunda peşəkar
rejissorlar, təsvir rejissorları, kino rəssamları o biri
texniki peşələr üzrə mütəxəssislər
hazırlandı. Amma o dövrdə kino sənayesi,
ümumiyyətlə bu proses əsasən Moskvadan idarə
olunurdu. Azərbaycan kinosunun renessans dövrü
60-70-ci illərdə oldu. Bir-birindən
gözəl filmlər yarandı. Lakin
90-cı illərin əvvəlində böyük bir sistem
dağıldı, iqtisadi əlaqələr
qırıldı. Qarabağın
işğalı da kinonun inkişafına öz böyük təsirini
göstərdi. Bu gün
tamaşaçını kinozala qaytarmaq üçün
maraqlı mövzu olmalıdır.
–
Rejissorların film direktoruna münasibəti necə olur?
– Əslində, rejissor və filmin direktoru münasibətdə
səmimi olmalı, bir-birinin işinə müdaxilə etməməlidir,
bir yerdə çalışıb, dəstək olub
yaxşı film yaratmalıdırlar. Bu gün film direktoru
artıq icraçı prodüser kimi təqdim olunur.
– Sizcə,
bu gün kino sahəsindəki müəyyən durğunluq
kino siyasəti ilə bağlıdır?
– Dediyim
kimi, iqtisadi və siyasi problemlər kinomuzun müstəqil
inkişafına mane oldu. Bu təkcə bizdə
belə olmadı. Bütün
keçmiş SSRİ məkanında bu vəziyyət
müşahidə olundu. Bəziləri tez
qalxa bildi, bəzilərində ləngimələr oldu.
Əvvəldə
də dedim, bu sahənin inkişafında
dünyagörüşü də mühüm faktdır. Harada nə baş verir, hansı ölkənin kinosu
hansı vəziyyətdədir bunları bilmək vacibdir.
İndi hamı deyir ki, kino gəlir gətirməlidir.
Bəli, gətirməlidir. Birincisi,
kino elə bir sahədir ki, vəsaitsiz, kino istehsalını
qurmaq mümkün deyil. Filmi çəkməkdən
başqa onun yayımını təşkil etmək
lazımdır. Kinozallar, reklam işləri,
peşəkar yaradıcı və texniki heyət
hazırlanmalıdır və ümumi mərkəzi idarəçilik
olmalıdır. Bir sözlə, film sənayesinin
inkişafı üçün müasir menecment işi tətbiq
olunmalıdır. Yəni pul qazanmaq
üçün bu şərtlər vacibdir. Bunun üçün, şübhəsiz, vaxt da
lazımdır. Həm də etiraf edək
ki, biz kino ölkəsi deyilik.
– Bəs
kino bazarı niyə yoxdur?
– Fransada
təqribən 60 milyon əhali var. Ötən il
onlar 400 film çəkiblər. Deməli, 150
min əhaliyə 1 film düşür. Bizdə isə
10 milyon əhali var. Ötən il, deyəsən,
3 film çəkilib. Bunu da nəzərə
alsaq ki, kinoteatrların sayı azdır, xüsusi kinozallar
yoxdur və ən əsası, bu gün internet şəbəkəsi
kinonu əlimizdən alıb. İnsanlar
kinonu internet üzərindən daha çox izləyirlər.
Bizdə mentalitet məsələləri
mütləq nəzərə alınır. Ölkəmizdə Avropanın çəkdiyi film
çəkilə bilməz. Bu gün kino
daha çox kommersiya deməkdir, sənət qıraqda
qalıb. Bir müddət əvvəl bizdə
komediyalar çəkildi və sonra insanlar yoruldu artıq.
Eyni aktyorlar bu filmdən o filmə keçdi,
ancaq tamaşaçı yenilik görmədi. Cəmiyyətin zövqünü
formalaşdırmaq lazımdır. Kino
birinci növbədə ədəbiyyatdır. Ədəbiyyatın inkişafı, gözəl əsərlərin
yaranması kinoya böyük təkan olar. Əfsuslar olsun ki, dünyada kino siyasət və
kommersiya alətinə çevrilib. İnanıram
ki, Azərbaycan kinosunun gələcək inkişafı özəl
kinoda olacaq.
– Filmlərimizlə
bağlı maraqlı xatirələriniz də var yəqin..
– Əlbəttə var. “Alma almaya bənzər” filmindəki almaların əksəriyyəti rekvizitdir, alma deyil. Rəhmətlik Mais Ağabəyovla Moskvada fabrikdə butafor sifariş vermişdik. Bir qismini Ukraynanın “Dovjenko” studiyasından gətirmişdik. “Yuxu” filmi çəkilib neçə illər “Mosfilm”də qalmışdı. O vaxt mən “Azərkinovideo” rəhbərliyinin göstərişi ilə gedib filmi çap edib Bakıya gətirdim. Rəşid Behbudovla “1001 qastrol” filminin çəkilişi ilə bağlı çoxlu unudulmaz xatirələrim var. Xoşbəxt insanam ki, məşhur sənətkarlarla çalışmışam.
– Ən bahalı filminiz hansı olub?
– Sovet dövründə ən bahalı filmim
“Qorxma, mən səninləyəm!” (1981) olub. İkiseriyalı filmin
büdcəsi 550 min rubl idi. O dövr üçün
böyük məbləğ idi. Müstəqillik
dövründə direktoru olduğum filmlərə gəldikdə
isə, “Dolu” filmini (2012) qeyd edə bilərəm: 1 milyon 300
min manat. Elə olub ki,
bir vaxtda iki filmə məni direktor təyin ediblər.
Bu da rejissorların istəyi ilə olub.
– Pulu
çatmayan filminiz olubmu?
– Olub.
Hüseyn Mehdiyevin “Məkanın melodiyası” filminə
ayrılan vəsait az idi, dedim ki, pul
çatmır. Filmin istehsalına başlamazdan əvvəl
peşəkar direktor düz hesablama aparmalıdır. Ssenarini oxuyursan və bilirsən ki, nə qədər
pul lazım olacaq.
– 70 yaşınız tamam oldu. Kinoya bağlı bir ömür yaşamışınız...
– Rejissor olmaq arzusu ilə kinoya gəlib
film direktoru oldum. 50 ildən artıqdır ki, bu işdə
çalışıram. Hazırda həm
də Mədəniyyət və İncəsənət
Universitetində dərs deyirəm.
–
Yubileyiniz münasibətilə sizi təbrik edir,
cansağlığı, uğurlar arzulayırıq.
– Sağ
olun, mən də göstərdiyiniz diqqətə görə
təşəkkür edirəm.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 26
avqust.- S.5.